Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4995/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Türkiyə Respublikası vətəndaşı X7 Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, müəyyən etdim: X8 şikayətlə məhkəmə müraciət edərək Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş qərarın onun Azərbaycan Respublikasına gəlmək hüququnun bir il müddətinə məhdudulaşdırılması hissəsində ləğv edilərək həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X8 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Verilmiş rəsmi təfsirdən göründüyü kimi inzibati tənbeh vermə haqqında qərardan şikayət 1) inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə 2) barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə məhkəməyə verilə bilər. İndiki halda şikayətə yaşayış yeri üzrə baxılma barədə vəsatət əlavə edilməmişdir. Buna görə də, X7 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə baxılmalıdır. İndiki halda şikayətə baxılmanın məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün ilk növbədə inzibati xətanın törədildiyi yer doğru olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış, Azərbaycan Respublikasına gəlmək hüququ 1 il müddətinə məhdudlaşdırılmış və 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsində inzibati xəta tərkibi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına görə müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsinin dispozisiyasından görünür ki, həmin inzibati xəta uzanan inzibati xətalara aiddir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Hazırki, iş üzrə şikayətçinin törətməkdə təqsirli bilindiyi İXM-nin 575.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta da sözügedən plenum qərarında göstərilən uzanan inzibati xətalara səciyyəvi olan xüsusiyyətlərə malilkdir. Belə ki, həmin inzibati xəta konkret məqamda, yəni əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olması və ya yaşaması anından başlayır və konkret bitmə məqamında, yəni subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Hazırki iş üzrə inzibati xətanın bitmə anı- X7 sənədlərinin Heydər Əliyev adına X4 yoxlanılması anıdır. Başqa sözlə, X1 müəyyən edilmiş öhdəlikləri pozması Heydər Əliyev adına X3 kənardan müdaxilə nəticəsində, yəni sənədlərinin yoxlanılması zamanı aşkar edilərək dayandırılmış, bununla da uzanan inzibati xəta başa çatmışdır. Göründüyü kimi, hazırki uzanan inzibatı xətanın başa çatdığı yer Heydər Əliyev adına X5. Uzanan inzibati xətanın törədildiyi yerin məhkəmə aidiyyəti ilə bağlı məsələlər İnzibati Xətalar Məcəlləsində tənzimlənməmişdir. Buna görə, məhkəmə uzanan inzibati xətalara dair məhkəmə aidiyyətinin müəyyən edilməsindən ötrü cinayət-prosessual qanunvericiliyin analogiya üzrə tətbiqi qənaətinə gəlir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Belə olan halda, uzanan inzibati xətanın da başa çatdığı yer onun törədildiyi yer hesab olunmalıdır. Odur ki, X8 tərəfindən törədilməsi istinad edilən inzibati xəta Heydər Əliyev adına X4 törədilmişdir. Həmin hava limanı isə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşir. Buna görə də, X2 tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət inzibati xətanın törədildiyi yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə verilməli idi. Beləliklə, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X7 barəsində Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 110-cu maddələrini və və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X7 barəsində Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinin inspektoru X2 tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4995/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4995/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver