Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4975/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, «QAZ 3302» markalı, **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 14835723 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və xx.xx.2023-cü il tarixli, EQ 14835723 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə «QAZ 3302» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14835723 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla təyin olunmuş 50 (əlli) manat cərimə məbləğinin üzərində 30 (otuz) manat dəbbə pulu hesablanaraq ümumi cərimə borcu 80 (səksən) manat təşkil etmişdir. X1 Ödəniş Portalı çıxarışından görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, EQ 14835723 nömrəli inzibati xəta haqqında protokol üzrə müəyyən edilmiş cərimə və ona əlavə edilmiş dəbbə pulu artıq ödənilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsi ilə bağlı qəbul edilmişdir. İXMin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara deyil, İXM-in 36-cı fəslində olan “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar”a aiddir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14835723 nömrəli inzibati xəta haqqında protokol üzrə müəyyən edilmiş cərimə və ona əlavə edilmiş dəbbə pulu artıq ödənilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-4975/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4975/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver