Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4977/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3495782X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29002901 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ 29002901 saylı qərara görə, AR İXM-in 327.1-ci maddəsinə əsasən qəbul edilmiş inzibati xəta haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində səhər 08:00 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı 90GH894 dövlət nömrə nişanlı avtomobillə S.S.Axundov küçəsi ilə Şövkət Məmmədova küçəsi istiqamətinə işıqforun sağa dönmə nişanına uyğun olaraq hərəkətdə olarkən “gizli” kamera görüntülərinə əsasən avtomobilin arxa hissəsindən foto-video çəkiliş ilə orta zolaqla hərəkət edib sağ dönmə yol nəqliyyat pozuntusu kimi qeydə alınaraq avtomatik rejimdə barəsində İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin ərazidə yaşadığı üçün artıq 10 ilə yaxındır ki, S S.Axundov küçəsindən Şövkət Məmmədova küçəsinə işıqforun daimi yaşıl sağa dönmə işığına əsasən sürücülər yalnız piyadaları gözləməklə yollarına davam edirlər. Lakin, həmin ərazidə xeyli şadlıq sarayı, iaşə obyektləri olduğu üçün tez-tez sıxlıq və hətta restorana gələnlərin yolun sağ və sola hərəkət hissələrində avtomobillərini park etməsini görmək mümkündür. Xüsusilə, Şahənşah kimi şadlıq sarayının qarşısında olan qanunsuz parklanma avtomobil sürücülərinin, hətta piyadaların belə hərəkətini “Çin səddi" kimi keçilməz edir Ancaq, nədənsə səlahiyyətli qurumlar bu xaotik vəziyyət və özbaşına parklanma ilə bağlı əməli, inzibatı və profilaktiki tədbir görmür. Bura kimi qeydləri həmin ərazinin qısa portretinə görədir. O ki, qaldı onun yol verdiyim pozuntunun qeydə alınması tamamilə əsassız və avtomotik rejimdə fiksə edilsə də qərəzli hesab edir. Əksər hallarda, yolun sağ çiyinində avtomobillərin park etməsi və qısa müddətə dayanması səbəbindən sürücülər əksər hallarda digər sürücülərə maneə yaratmadan məcburi əyləcləmə və ani qəzalar baş verməsin deyə cuzi olaraq sağdan sola doğru meyllənmə olur. Bəzən də nişanlanma xətlərinin görünməməsı, sürücülərin bir-birinə yol verməməsi səbəbindən sağa dönmək istəyərkən istəmədən digər zolaqdan 2-3 saniyəlik isitfadə etməli olursan. Ən əsası, Bakı şəhərində olan əksər küçələr kimi həmin küçədə də yol nişan xətləri silindiyi üçün nəinki qırıq xətləri, heç düz və qoşa xətləri belə görmək mümkün olmur. Foto qeyddən də göründüyü kimi, yol nişan xətləri tamamilə silinib və çətinliklə görmək olur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ29002901 saylı qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 08:16-da S.S.Axundov küçəsi ilə Şövkət Məmmədova küçəsi istiqamətində “Hyundai Santafe” markalı 90GH894 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yol nişanlarının tələblərinə riayət edilməməsi) törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəməyə təqdim olunmuş videogörüntü ilə müəyyən edilir ki, sürücü S.S.Axundov küçəsindən Şövkət Məmmədova küçəsinə doğru hərəkət edərkən sağa dönmək üçün müəyyən edilmiş xüsusi zolaq mövcud olduğu və yol nişanlama xətləri aydın göründüyü halda, bu zolaqdan istifadə etməmiş, əvəzində orta hərəkət zolağından manevr edərək sağa dönmüşdür. Bu hərəkət isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olmuşdur. Şikayətçinin yolun sağ zolağında qanunsuz parklama səbəbindən hərəkətin mümkünsüz olduğu və yol nişanlama xətlərinin görünmədiyi barədə iddiaları tədqiq edilmiş video-görüntülərlə təkzib olunur, belə ki, cəmi 14 saniyəlik müşahidə müddətində 5 avtomobilin sağ zolaqla maneəsiz şəkildə hərəkət edərək sağa döndüyü aydın görünür. Bu fakt göstərir ki, yolun sağ hissəsində qeyd edildiyi kimi keçilməz parklanma və ya fiziki maneə olmamış, əksinə, digər sürücülər hər hansı çətinlik çəkmədən müəyyən edilmiş trayektoriya üzrə hərəkət etmişlər. Eyni zamanda qeyd edilməlidir, inzibati xəta səhər saat 08:16-da qeydə alınmışdır və bu zaman ictimai iaşə obyektlərinin, xüsusən də şadlıq saraylarının fəaliyyəti, adətən, ya ümumiyyətlə başlamır, ya da çox zəif olur. Real yol şəraiti və günün vaxtı baxımından belə obyektlərin qarşısında nəqliyyat sıxlığının və parklanma probleminin olması məntiqə uyğun gəlmir. Bu səbəbdən, pozuntu yerində avtomobil hərəkətinə maneə yaradan hallar mövcud olmadığı halda, sürücünün orta zolaqdan istifadə edərək sağa dönməsi zərurət halı kimi qiymətləndirilə bilməz. Bundan əlavə, videoda yol nişanlama xətləri də aydın şəkildə seçilir, bu isə sürücünün “xətlər silinib, görünmür” izahatını da əsassız edir. Bu baxımdan, şikayəçinin irəli sürdüyü arqumentlər sübuta yetirilmədiyindən və obyektiv vəziyyətlə ziddiyyət təşkil etdiyindən, məhkəmə tərəfindən məsuliyyətdən yayınmağa yönəlmiş izahatlar kimi qiymətləndirilir və xx.xx.2025-ci il tarixli EQ 29002901 nömrəli qərarın ləğv edilməsi üçün əsas hesab edilmir. Buna görə də tətbiq edilmiş inzibati məsuliyyət tədbiri qanuna və konkret hadisənin hüquqi xarakterinə uyğun hesab olunur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, əgər şikayət verən hesab edirsə ki, həmin ərazidə qanunsuz parklanma, nişan çatışmazlığı və ya hərəkətin təhlükəsizliyinə dair digər problemlər mövcuddur, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilər. Lakin bu hallar hazırki konkret pozuntunun orta zolaqdan icazəsiz sağa dönmənin mövcudluğunu və hüquqi nəticələrini dəyişmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29002901 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29002901 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4977/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4977/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver