Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4992/2025 31.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi qardaşına məxsus “Hyundai Sonata” markalı 10TM666 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saat 00:36 radələrində 90YP104 dövlət qeydiyyat nişanlı YPX əməkdaşı tərəfindən Binəqədi rayonunun C.Xəndan küçəsində hərəkətdə olarkən saxlanılmışdır. YPX əməkdaşı ilkin olaraq nəqliyyat vasitəsinin səsboğucu və asqı sistemlərinə konstruktiv müdaxilə edildiyini əsas gətirərək avtomobili saxlamışdır. Həmin vaxt polis əməkdaşlarına sözügedən dəyişikliklərlə bağlı fotoşəkilləri, dəyişikliklərin hansı firma tərəfindən həyata keçirildiyini təsdiq edən sənədləri göstərmiş və 2 ildir bu vəziyyətdə nəqliyyat vasitəsini idarə olunduğunu bildirmişdir. Eyni zamanda nəqliyyat vasitəsinin sahibi olaraq qardaşı ilə telefon zəngi ilə danışdıqda qardaşı polis əməkdaşına “Hyundai Sonata” markalı nəqliyyat vasitəsində bu avadanlıqların istifadəsinə icazə verən müvafiq sənədlərin mövcud olduğunu bildirmiş və qanunvericiliklə nəzərdə tutulmuş normativ tələbləri pozmadığını demişdir. Lakin əgər bununla bağlı etiraz mövcuddursa qanunvericiliyə uyğun aktlaşdırma həyata keçirməsini və müayinə keçirilməsini xahiş etmişdir. Hətta polis əməkdaşı kobud şəkildə hərəkətinə irad olaraq maşını qanunsuz duracağa apara bilmərəm ki? - deyə sual verdikdə o, təmkinlə “Qanunamüvafiq istənilən tədbiri görə bilərsiniz, yoldaş inspektor” demiş və votsapla qardaşı da bununla bağlı səs göndərmişdir. Qeyd edir ki, bunun sübutları qardaşı ilə olan votsap mesajlarında mövcuddur. Bundan sonra Polis əməkdaşları avtomobilin duracağa təmin olunmalı olduğunu bildirdikdə, qardaşı müvafiq protokol tərtib edildikdən sonra avtomobilin duracağa aparılmasını xahiş etmişdir. Polis əməkdaşları duracağın qarşısında protokolun tərtib olunacağını bildirmiş və o da polislərlə razılaşaraq birlikdə duracağın qarşısına getmişdir. Duracağa çatdıqdan sonra bildirilmişdir ki, protokol tərtib edilərək aktlaşdırma aparılsın və o, avtomobili duracağa təhvil versin. Lakin, polis əməkdaşları razı olmayaraq onunla kobud danışmış, hədə-qorxu gəlmişlər. Ona verilmiş suallara cavab olaraq o sadəcə avtomobilinin qanunsuz olaraq duracağa aparıla bilməyəcəyini demiş, qanun çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən protokol tərtib edilməli olduğunu, əgər duracağa təmin olunacaqsa bununla bağlı qanunauyğun şəkildə aktlaşdırılmanın həyata keçirilməsini xahiş və tələb etmiş, bu aktlaşdırmadan sonra duracağa maşının təmin ediləcəyini bildirmişdir. Bundan sonra YPX əməkdaşı, protokol və akt tərtib etməyi tələb etdiyi üçün həmin əraziyə PPX əməkdaşlarını çağırmış və onu Binəqədi rayon Polis İdarəsinin 5 saylı Polis Bölməsinə aparmışdır. O, polisdən yalnız qanuni tələb etdiyini, hakimiyyət nümayəndəsinə qarşı səbrli və təmkinli davrandığını, əsassız ittihamlarla bölməyə aparılmağımın heç bir hüquqi əsasının olmadığını PPX əməkdaşlarına bildirmişdir. Ardıyca qardaşına zəng edərək heç bir əsas olmadan bölməyə aparıldığını, təzyiqlə üzləşdiyini, üzərində 15.000 manat civarında pul vəsaitinin olduğunu və bu səbəbdən çox qorxduğunu dedikdən sonra dərhal 102 qaynar xəttinə bu barədə qardaşı məlumat vermişdir. YPX inspektoru nəqliyyat vasitəsini protokol və qərar olmadan, habelə nəqliyyat vasitəsinin müvəqqəti mühafizə olunan duracağa təmin olunması ilə bağlı heç bir akt rəsmiləşdirmədən ona hədə-qorxu gələrək bölməyə aparılmağını təmin etməsi və barəsində 3 saat sonra AR İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.2.3-cü maddəsində nəzərdə tutulmuş tənbeh vermə haqqında qərar qəbul edilməsi zənnincə tam qanunsuzdur. Yuxarıda qeyd olunan işin faktiki halları və hüquq normalarının qarşılıqlı təhlili əməlində heç bir inzibati xəta tərkibinin olmamasını, YPX əməkdaşı tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğunu, buna görə də barəmdə qəbul olunmuş qanunsuz və əsassız qərarın ləğvinin zəruri olduğunu göstərir. Belə ki, YPX əməkdaşı guya mənim əməlimdə AR İXM 342.2.2-ci və 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etsə də, həmin pozuntunun nədən ibarət olmasını, hansı əlavə avadanlıqların maşına quraşdırılmasını göstərə bilməmiş, hansı normativ tələblərin pozulduğunu qeyd etməmişdir. Halbuki cinayət və inzibati xətalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş əsas prinsiplərdən biri olan təqsirsizlik prezumpsiyası prinsipinə əsasən səlahiyyətli şəxs və orqanlar əməldə inzibati xəta tərkibinin olmasını tam sübuta yetirməlidirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər öz təqsirsizliklərini sübuta yetirməli deyildirlər. Onun əməlində inzibati xəta tərkibinin olmaması, həmin pozuntunun sübuta yetirilməsini mümkünsüz etdiyindən, barəsində qanunsuz formada aparılmış icraata xitam verilməsi zərurəti yaranmışdır. Bundan əlavə YPX əməkdaşı nəinki ona AR İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməmiş, əksinə aktlaşdırma tələb etdiyi üçün polisə tabesizliklə ittiham edərək bölməyə aparılmağına səbəb olmuşdur. Hazırda Azərbaycan Respublikasının şəffaf və obyektiv məhkəmə sisteminə güvənərək ədalətin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Son olaraq isə, avtomobilində edilmiş dəyişikliklərlə bağlı rəsmi servis rəyləri mövcud olmaqla yanaşı, bu dəyişikliklər istehsalçı standartlarına uyğun şəkildə həyata keçirilmiş və texniki baxış zamanı heç bir qanun pozuntusuna səbəb olmamışdır. Həmçinin, təqdim etdiyi sertifikat və sənədlər sözügedən dəyişikliklərin qanuni əsaslarla aparıldığını və avtomobilin təhlükəsiz istismarına maneə yaratmadığını təsdiq edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon X5 Şöbəsinə məlumat verilsə də o, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə şikayətə Binəqədi rayon X5 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarından görünür ki, X2 “Hyundaı Sonata” markalı, 10TM666 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Ə.Rəcəbli küçəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. “Akay Auto” Servisi tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində verilmiş aktlardan görünür ki, “Hyundaı Sonata” markalı avtomobilə texniki baxış və tənzimləmə işləri aparılmışdır. Avtomobilin ön və arxa amortizator yayları sport yaylarla əvəz olunmuş, avtomobilin tam kütləsi və ağırlıq mərkəzi oxlar üzrə bərabər paylanılmış, dönmə bucaqları tənzimlənmişdir. Eyni zamanda, təkərlərin aparma bucaqları üzrə aparılan ölçmələr nəticəsində ön təkərlərdə toe, kamber və kaster bucaqları texniki norma daxilində uyğunlaşdırılmış, arxa təkərlərdə isə toe və kamber bucaqları xüsusilə sport tənzimləməyə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 təqdim etdiyi rəsmi servis sənədi və təkər bucaqları üzrə test hesabatı göstərir ki, avtomobilə yalnız ön və arxa amortizator yaylarının sport yaylarla əvəz olunması həyata keçirilmiş, bu dəyişiklik nəticəsində nəqliyyat vasitəsinin kütləsinin oxlar üzrə paylanması və dönmə bucaqları normativ tələblərə uyğun şəkildə tənzimlənmişdir, avtomobilə hər hansı qanunsuz müdaxilə edilməmiş, eləcə də dəyişiklik texniki təhlükəsizlik standartlarına zidd olmamışdır, buna görə də İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulan pozuntu tərkibi formalaşmamışdır. Ona görə məhkəmənin qənaətinə görə Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarı ləğv edilməli və inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi rayon X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh etmə haqqında qərar ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4992/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4992/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver