Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5014/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədi üzrə Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Belə ki, icra sənədinə əsasən 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq X2 ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanmış və Şəxs tələbin könüllü icra haqqında bildiriş təqdim edilmişdir. 2022-ci ilin avqust ayında Şəxs barəsində xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunmuşdur. Həmin tənbeh tədbirinin tətbiqindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mütəmadi olaraq aliment öhdəliyi üzrə müxtəlif məbləğlərdə ödəniş etmişdir. 2023-cü ilin may ayından sonra isə hər ay 100 manat ödəməyə başlamışdır. Hazırda icra sənədi üzrə 1653 AZN yığılmış borc vardır. Tələbkarın çox saylı şikayətləri nəzərə alınaraq əsasən Mahir Elton oğlu barəsində İXMnin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. Aliment öhdəliyi üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Taksi fəaliyyəti ilə məşğul olur, günlük 15-20 manat civarında qazanc əldə edir. Taksi olaraq fəaliyyət göstərdiyi avtomobili də icarəyə götürmüşdür. Günlük 23 manat avtomobilə icarə xərci ödəyir. May ayından sonra aliment öhdəliyini tam şəkildə ödəyə bilməməsi taksi olaraq fəaliyyət göstərdiyi avtomobilində yaranan nasazlıqlarla bağlı olmuşdur. Belə ki, avtomobil təmirdə olduğundan taksi fəaliyyəti ilə məşğul ola bilməmiş, həmçinin günlük icarə xərcləri də borc olaraq üzərinə yığılmışdır. Həmin yığılmış icarə borcunu ödəmədiyi halda avtomobil əlindən alınacağından borc xərc edərək yığılmış icarə borclarını ödəmiş, həmçinin avtomobilin təmirinə də xeyli xərci çıxmışdır. Həmçinin himayəsində xəstə atası da vardır. 1 həftə ərzində yığılmış borcundan 500 AZN pul vəsaiti ödəniş edəcəkdir, bununla yanaşı mütəmadi olaraq aliment öhdəliyini icra edəcəkdir. Maddi durumu çox acınacaqlı vəziyyətdədir. Göstərilənlərin nəzərə alınmaqla, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədindən görünür ki, Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədinə əsasən icraata başlanmışdır. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, xx.xx.2023-cü il tarixli 250 AZN, xx.xx.2023-cü il tarixdə (saat 16:48) 100 AZN, xx.xx.2023-cü il tarixdə (saat 21:46) 100 AZN, xx.xx.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023-cü il tarixdə 100 AZN, xx.xx.2023-cü il tarixdə 100 AZN, xx.xx.2023-cü il tarixdə 100 AZN, xx.xx.2023-cü il tarixdə 100 AZN X2 ödənilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-2371/2022 saylı qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, məhkəmə iclasında icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədi üzrə Şəxs tərəfindən 2022-ci ilin sentyabr ayından etibarən mütəmadi olaraq 2022-ci ilin noyabr ayı və 2023-cü ilin aprel ayı istisna olmaqla aliment öhdəliyindən yuxarıda sadalanan miqdarda ödəniş etmişdir. Lakin qeyd edilməlidir ki, qeyd olunan ödənişlərin aliment öhdəliyindən artıq olan hissəsi aliment öhdəliyinin ödənilmədiyi 2022-ci ilin noyabr ayı və 2023-cü ilin aprel ayı üzrə edilməli olan ödənişlərin miqdarını tam şəkildə əhatə edir. Odur ki, Şəxs 2022-ci ilin sentyabr ayından etibarən 2023-cü ilin may ayı daxil olmaqla nəzərdə tutulmuş aliment öhdəliyini tam şəkildə icra etmişdir. Yəni 2022-ci ilin sentyabr ayı – 2023-cü ilin may ayı daxil olmaqla ümumi aliment öhdəliyinin miqdarı 1737 AZN təşkil edir. Lakin həmin müddət ərzində Şəxs tərəfindən X2 2000 AZN pul vəsaiti ödəniş edilmişdir. Hazırkı tarixə olan borc isə şəxsin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-2371/2022 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edildiyi tarixdən əvvəlki dövrdə yaranmış borclarıdır. Yəni şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra islah olunaraq həmin tarixdən etibarən mütəmadi olaraq ödəniş etmişdir. Bununla yanaşı 2023-cü ilin iyun ayından etibarən Şəxs aliment öhdəliyindən cəmi 400 AZN ödəniş etmişdir. Lakin Şəxs aliment öhdəliyini tam şəkildə icra edə bilməməsinin səbəbi o olmuşdur ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olduğu nəqliyyat vasitəsini nasazlıqlar yaranmış və avtomobilin təmirə zərurət yaranmışdır. Şəxs günlük taksi fəaliiyyətin əldə etdiyi gəlirdən məhrum olması, bununla yanaşı onun tərəfindən avtomobilin təmirinə ayrılmış xərclər, həmçinin avtomobilin icarə haqqı üçün yığılmış borcların ödənilməsi sonuncunun maliyyə vəziyyətinə mənfi təsir göstərmiş, aliment öhdəliyini tam şəkildə icra etməsinə manelər yaratmışdır. Buna baxmayaraq, Şəxs yenə də icra sənədi üzrə daşıdığı öhdəlikdən ümumilikdə 400 manat miqdarda ödəniş etmişdir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, Şəxs 2022-ci ilin sentyabr ayı – 2023-cü ilin may ayı üçün nəzərdə tutulmuş aliment ödənişlərini tam şəkildə icra etməsi, avtomobili nasaz vəziyyətə düşdükdə avtomobilin təmiri və yığılmış borclarla bağlı maliyyə sıxıntıları yaşadığı dövr ərzində də az miqdarda belə olsa aliment öhdəliyindən ödənişlər etməsi sonuncunun icra sənədini üzrlü səbəbdən icra etmədiyini tsdiq edir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5014/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5014/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver