Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5000/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs təsisçisi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 07 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 14040.00 Avro məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14040.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 20 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, **********7079 və **********0629nömrəli YGB-lər üzrə açıq qalan məbləğ 14639.34 ABŞ dollarıdır. Həmin YGB-lər üzrə müqavilə məlumatları avans ödənişinin təyinatı ilə eynilik təşkil etsə də, invoys məlumatları eynilik təşkil etmir. Bundan başqa, YGB-lər üzrə malların çatdırılma şərti 120 kodla rəsmiləşdirilmişdir. Ona görə də, Şəxs barəsində olan iş üzrə inzibati tənbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs təsisçisi X3 bildirmişdir ki, o, cəmiyyətin təsisçisidir. 14040 avro məbləğin ölkə xaricinə çıxarılması və geri qaytarılmaması ilə bağlı gömrük bəyannaməsini məhkəməyə təqdim etmişdir. Məsələ ilə bağlı cəmiyyətin işçisi səhv etmiş, 100 avans kodu əvəzinə yanlışlıqla 120 avans kodu qeyd etmişdir. Texniki səhvin aradan qaldırılması ilə bağlı müvəkkil banka müraciət ünvanlamaq və onlardan cavab almaq uzun bir prosesdir. Məhkəmədən işçi tərəfndən yol verilmiş texniki səhvi nəzərə alıb, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə “DELTA-GEO LLC” şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır.
5. xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 14040.00 Avro vəsaiti xarici köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə daxil olduğunu təstiqləyən sənədləri banka təqdim etməmişdir.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 07 iyul 2025ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 14040.00 Avro məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14040.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 20 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
7. Məhkəmə iş materiallarını, tərtib edilmiş edilmiş protokolla birgə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol əsaslıdır.
8. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs 14040.00 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bundan başqa, mövcud məbləğin avans kodu altında hər-hansı bir bəyannaməyə bağlılığının olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Təqdim edilən X1 müəyyən edilir ki, ölkəyə gətirilən mallar nisyə alqı-satqısı ilə bağlanan müqaviləyə bağlıdır. Lakin, Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokol birbaşa ödənişlə bağlanılan və ölkəyə idxalı nəzərdə tutulan malların alqı-satqısı ilə bağlıdır. Mövcud vəziyyətdə qeyd edilən hal üzrə texniki səhvliyin olub-olmaması məsələsini isə yalnız Dövlət Gümrük Komitəsi hüquqi şəxsin müraciəti ilə müəyyən edə və aradan qaldıra bilərdi. Belə olduğu halda məhkəmə bildirir ki, hüquqi şəxs tərəfindən həm məhkəməyə, həm də Mərkəzi Banka tədim edilən YGB-ni mötəbər sübut kimi qəbul edilməsi qeyri-mümkündür.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-in 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, vasitəçiliklə bağlı işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilənin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.
11. İş materialları araşdırılarkən tərəflər arasında vasitəçilik münasibətlərini müəyyən etmək mümkün olmamış, tərəflər arasında ancaq malların alınması nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu vəziyyətdə məhkəmənin vəzifəsi həmin müqavilə üzrə malların ölkəyə idxal olunub-olunmamasını və ya pul vəsaitinin geri qaytarılıbqaytarılmamasını yoxlamaqdır ki, təqdim edilmiş sənədlərdən də bunu müəyyən etmək mümkün olmur.
12. Azərbaycan Respublikasının Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
13. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
14. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.
15. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi.
16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
17. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
18. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
20. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
21. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır.
22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14040.00 (on dörd min qırx) Avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 2808.00 (iki min səkkiz yüz səkkiz) Avro, yəni (Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 Avro – 1,9842 manat) 5571.63 (beş min beş yüz yetmiş bir manat altmış üç qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova