Məhkəmə qərarları › İş №3(001)-4974/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4974/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4974/2025 09.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis leytenantı X4 izahat verərək bildirmişdir ki, X1 RPİ-nin 43-cü PB-yə müraciət edərək, bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, DSK yolunda yerləşən kafeyə gəldikdə oradan 01 ədəd ətçəkən maşın, 01 ədəd “Coca Cola” içkisi, 03 ədəd “Bizon” markalı içkinin oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də araşdırılma aparılmış və araşdırma nəticəsində xx.xx.2025ci il tarixdə cinayət işinin başlanılmasının rədd ediləməsi haqqında qərar qəbul edilmiş, əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə araşdırma aparılması qərarı surəti ona təqdim edilmişdir. Şəxs izahatı alınarkən törətdiyi oğurluq əməlini etiraf etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında yaşadığı ərazidə yerləşən “Tovuz” adlı kafeyə hasarı aşaraq daxil olmuş, həmin kafedən ətçəkən maşın, “Coca-cola” və “Bizon” içkilərini götürüb, çıxmışdır. O, ətçəkən maşını yaşadığı evə aparmış, içkiləri özü istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onu yaşadığı evdən polis bölməsinə aparmışdır. O, polis bölməsində törətdiyi əməli etiraf etmişdir. Hazırda əməlindən peşmandır, həmçinin zərərçəkmiş şəxs X7 ilə barışıq əldə etmiş və dəymiş zərəri ödəmişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, “DSK yolu” adlanan ərazidə yerləşən “Tovuz” adlı kafeni o, işlədir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında kafeyə gəldikdə oradan 01 ədəd 46 manat dəyərində ətçəkən maşın, 01 ədəd dəyəri 01 manat olan “Coca-cola” içkisi və 03 ədəd dəyəri 03 manat olan “Bizon” içkisinin oğurlandığını aşkar etmişdir. Kafedən oğurlanmış malların ümumi dəyəri 50 manat olmuşdur. Hazırda kafedən oğurluq əməlini törətmiş Şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona görə də, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X5 oğurluq əməli nəticəsində ümumilikdə 50 (əlli) manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, AZA 009577 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2025-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş, 09 iyul 2025-ci il tarixdə tarixdə saat 15:40-da azad edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpus ünvanında yerləşən “Tovuz” kafesindən 01 ədəd ətçəkən maşın, 01 ədəd “Coca-cola”, 03 ədəd “Bizon” içkisi oğurlayaraq zərərçəkmiş şəxsə 50 manat maddi ziyan vurmuş, nəticədə İXMin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs xırda talama, yəni oğurlama yolu ilə X5 50 (əlli) manat məbləğində maddi ziyan vurmaqla sonuncunun əmlakını talaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən oğurlama yolu ilə vurulmuş maddi ziyanı tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs oğurlama yolu ilə X5 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİnin 43-cü PB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar