Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4993/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən İXP ******* qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Hadisə 13 mart 2025-ci il tarixində saat 19:15 radələrində Bakı, Quba yolunun ekologiya postuna yaxın ərazisində baş vermişdir. Belə ki, Hyundai markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü arxadan avtobus zolağı ilə sürətlə gələrək, qabağında kamera görməsin deyə qəfil sol tərəfə hərəkət edərək ona məxsus avtomobilin qabaq bufer hissəsindən xəsarət yetirərək buferi qopardaraq yararsız hala salmışdır. Təxminən ona 600 AZN maddi zərər vurmuşdur. Bu barədə o yol polisinə 102 xidməti vasitəsi ilə xəbər verdikdən sonra yol polisi hadisə yerinə gəlmiş və avtomobilə aid sənədləri ondan almış və ertəsi gün ekologiya postuna gəlməyini bildirmişdir. xx.xx.2025-ci il tarixində saat 11:00 radələrində hadisənin necə baş verməsi barəsində izahat verdikdən sonra avtomobilə aid sənədləri, yol patrul xidməti inspektoru polis baş serjantı Abbasov Elnur ona vermiş və bildirdi ki, hadisənin baş verməsi kimin təqsiri olduğu müəyyən edilmədiyi üçün iş ekspertizaya göndəriləcək. O, razılaşmayaraq kamera görüntülərinə baxmaq istədiyini bildirsə də, Elnur Abbasov buna qəti etiraz etmiş, kamera görüntüsünün olmadığını bildirmişdir. Hadisə zamanı o öz şəxsi telefonu ilə çəkdiyi foto şəkilləri Abbasov Elnura təqdim etsə də, həmin şəkillər işə əlavə edilməmişdir. Bildirmək istəyir ki, hadisəni törədən sürücünün avtomobilə aid sənədləri qaydasında deyildi, yol polisinə təqdim etdiyi sənədlərdə şəkili, adı və soyadı yox idi, avtomobil başqa adamın adına idi. Mən belə hesab edir ki, hadisə baş verdiyi yerdə onun çəkdiyi foto şəkillərdən görünür ki, YPX inspektoru Abbasov Elnur hansısa maddi maraq qarşılığında ədalətli qərar verməyərək təqdim etdiyim foto şəkilləri ekspertizaya təqdim etməmişdir. Çünki ekspert rəyində təqdim etdiyim foto şəkillər haqqında heç bir məlumat verilməmişdir. YPX inspektoru Abbasov Elnurun qanunazidd hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi təqdim etmiş, 11 aprel 2025-ci il tarixdə həmin idarə tərəfindən sms vasitəsi ilə müraciətin qeydə alınması barədə ona bildiriş gəlmişdir (3-13- 16/İ-T-71863 qeydiyyat nömrəsi) qanunla 15 gün ərzində müraciətə cavab verilməli olduğu halda 11 aprel 2025-ci il tarixində qeydə alınsa da, 24 iyun 2025-ci il tarixində öz təşəbbüsü ilə müraciətinə cavab almışdır. Cavab isə başdan ayağa yalan yazılmışdır. Onunla heç bir telefon əlaqəsi saxlanılmamışdır. Xahiş edir ki, Pərvin Səfərəliyev tərəfindən imzalanmış cavab məktubu dəqiqliklə məhkəmə tərəfindən araşdırılsın nə vaxt, hansı telefon nömrəsi ilə əlaqə yaradılıb, kiminlə əlaqə saxlanılıb və kim tərəfindən onunla əlaqə saxlanılıb. Və həmin şəxsin məhkəməyə dəvət edilsin verdiyi yalan məlumata görə qanun qarşısında cavab versin. Məhkəmədən xx.xx.2025-ci il tarixində baş vermiş hadisə ilə əlaqədar, xx.xx.2025-ci il qərara əsasən 40 AZN məbləğində yazılmış cərimənin silinməsi və həmin hadisə nəticəsində onun avtomobilinə dəymiş 600 AZN miqdarında maddi zərərin ödənilməsi cavabdeh tərəfin üzərinə qoyulmasını xahiş etmişdir.” Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 99VF341 nömrəli avtomobil avtobus yolunda hərəkət edirdi, törətdiyi inzibati xəta kameraya düşməsin deyə anidən sola manevr etmiş, həmin zaman da onun vurmuşdur. Əgər o həmin nəqliyyat vasitəsini arxa tərəfdən avtomobili ilə vursa idi, onun buferi geriyə doğru batardı, irəli doğru getməzdi. Faktiki olaraq onun çəkdiyi şəkildən də buferin önə tərəf gəlməyi görünür. Həmçinin iş materiallarına əlavə etdiyi Pərvin Səfərəliyev tərəfindən imzalanmış məktub da yalandır. Onunla heç kim əlaqə saxlamamış, o da heç kimə şikayətinin olmadığını bidirməmişdir. Həmin məktubda onun ünvanı belə səhv yazılmışdır. Sözügedən məktubu özü əlbəəl gedib idarədən götürmüşdür. Göstərdiklərinə əsasən, ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “SMS Radar” tətbiqindən çıxarışdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 19:15-də Bakı Quba yolunun Sumqayıt istiqamətində 8-ci kilometrində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 AZN cərimə edilmişdir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş foto-şəkillərdən görünür ki, 99DX346 avtomobilin ön buferi irəli doğru düşmüş, 99VF341 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ tərəfinin bir hissəsi avtobus zolağını digər zolaqdan ayıran xəttin üzərindədir. xx.xx.2025-ci il tarixli, 8/830 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert rəyinin “ilkin məlumatlar” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, “T.Yusubov Hyundai markalı avtomobili avtobus zolağından soldakı, yəni ikinci zolaqda düzünə idarə edərkən arxadan ona nəzərən onun solu ilə hərəkətdə olub sağa doğru manevr edən sürücü C.Tağıyevin idarə etdiyi “Opel” markalı avtomobil onun idarə etdiyi Hyundai markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.” Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, ekspert rəyində hadisənin baş vermə prosesi belə göstərilmişdir ki, T.Yusubov Hyundai markalı avtomobili avtobus zolağından soldakı, yəni ikinci zolaqda düzünə idarə edərkən arxadan ona nəzərən onun solu ilə hərəkətdə olub sağa doğru manevr edən sürücü C.Tağıyevin idarə etdiyi “Opel” markalı avtomobil onun idarə etdiyi Hyundai markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Halbuki, məhkəmə iclasında X3 99VF341 nömrəli nəqliyyat vasitəsinin sürücüsünün avtobus zolağından anidən sola dönərək onun buferini avtomobillə vurduğunu bildirmişdir. Göründüyü kimi, şikayətçi hadisənin baş vermə mexanizmini tamamilə müxtəlif şəkildə məhkəmə iclasında təsvir etmişdir. Hadisə əgər həmin şəraitdə baş vermişdirsə, bu zaman şikayət vermiş şəxsin hərəkətlərində yol hərəkəti qaydalarının pozulması istisna olunur. Nəzərə alınmalıdır ki, hadisə ilə bağlı məhkəməyə təqdim edilmiş tək sənəd ekspert rəyi olmuş, səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, hadisənin sxemi, tərəflərin ilkin izahatları, olduğu təqdirdə hadisənin video-görüntüləri və sair sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. İnzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, daha sonra xx.xx.2025-ci il tarixə təxirə salınmış hər iki məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, o cümlədən şikayətçinin ona göstərildiyini bildirdiyi video-görüntülərin məhkəməyə təqdim edilməsi barədə rəsmi bildiriş də göndərilmişdir. Lakin buna baxmayaraq, səlahiyyətli orqan qanunverici tərəfindən üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyərək, inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsi istiqamətində heç bir səy göstərməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4993/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4993/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver