Məhkəmə qərarları › İş №3(001)-4974/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4974/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4974/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, X3 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X8 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə, saat 19:30 radələrində idarə etdiyi “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt köməkçi yolunda 40-50 km/saat sürətlə hərəkətdə olarkən “X11” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkət zolağını dəyişərək onun hərəkətdə olduğu zolağa keçməyə çalışmışdır. Bu zaman “X11” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün idarə etdiyi “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaması üçün avtobusu qaçırtmaq istəyərkən yolun kənarındakı maneəyə dəymişdir. Hadisə nəticəsində avtobusa maddi zərər dəymişdir. “X11” markalı avtomobilin sürücüsü də dayanaraq yanına gəlmiş, üzrxahlıq etmiş, bilmədən qaydanı pozduğunu bildirmişdir. Bunu həmin vaxt avtobusda əyləşmiş sərnişinlər də görmüşlər. Bir neçə dəqiqə sonra hadisə yerinə “X11” markalı avtomobilin sürücüsünün əmisi oğlu kimi özünü təqdim edən mülki geyimli şəxs gəlmiş və araşdırmaya müdaxilə etməyə başlamışdır. Hadisədən bir neçə gün sonra ona SMS bildiriş gəlmişdir. Həmin bildirişdə onun barəsində protokol əsasında qərar qəbul edildiyi qeyd edilmişdir. Həmin qərarı xx.xx.2024-cü ildə əldə etmişdir. Binəqədi rayon DYPŞ-in inspektoru X2 xx.xx.2024-cü il tarixli qərarına əsasən o, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Bakı-Sumqayıt köməkçi yolunda “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks itiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab etdiyindən məhkəməyə şikayət vermişdir. Belə ki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Bakı şəhəri Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis leytenantı X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə çağırış əsasında Bakı-Sumqayıt köməkçi yolunun Binəqədi rayon ərazisindən keçən hissəsində getmişdir. Əraziyə çatanda yol-nəqliyyat hadisəsinin baş verdiyinin şahidi olmuşdur. Belə ki, “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolları ayıran maneəyə dəymişdir. Hadisənin videogörüntüsünə baxdıqda “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirərək yolayrıcındakı maneəyə dəydiyini müəyyən etmişdir. Bu zaman onun qarşısına “X11” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxması görüntüdə görünməmişdir. “X5” markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8 barəsində əks itiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. X1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər hadisə yerində, istərsə də sonradan onun işinə heç kim müdaxilə etməmiş, qərarı qəbul edərkən hadisənin videogörüntüsünə əsaslanmışdır. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü ildə, saat 19:30 radələrində Bakı-Sumqayıt köməkçi yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsündən görünür ki, “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə dəyir. Görüntüdə onun qarşısına “X11” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin çıxması görünmür. Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, “X5” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 19:20-da həmin avtobusla Bakı-Sumqayıt köməkçi yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinin birinci hissəsinin birinci bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. 42-ci maddəsinin birinci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şikayət verən X8 ona istinad edilən inzibati xətanı törətmədiyini bildirib sübutlarını təqdim etməsi üçün məhkəmədən bir neçə dəfə vaxt istəmiş, lazımı şərait yaradılmasına baxmayaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə şikayət verən X3 izahatını özünümüdafiə etməsi kimi qiymətləndirib rədd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X3 Binəqədi RPİ-in DYPŞin inzibati tənbeh vermə haqqında 22 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X3 Binəqədi RPİ-in DYPŞ-in inzibati tənbeh vermə haqqında 22 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar