Məhkəmə qərarları › İş №3(001)-4979/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4979/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4979/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol patrul əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi-Baksol yolundan yaşadığı Nizami rayonu, Qara Qarayev ünvanına gedən zaman yolun kənarında dostunun polis əməkdaşları tərəfindən saxlanıldığını görərək idarə etdiyi nəqliyyat vasitəsini dostunun nəqliyyat vasitəsinin qarşısına çəkərək yerə düşmüçş və polis əməkdaşlarına yaxınlaşaq saxlanılan şəxsin dostu olduğunu bildirmişdir. Onlara yaxınlaşan zaman polis əməkdaşlarının ona nəqliyyat vasitəsinin cəriməsi olduğunu dostunun isə yüksək səslə buna etiraz etdiyini, dostunun qarın nahiyyəsi və qollarında kəsiklər və üzərinin qan ləkəsi olduğunu müəyyən etmişdir. Dostunun yanında bir qadın olmuş, həmin vaxt özünü xəstəxanaya aparmasını qadını isə yaşadığı yerə aparmasını xahiş etmişdir. Dostu və yanındakı qadın ona məxsus nəqliyyat vasitəsinə əyləşmiş, 200 metr irəlilədikdən sonra svetaforda yol polisləri idarə etdikləri nəqliyyat vasitəsi ilə soldan ona tərəf yaxınlaşaraq saxlamısını tələb etmiş, dostu həmin vaxt qaçmış, qadın isə nəqliyyat vasitəsindən qaçmağa çalışmışdır. Dostunun axtarışda olduğunu əvvəlcədən bilməmişdir. Məhkəmədən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşı tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol patrul əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru X1 bildirmişdir ki, Niva markalı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün sürücü saxlanılmış, nəqliyyat vasitəsindən düşərək səs-küy yaratmış, özünə xəsarətlər yetirmişdir. Sonradan Namiq adlı şəxsin axtarışda olan şəxs olması müəyyən edilmiş və bölməyə aparılmasına çalışılsa da buna nail olmaq mümkün olmamışdır. Belə ki, Fərid adlı dostu gələrək Namiq və yanındakı qadının oradan qaçmasına kömək etmişdir. Fərid adlı şəxs onlara yaxınlaşan zaman Namiq polis əməkdaşlarını yüksək səslə təhqir edir, hədə-qorxu gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru polis serjantı X7 bildirmişdir ki, Niva markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılmış, dostu onlara yacınlaşaraq bir dəqiqəlik söz demək istədityini bildirmiş, bu zaman Namiq və yanındakı qadın qaçaraq Fəridin nəqliyyat vasitəsinə əyləşərək oradan uzaqlaşmışdırlar. Bir qədər irəlidə, təxminən 200-300 metr qaçdıqdan sonra saxlanılmışdırlar. Məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilən zaman içərisində 02 ədəd video müəyyən edilmişdir. Video çəkilin birində polisin idarə etdiyi nəqliyyat vasitəsinin bir nəfər kişi cinsinə mənsub şəxsi təqib etməsi, digər video çəkilişdə isə bir nəfər qadın cinsinə məxsus şəxsin “Namiq haradadır”, “Özümü kəsəcəm” deyə yüksək səslə qışqıraraq polis əməkdaşlarını həmin yerə topladığı müəyyən edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən özünün və şahidlərin ifadəsi ilə ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı onun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-ci il tarixindən, saat 22:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 03 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar