Məhkəmə qərarları › İş №3(001)-4986/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4986/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4986/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333-1.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 333-1.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, Şəxs 10 iyul 2025-ci il tarixdə, saat 01:20-də Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində “Kia Rio” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə tərəfindən saxlanmışdır. Həmin avtomobil saxlandıqdan sonra sürücü Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilmiş və tibbi müayinəyə aparılmışdır. Tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində İXM-in 333-1.1 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bir neçə gün əvvəl tanımadığı şəxsdən narkotik vasitə marixuana alıb çəkmişdir. 10 iyul 2025-ci il tarixdə idarə etdiyi avtomobillə Binəqədi rayonu, X3 küçəsində hərəkətdə olarkən YPX inspektoru onu saxlamış, sərxoş vəziyyətdə olmasından şübhələndiyi üçün tibbi müayinədə keçirilmişdir. Tibbi müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi müəyyən edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılığını bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə idarə etdiyi “Kia Rio” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 333-1.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2025-ci il tarixli 1/1100 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş, tibbi müayinə nəticəsində THC (+), AMP (+) və PGB (+) aşkar edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır, lakin İXM-in 329.3-cü maddəsi ilə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə həvalə olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 329.3cü maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, iki və ya daha çox inzibati xəta törətmiş şəxs barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsinə dair qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə İXM-in 329.3-cü maddəsi ilə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə həvalə olunması qənaətinə gəlmişdir. İş materiallarından da göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi tibbi müayinə protokolu ilə sübuta yetirilmişdir. Həmçinin məhkəmədə narkotik vasitə qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etdiyini etiraf etmişdir. İXM-in 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalananlarla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılma növündə tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar