Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4985/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Keşişkənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndə sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidmətinin iki əməkdaşı polis leytenantı X2 və polis serjantı X4 iştirak edərək aparılmış araşdırma ilə bağlı zəruri izahatlar vermişlər. Hər iki əməkdaş eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, araşdırma müddətində şikayətçinin özü ilə dəfələrlə əlaqə saxlanılmış, şikayətçi özü də inzibati binaya yaxınlaşaraq zəruri məlumatlar əldə etmişdir. Araşdırma zamanı hüquqşünaslar tərəfindən baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsünə şikayətçinin özü tərəfindən verilmiş ifadələrlə birgə hüquqi qiymət verilmiş və yekdilliklə belə qənaətə gəlinmişdir ki, bu hadisədə “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Şikayətçi iddia edir ki, avtobus yolunda hərəkət etməyə icazə verilmədiyi halda ümumi istifadədə olan yolda hərəkət edən sürücü onun maşınını arxadan gələrək vurmuşdur, bu səbəbdən də təqsir ondadır. Lakin vətəndaşa dəfələrlə izah verilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş yolda hərəkət etdiyi üçün həmin sürücüyə cərimə və bal yazıla bilər, amma qanunun tələbləri şikayətçi tərəfindən pozulmuşdur. Belə ki, hazırki mübahisələndirilən yol nəqliyyat hadisəsində şikayətçi özündən sağda düz yolla hərəkətdə olan istənilən maşına yol verməli idi, çünki üstünlük o maşında olmuşdur. Bununla bağlı məhkəməyə zəruri video material da təqdim edilmişdir. Hava qaranlıq olduğundan ancaq işıqlandırma ilə hadisəni müəyyən etmək olur, lakin buna baxmayaraq birgə videoya baxılarsa hər şey aydın olacaqdır ki, səhv şikayətçidə olmuşdur. Sonda qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişlər.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Quba yolu istiqamətində idarə etdiyi **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə işığını yandırıb sağa manevr etmək istəmişdir. O, avtobus yoluna bitişik yolla hərəkətdə olmuşdur. Bu zaman arxadan avtobus yoluna daxil olan bir maşın onun yolu keçməsinə imkan vermədən arxadan onu vurmuşdur. Maşın icazə verilməyən ümumi istifadədə olan yola çıxmasına baxmayaraq, sağa dönmə işığına da məhəl qoymayaraq maşınını arxadan vurmuşdur. Amma buna baxmayaraq, bu hadisədə protokol onun barəsində tərtib edilmiş, təqsir də onda müəyyən edildiyindən yaranmış sığorta xərclərini sığorta şirkəti qarşılamamışdır. Maşını da bu səbəbdən hələ də təmir edilməmişdir. Sonda şikayətçi “Yol hərəkəti haqqında” Qanunun 5-ci əlavəsinə münasibətdə 1.11 nişanlanma xəttinə görə üstünlüyün onda olmasını nəzərə alaraq, məhkəmədən qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 (001)-6483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti əməkdaşları prosesdə iştirak etmədiyindən ziddiyyətli halları, xüsusilə manevr etmə qaydalarının şikayətçi tərəfindən pozulub-pozulmadığını konkret müəyyən etmək mümkün olmadığından iş əlavə araşdırılması üçün geri qaytarılmış, həmin qərardan verilmiş apellyasiya şikayətinə münasibətdə isə Bakı Apellyasiya Məhkəməsinin 3 (103)- 410/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə sübutetmə yükünün protokol tərtib edən səlahiyyətli dövlət orqanında olduğundan, onların isə prosesdə iştirak etməməsi və sübut təqdim etməməsi əsası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 (001)-6483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır.
5. DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 20:00-da Bakı Quba yolu ərazisində “Toyota Prius V-hibrid” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydalarını pozmuşdur.
6. DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə, şikayət vermiş şəxsi, DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidmətinin işi yenidən araşdıraraq qərar qəbul edən iki əməkdaşını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
8. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, mübahisələndirilən qərar üzrə səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmış və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri, yəni onun əks yola çıxmadan manevr etmə qaydalarını pozması halı sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında ifadə verərkən, X3 onu da bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığorta şirkəti təqsir onda müəyyən edildiyindən maşını təmir etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini əsaslandırsa da, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Şikayətçi öz müdafiəsini ancaq onunla əsaslandırmışdır ki, digər avtomobil icazə verilmədiyi halda ümumi istifadədə olan yolla hərəkət etmiş, o avtomobillə manevr üçün işığı yandırsa da, ona əhəmiyyət vermədən arxadan gələrək onun idarə etdiyi avtomobili vurmuşdur. Şikayətçi yolda üstünlüyün onda olmasını “Yol hərəkəti haqqında” Qanunun 5-ci əlavəsi, xüsusilə 1.11-ci nişanlanma xətti ilə əlaqələndirmişdir.
9. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
10. Belə ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Beləliklə, qanunvericiliyin tələbindən də müəyyən edilir ki, şikayətçi öz əsaslandırmasında haqlı olmamış, o, ümumi istfadədə olan yolda minik maşını və ya avtobus olmasından asılı olmayaraq hər bir halda sağ tərəfində hərəkətdə olan nəqliyyat vasitəsinə münasibətdə təhlükəsizlik tədbirlərini tam təmin etməklə manevr etməli idi. Nəzərə almaq lazımdır ki, inzibati xətalar qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati məsuliyyət yalnız əməldə inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda yaranır. Hazırkı yol-nəqliyyat hadisəsinə münasibətdə isə digər sürücünün əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova