Məhkəmə qərarları › İş №3(001)-5030/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5030/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5030/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonu, Ocağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində konstruksiya dəyişikliyi edildiyi üçün “Kia” markalı, 77FL042 dövlət qeydiyyat nişanlı avtomobil saxlanmış, duracağa yerləşdirilməsi bildirilmiş, Şəxs polis əməkdaşına qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X8 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşı xidmətdə olarkən “Kia” markalı, 77FL042 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyi üçün, həmçinin ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğu üçün saxlamış, polis əməkdaşı özünü təqdim etmiş, nəqliyyat vasitəsinin alt hissəsinin nə üçün aşağı olduğu soruşulmuşdur.Nəqliyyat vasitəsinə baxış keçirilərkən nəqliyyat vasitəsinə kayloverin quraşdırıldığı aşkar olunmuş və həmin kayloverin sənədi tələb edilmişdir. Lakin sürücü bunun qarşılığında bildirmişdir ki, sənədi yoxdur, yaxşı eleyib bu cür sürür. Bu zaman nəqliyyat vasitəsinin konstruksiya dəyişikliyi və üzərində həbslərin olduğuna görə duracağa yerləşdirilməli olduğu bildirilmiş, sürücü isə avtomobili duracağa qoymaqdan imtina etmişdir. Hal-hazırda da avtomobil yolun kənarındadır. Bununla yanaşı o, polisə qarşı nalayiq ifadələr işlədərək, davamlı olaraq polisi təhqir etmiş, tabesizlik nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, “Elit” ticarət obyektinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, ona idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyi və ödənilməmiş cərimələri olduğu bildirilmişdir. O isə nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etdiyini, hər hansı konstruksiya dəyişikliyi etmədiyini demişdir. Polis əməkdaşları nəqliyyat vasitəsini duracağa yerləşdirilməli olduğunu bildirəndə, o, qarşı çıxaraq kolyeverin quraşdırılmasına icazə olduğu halda nə üçün duracağa yerləşdirilməsi olduğunu soruşmuşdur. Bundan sonra post patrul xidmətinin əməkdaşları gəlib onu 5-ci Polis Bölməsinə apardılar. O, polisə tabesizlik göstərməmişdir. Yol patrul xidməti inspektoru onu söydüyü üçün ona eyni formada qarşılıq vermişdir. Avtomobili duracağa yerləşdirməkdən imtina etmişdir. Halbuki, ödənilməmiş cərimələrinə görə avtomobilin üzərinə həbs qoyulmuşdur və bu hal avtomobilin cərimə meydançasına yerləşdirilməsinin qanuni əsasıdır. Buna görə həmin hissədə özünü təqsirli hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inspektoru polis baş serjantı X4 izahatında bildirmişdir ki, o, xidmətdə olarkən “Kia” markalı, 77FL042 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyi üçün, həmçinin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğu üçün həmin nəqliyyat vasitəsini saxlamış, özünü təqdim etmiş, nəqliyyat vasitəsinin alt hissəsinin nə üçün aşağı olduğunu soruşmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirərkən nəqliyyat vasitəsinə kayloverin quraşdırılıdığını aşkar etmiş və həmin kayloverin sənədini tələb etmişdir. Lakin sürücü bunun qarşılığında bildirmişdir ki, sənədi yoxdur, yaxşı eleyib bu cür sürür. Bu zaman nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və üzərində həbslərin olduğuna görə duracağa yerləşdirilməli olduğunu bildirmiş, sürücü isə ona və digər əməkdaşa qarşı nalayiq ifadələr işlədərək, davamlı olaraq onları təhqir etmiş, tabesizlik nümayiş etdirmişdir. Nə qədər qanunun tələblərini izah edib, sakitləşdirməyə çalışsalar da Şəxs hərəkətlərini davam etdirmiş, avtomobili duracağa yerləşdirməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inspektoru polis baş leytenantı X3 eyni məzmunlu izahat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inspektoru polis baş leytenantı X3, polis baş serjantı X4 və polis serjantı Arif Qurbanov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, həmin tarixdə xidməti ərazidə olarkən “Kia” markalı, 77FL042 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyi üçün, həmçinin nəqliyyat vasitəsinin üzrərinə həbs qoyulduğu üçün saxlanmış, polis əməkdaşı özünü təqdim etmiş, nəqliyyat vasitəsinin nə üçün aşağı olduğu soruşulmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilərkən nəqliyyat vasitəsinə kayloverin quraşdırılıdığı aşkar olunmuş və həmin kayloverin sənədi tələb edilmişdir. Lakin sürücü bunun qarşılığında bildirmişdir ki, sənədi yoxdur, yaxşı eleyib bu cür sürür. Bu zaman nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və üzərində həbslərin olduğuna görə duracağa yerləşdirilməsi bildirilmiş, sürücü isə polislərə qarşı nalayiq ifadələr işlədərək, davamlı olaraq polisi təhqir etmiş, tabesizlik nümayiş etdirmişdir. Əlahiddə çevik polis alayının 2-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları X1 və X5 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, YPX-nın çağırışa əsasən Elit ticarət obyektinin qarşısına yaxınlaşan zaman, 1 nəfər “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü YPX-nın əməkdaşlarına tabesizlik etdiyindən, onlar yaxınlaşıb özlərini təqdim edərək qanunun tələblərini izah etmişlər. Vətəndaşı xidməti avtomobillə 5-ci Polis Bölməsinə gətirdilər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022272 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. İnzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə baxış keçirilmiş videogörüntüdən görünür ki, Şəxs həqiqətən də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədir və onların qanuni tələblərinə qarşı çıxır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi videogörüntü, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, şahidlərin ifadələri, xx.xx.2025-ci il tarixli Raportlar və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları mötəbər və inandırıcı hesab edir və Şəxs təqsirli olması qənaətinə gəlir. Şəxs məhkəmədə özünü hər nə qədər müdafiə edərək polis əməkdaşlarını təhqir etmədiyini və polisə tabe olduğunu bildirsə də, onun təqsiri sübutlarla təsdiq olunduğundan, təkzibedici sübut təqdim etmədiyindən və izahatı sübutlarla uzlaşmadığından məhkəmə onu inzibati məsuliyyətə cəlb edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar