Məhkəmə qərarları › İş №3(001)-4975/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4975/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4975/2025 09.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-7338/2017 nömrəli icra sənədinə əsasən, iddiaçı X5 məxsus olan “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs Ağamirzə oğlu və X1 alınaraq iddiaçıya qaytarılmalıdır. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədi üzrə cavabdeh Şəxs tərəfindən məhkəmənin qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-7338/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası məqsədilə sözügedən avtomobil barəsində Baş Dövlət Yol Polisi İdarəsinə sorğular verilmiş, avtomobil barəsində axtarış elan edilərək tapıldıqdan sonra duracağa yerləşdirilməsi qərar alınsa da, bu istiqamətdə heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. X2 bu günədək icra sənədini icra etməmişdir.Bu səbəbdən, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, cavabdeh Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil tələbkar X4 mülkiyyətində olmuş və avtomobil alqı-satqı müqaviləsi əsasında satılmışdır. O, avtomobilin ona qaytarılması ilə bağlı iddia ərizəsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin avtomobilin mülkiyyətçisi olmadığı üçün tələbi rədd edilmişdir. Hazırda avtomobilin yerini bilmir, avtomobil onda olmadığından qərarın icrasını təmin edə bilmir və maddi imkanı olmadığı üçün avtomobilin ödənişini tələbkara edə bilmir. O həmin avtomobili etibarnamə əsasında 3000 manata almış, daha sonra isə 2 ay idarə etmiş, 2 ay müddətində avtomobilin aylıq kreditini ödəmiş, 2 ay keçdikdən sonra o da etibarnamə əsasında həmin avtomobili 2000 manata digər şəxsə satmışdır. Həmin avtomobili o da 2000 manata məhz etibarnamə əsasında başqa şəxsə satmışdır. Tələbkarla razılığa gəlmək istəsə də, tələbkar ondan 15000 manat pul istəyir. Qeyd etdiyi kimi, avtomobil kreditdə olduğundan həmin avtomobil üçün 3000 manat Sərxan Qəhrəmanova ödəniş etmişdir. Hazırda da avtomobil tələbkarın mülkiyyətindədir. Göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-7338/2017 nömrəli icra sənədindən görünür ki, iddiaçı X5 məxsus olan “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs Ağamirzə oğlu və X1 alınaraq iddiaçıya qaytarılmalıdır. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Sözügedən bildiriş Şəxs imzalanmaqla qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3633/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 2(001)-7338/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs Ağamirzə oğlu barəsində axtarış elan edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil X4 adından xx.xx.2013-cü il tarixdən qeydiyyatdadır. Sözügedən avtomobilin hazırda qüvvədə olan etibarnamə ilə idarə edilməsi barədə DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 məxsus olan “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və tapıldıqdan sonra duracağa yerləşdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 məxsus olan “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və tapıldıqdan sonra duracağa yerləşdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-7338/2017 nömrəli icra sənədi üzrə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-7338/2017 nömrəli icra sənədinə əsasən, iddiaçı X5 məxsus olan “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Şəxs Ağamirzə oğlu və X1 alınaraq iddiaçıya qaytarılmalıdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına xx.xx.2013-cü il tarixdən qeydiyyatdadır. Sözügedən avtomobilin hazırda qüvvədə olan etibarnamə ilə idarə edilməsi barədə DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Göründüyü kimi, icra sənədi üzrə predmet “Kia Rio” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs Ağamirzə oğlunun mülkiyyətində və istifadəsində deyil və avtomobilin yeri barədə məlumatı yoxdur. Bundan başqa iş materiallarından görünür ki, borclu Şəxs Ağamirzə oğlu barəsində xx.xx.2025-ci il tarixli qərarla axtarış elan edilmiş, borclunun izahatı alınaraq barəsində birbaşa inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, icra məmuru tərəfindən icra sənədinin icra olunmağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, borclunun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmamış, izahatı alınmış və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki inzibati xəta haqqında işə baxılan zaman isə borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərininin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmədi. Bu səbəbdən məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar