Məhkəmə qərarları › İş №3(001)-5011/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5011/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5011/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2, Müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 avqust 1982-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024cü ildə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində səsküy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in baş təhqiqatçısı polis kapitanı Əli Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü ildə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində səs-küy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in baş təhqiqatçısı polis kapitanı Əli Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Sahə inspektoru X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisənin bilavasitə şahidi olmamışdır. İnzibati xəta haqqında protokolu 5-ci PB-in baş təhqiqatçısı polis kapitanı Əli Əliyevin yazdığı raport əsasında tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən daşınmaz əmlakları vardır. Həmin əmlakın yerləşdiyi ərazi ilə bağlı adını xatırlamadığı tikinti şirkəti arasında məhkəmə mübahisələri gedir. Belə ki, tikinti şirkəti ona məxsus ərazidə tikinti işləri aparmaq istəyir, o isə əmlak hüquqlarını müdafiə edir. Tikinti şirkəti müvəqqəti təminat tədbiri kimi onun həmin əraziyə buraxılmasını qadağan edən qərardad qəbul edilməsinə nail olsa da, həmin qərardad yuxarı məhkəmədə ləğv edilmiş, bununda da mübahisəli ərazi üzərində əmlak hüquqlarını bir daha öz təsdiqi tapmışdır. Buna baxmayaraq tikinti şirkəti xx.xx.2024-cü ildə günorta saatlarında mübahisəli ərazidə ağır texnikanın iştirakı ilə söküntü işləri aparmağa başlamış, nəticədə tikilinin divarı orada işləyən yaxın qohumunun üzərinə düşmüşdür. Yerdə huşsuz vəziyyətdə qalan şəxsin köməyinə gəlmiş, TTY çağırmaqla 102 zəng xidmətinə məlumat vermişdir. Eyni zamanda baş verən prosesləri mobil telefonla qeydə almışdır. Hadisə yerinə məhz onun müraciəti əsasında 5-ci PB-in təhqiqatçısı Əli Əliyev gəlmişdir. Ona yerində baş verənləri izah etdikdən sonra birlikdə 5-ci PB-yə gəlmişlər. Orada ondan izahat alıb, hadisədə təqsirli olan şəxslərin məsuliyyətə cəlb ediləcəyini gözləsə də, əksinə olmuş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə əvvəlcə tutma haqqında, sonra inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Halbuki, o heç bir inzibati xəta törətməmiş, polisi hadisə yerinə məhz özü 102 zəng xidmətinə müraciət edərək çağırmışdır. Hesab edir ki, onun barəsində əsassız protokol tərtib edilməsinin arxasında tikinti aparmaq istəyən şirkətin sahibləri dayanır. Bu yolla onu ərazidən kənarlaşdırıb qanuni sahibliyində olan ərazini ələ keçirmək məqsədi güdürlər. Əks halda onun barəsində bir neçə gün öncə oxşar əsaslarla inzibati xəta haqqında protokol tərtib edilməzdi.Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in 5-ci PB-in baş təhqiqatçısı polis kapitanı Əli Əliyevin yazdığı xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində səs-küy salaraq xırda xuliqanlıq etmiş, hadisə yerinə gəlmiş Binəqədi RPİ-in 5-ci PB-in baş təhqiqatçısı polis kapitanı Əli Əliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. İşdən görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan sənədləri məhkəməyə göndərərkən inzibati xəta hadisəsi və inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinə inzibati xəta hadisəsi və inzibati xəta törətməkdə şəxsin təqsirini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən xırda xuliqanlıq törədilməsi və polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar