Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5012/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X1 və X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, Həsrət Ağamalıyev küçəsi, ev 10, mənzil 25, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 90.000 (doxsan min) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 82.740 (səksən iki min yeddi yüz qırx) Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, qabaqcadan 90.000 avro məbləğində ödəniş aparılmaqla alınmış malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannamələri mövcuddur. Həmin bəyannamələrdəki məlumatlarda uyğunsuzluq olsada, inzibati məsuliyyətə cəlb olunmaya səbəb olacaq hərəkət yoxdur. Qeyd edilən səbəblərdən inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 digər nümayəndə ilə oxşar izahat verərək, inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Alıcı Şəxs MMC və satıcı “SW X10 Ticaret Anonim Şirketi” arasında bağlanmış xx.xx.2022-ci il tarixli SW-0309-001 nömrəli müqavilədən görünür ki, alıcı Satıcı Müqavilənin ayrılmaz hissəsi olan əlavəyə (əlavələrə) və ya hesab-fakturaya əlavə ediləcək Malları (bundan sonra “mallar” adlanacaq) Alıcıya satır. Çatdırılma şərtləri və çatdırılma müddəti əlavədə (əlavələrdə) və ya proforma-fakturada göstəriləcəkdir. X3 (POF) göstərilən kəmiyyət, keyfiyyət və çeşiddə təchiz edilən malları bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada qəbul edir və ödəyir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 90.000 (doxsan min) Avro məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 90.000 (doxsan min) Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 82.740 (səksən iki min yeddi yüz qırx) Avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli, **********4347 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SW X10 Ticaret Anonim Şirketi”ndən Şəxs MMC-nin ünvanına göndərilmiş malların invoys dəyəri 18.330 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, **********9331 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SW X10 Ticaret Anonim Şirketi”ndən Şəxs MMC-nin ünvanına göndərilmiş malların invoys dəyəri 46.010 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, **********9945 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SW X10 Ticaret Anonim Şirketi”ndən Şəxs MMC-nin ünvanına göndərilmiş malların invoys dəyəri 6720 avro təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, **********2536 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SW X10 Ticaret Anonim Şirketi”ndən Şəxs MMC-nin ünvanına göndərilmiş malların invoys dəyəri 14490 avro təşkil etmişdir. xx.xx.2023-cü il tarixli **********4777 nömrəli gömrük bəyannaməsindən görünür ki, “SW X10 Ticaret Anonim Şirketi”ndən Şəxs MMC-nin ünvanına göndərilmiş malların invoys dəyəri 83.105 avro təşkil etmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində ölkəyə mallar idxal etmişlər. İdxal olunan malların ümumi dəyəri 83 105 (səksən üç min yüz beş) avro təşkil edir. Malların 16 225 avro dəyərində olan hissəsi SW 05092022 001 nömrəli xx.xx.2022 tarixli müqaviləyə, 66 880 avro dəyərində olan hissəsi isə SW 0309 001 nömrəli xx.xx.2022 tarixli müqaviləyə əsasən idxal olunmuşdur. Lakin gömrük bəyannaməsi tərtib edilərkən texniki səbəbdən bütün mal partiyası 05092022-001 nömrəli xx.xx.2022 ci il tarixli müqavilənin əsasında qeyd olunmuşdur. Bəyannamədə müvafiq düzəliş aparılaraq malların 66 880 avro hissəsinin SW 0309 001 nömrəli müqaviləyə istinadən idxal edildiyinin qeyd olunmasınn təmin edilməsi xahiş edilmişdir. Şəxs MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023 tarixində SW ENERJİ LOJİSTİK DİS TİCARET ANONİM SİRKETİ şirkətinin hesabına 21 340 (iyirmi bir min üç yüz qırx) avro məbləğində ödəniş həyata keçirilmişdir. Texniki səbəbdən ödənişin təyinat hissəsində PREPAYMENT (avans) qeyd olunmuşdur. Halbuki bu ödəniş YGB əsasında (**********2536,**********4408) həyata keçirilmiş ödənişdir (PAYMENT). Ödənişin təyinat hissəsində düzəliş edilərək PAYMENT olaraq nəzərə alınması üçün müvafiq dəstəkləyici tədbirlərin görülməsində yardımçı olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşin qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, hüquqi şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannamələrində malların gətirilməsi birdən çox müqavilə ilə əsaslandırılmış, həmin müqavilələr üzrə ödəniş mənbələri və məbləğlərinin xx.xx.2023-cü il tarixdə avans olaraq köçürülmüş 90.000 avro məbləğində ödənişlə əlaqəsi müəyyən edilmir. Müqavilə nömrəsinin texniki səhv göstərilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə edilən müraciət isə yalnız yanlışlıq barədə bildiriş xarakteri daşıyır, həmin uyğunsuzluğun həqiqətən də olmasını və ya 90.000 avroya qarşılıq malların idxalı faktını təsdiq etmir. Bu halları nəzərə alaraq, məhkəmə təqdim edilmiş sənədləri inzibati xətanın mövcudluğunu aradan qaldıran sübutlar kimi qəbul etmir və həmin ödənişin müqabilində malların idxal edilməsi faktının sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində - 16.548 avro məbləğində (məzənnə üzrə 32.796 AZN) cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5012/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5012/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver