Məhkəmə qərarları › İş №3(001)-5027/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5027/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5027/2024 02.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-51/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 21 aprel 2021-ci il tarixdən başlanaraq hər ay xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb X2 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanmışdır. İcra sənədi üzrə Şəxs 5850 manat aliment borcu vardır. Odur ki, Şəxs barəsində 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bu günədək aliment borcundan heç bir ödəniş edilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun aliment ödənilməsi barədə məhkəmə qərarından məlumatı olmadığını, əvvəlki Faiq adlı icra məmurundan bank hesabı istəmişdir ki, alimenti ora ödəsin, lakin ona bank hesabı verilməmişdir. Bundan başqa tələbkar tərəfindən bloka atıldığı üçün onunla əlaqə saxlaya bilmədiyini, uşaqlarını da görə bilmədiyini qeyd etmişdir. Hal-hazırda işləmədiyini, bu səbəbdən hal-hazırda heç bir ödəniş edə bilmədiyini, hissə-hissə ödənişlər edə biləcəyini, atasının xəstə olmaqla onun himayəsində olmasını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq hal-hazırda 100 manat ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, dəfələrlə icra məmuru Faiq Əkbərova alimentin ödənilməsi ilə müraciətlər etmiş, lakin heç bir tədbir görülməmiş, icra məmuruna borclunun yaşayış yeri və əlaqə məlumatlarını təqdim etsə də heç bir tədbir görülmədiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq, bu günədək aliment borcundan heç bir ödəniş edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)- 51/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 21 aprel 2021-ci il tarixdən başlanaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb X2 ödənilməlidir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-51/2021 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-51/2021 saylı icra sənədi üzrə X2 5850 manat aliment borcu vardır və həmin borcdan 21 aprel 2021-ci il tarixdən bugünədək hər hansı ödəniş etməmişdir. Bu fakt həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin də iş materialları ilə öz təsdiqi tapır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında ilkin olaraq aliment ödənilməsi barədə məhkəmə qərarından məlumatlı olmaması, daha sonra aliment ödənilməsi ilə bağlı icra məmuru ilə danışması ilə bağlı ziddiyətli izahatları ilə onun aliment ödəmək fikrinin olmaması qənaətinə gəlinmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” Bildirişin surətindən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmiş və həmin bildirişi qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. Bundan başqa verilmiş suallara cavab olaraq da növbəti aylarda hissə-hissə ödənişlər edə biləcəyinə dair inandırıcı olmayan izahat vermişdir. Bununla yanaşı 3 il ərzində Şəxs tərəfindən zərərçəkmiş şəxsə heç bir məbləğdə ödəniş edilməmişdir. Qeyd edilən hallar barəsində inzibati iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Odur ki, Şəxs heç bir üzrlü səbəblər olmadan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-51/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar