Məhkəmə qərarları › İş №3(001)-4973/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4973/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4973/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X3, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra AYNA) nümayəndəsi X1 iştirakı ilə, X3 AYNA-ın xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X6 məhkəməyə müraciət edərək, AYNA-ın xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin mənzilin birbaşa Ə.Naxçıvani küçəsinə çıxışı vardır. **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ” markalı avtomobil 14 aprel 2024-cü il tarixli etibarnamə əsasında onun istifadəsindədir. 24 avqust 2024-cü ildə ona sms gəlmişdir ki, sözügedən mənzilin 7-8 metrliyində park etdiyi **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ” markalı avtomobil AYNA tərəfindən AR İXM-in 346-1.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir. Həmin smsdə protokolun nömrəsi AYN0619405 göstərilmiş, qərarlı yazılsa da, qərar ona göndərilməmişdir. Halbuki, 24 saat ərzində qərar vətəndaşa göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə görə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Şikayətə əlavə etdiyi qeydiyyat yeri barədə sənəddən görünür ki, o, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 44, mənzil 18-də qeydiyyatdadır və həmin mənzildən avtomobilin saxlanıldığı 20549 saylı parklanma ərazisi arasındakı məsafə 7-8 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi” Qaydalarının: 1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar. 1.3.2. pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılmasıdır. “Yol hərəkəti haqqında” AR Qanunun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. O, yolun kənarında olan Ə.Naxçıvani küçəsi 44, mənzil 18-də qeydiyyatda olduğundan və cəriməni yazan şəxs avtomobilin onun istifadəsində olduğunu və həmin ərazidə qeydiyyatda olduğunu sistemdə gördüyündən həmin cəriməni yazmağa ixtiyarı yox idi. Bundan başqa İXM-in 122.1. maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müvafıq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibatı tənbeh verinə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Eyni Məcəllənin 122.5-ci maddəsinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 124.6-cı maddəsinə görə bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 125.2.1-ci maddəyə görə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. 125.2.2-ci maddəyə görə eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Göründüyü kimi, AYNA inzibati xəta protokolun nömrəsini göstərsə də, qərarın tarixini,nömrəsini göstərməmiş, ümumiyyətlə qərar barədə məlumat və qərarın özünü göndərməmişdir. Halbuki, bu qərar qəbul edilməli, qərarın nömrəsi və tarixi olmalı, qərarın özü vətəndaşa təqdim edilməlidir. Qeyd olunanlara əsasən AYNA-ın xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş AYNA-ın nümayəndəsi X2 şikayətə dair yazılı etiraz təqdim edərək (işə əlavə edilmişdir) bildirmişdir ki, X6 başqa ünvanda qeydiyyatdadır, avtomobili etibarnamə əsasında sürür və onun fərdi parklanma talonu yoxdur. Odur ki, X6 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməsini və qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, AYNA-ın xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında AYN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ minik” markalı avtomobilin istifadəçisi X6 Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir ondan ötrü ki, Binəqədi rayonu Əcəmi Naxçıvani – 20549 ünvanda nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmamışdır. X3 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ünvan 4 ünvanda qeydiyyatdadır. ünvan 5189 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ minik” markalı avtomobilin mülkiyyətçisi İ.V.Əliyeva həmin avtomobili idarə etmək səlahiyyətini X5 vermişdir. Etibarnamə xx.xx.2027-ci il saat 23:59-dək qüvvədədir. Şikayət verən tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, **- MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ minik” markalı avtomobilin park edildiyi 20549 saylı parklanma ərazisi ilə X3 qeydiyyatda olmaqla yaşadığı Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 44, mənzil 18 ünvan arasındakı məsafə təxminən 10-15 metrdir. Yolun kənarında yerləşən həmin mənzildən küçəyə çıxış da vardır. Beləliklə təsvir olunanlardan mübahisəsiz qaydada görünür ki, şikayət verən X6 **- MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ minik” markalı avtomobilin istifadəçisidir və o, ünvan 4 ünvanda qeydiyyatdadır. Belə olan halda aydın olur ki, qərarından şikayət verilmiş AYNA-ın şikayət verən X3 başqa ünvanda qeydiyyatda olmasına dair etirazı əsassızdır. X4 avtomobili etibarnamə əsasında idarə etməsi ilə bağlı dəlili də əsassızdır. Çünki, Azərbaycan Respublikası İXMin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti elə nəqliyyat vasitəsinin istifadəçisidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın: 1.3.1-ci yarımbəndinə görə parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalardır. 1.3.2-ci yarımbəndinə görə pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılmasıdır. Belə olan halda aydın olur ki, normativ hüquqi aktla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı) parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binaların sakinlərinə rezervasiya edilmədən parklanma yerindən ödənişsiz istifadə imkanı yaradılmışdır. Konkret halda şikayət verən X6 20549 saylı parklanma ərazisindən təxminən 10-15 mert aralıda yerləşən ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşadığından onun rezervasiya etmədən həmin parklanma yerindən ödənişsiz istifadə hüququ vardır. Ona görə də məhkəmə şikayətin - cərimə tətbiq edilməzdən öncə avtomobilin istifadəçisinin həmin ərazidə qeydiyyatda olub-olmadığının sistem vasitəsilə yoxlanılmalı olduğuna dair dəlilini əsaslı hesab edir və qeyd edir ki, həmin məsələ ilə bağlı AYNA tərəfindən yoxlama aparılmamışdır. Əks halda inzibati tənbeh vermə haqqında qərarda X3 qeydiyyatda olduğu ünvan fərqli yazılmazdı. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ minik” markalı avtomobilin istifadəçisi X6 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu Əcəmi Naxçıvani – 20549 ünvanda həmin nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmamaqla hər hansı qayda pozuntusuna yol verməmişdir. Çünki, həmin parklanma ərazisini onun qeydiyyatda olmaqla yaşadığı mənzilin 10-15 mertliyində yerləşir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar ona rezervasiya etmədən parklanma yerindən ödənişsiz istifadə imkanı verir. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X3 AYNA-ın xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar