Məhkəmə qərarları › İş №3(001)-5014/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5014/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5014/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bağırlı Günay Suliddin qızının katibliyi, X19 X3 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X19 X3 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru İmdat Aydoğdunun səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına X19 X3 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru İmdat Aydoğdunun səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X19 X3 İhracat Ticaret Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru İmdat Aydoğdu barəsində X9 xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömreli inzabati tənbeh vermə barədə qərarı etibarsız hesab edir. Belə ki, qərarda göstərilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu giriş informasiya sistemində guya xx.xx.2024-cü il tarixli məlumatında onların filialında fəhlə işinə qəbul edilmiş X1, X5, X6 əmək müqaviləsinin olmadığı qeyd edilmişdir. Bu tam yanlış məlumatdır. Göstərilən şəxslərlə filial tərəfindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsi bağlanmış, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək və Məşğulluq alt sistemində qeydə alınmışdır. Mübahisələndirilən T.Əliyev, Ş.Samir və K.Müştəba filial tərəfindən xx.xx.2024-cü il tarixində işə qəbul edilmişlər. Onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna getmələri barədə Nort Vest şirkəti Daxili İşlər Nazirliyinin icazə portalında icazə alınmışdır. Həmin şəxslər işləmədikləri üçün həmin əraziyə getməmişlər və müqavilədən kənar işləməmişlər. X10 xidməti barələrində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edərkən tələsikliyə yol vermiş, sənədləri tam və düzgün araşdırmamış, nəticədə qanunun tələbləri pozulmuşdur. Məhkəmə iclasında çıxış edən X19 X3 İhracat Ticaret Limited şirkətinin etibarnamə üzrə nümayəndəsi X11 şikayət ərizəsində qeyd edilənlərə əsasən səlahiyyətli orqan X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi İmdat Aydoğdu və səlahiyyətli orqan X9 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İmdat Aydoğdu və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə nümayəndə X4 izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İmdat Aydoğdu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4218/2024 saylı qərarından görünür ki, “X19 X3 İhracat Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 3(103)-1791/2024 nömrəli qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001 )-4218/2024 saylı qərarı ləğv edilmiş, X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 11-24/6, 17-24/6, 17-24/6 saylı əmrlərin surətindən görünür ki, X7, X8 və X2 ilə bağlanmış əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarından da göründüyü kimi X9 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, orada əmək fəaliyyətinə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* qərarı əsassızdır və İmdat Aydoğdunun barəsində qəbul edilmiş sözügedən qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə verilmiş şikayət üzrə araşdırma apararaq, sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli, İmdat Aydoğdu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. İmdat Aydoğdu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində tərflər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar