Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5033/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin təhqiqatçısı Ramil Əliyev tərəfindən qəbul edilmiş 21 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 2024-cü ilin iyul ayında X1 ünvan 1 ünvanında yerləşən evində kirayə yaşayan Şəxs evdən çıxan zaman ev sahibinə məxsus olan paltaryuyan maşını və hamamdakı şkafı və kabinanı qıraraq 600 manat maddi ziyan vurmuşdur. Əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin aidiyyatı əməkdaşa göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etmə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdə isə X2 məxsus evdə əmlaka ziyan vurulması hadisəsi nəticəsində vurulmuş maddi ziyanın məbləği müəyyən edilməmiş və bununla bağlı heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, bu da inzibati işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Belə ki, qeyd olunan maddə üzrə inzibati işə baxılması üçün xəta nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi imperativ xarakter daşıyır. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Bundan başqa, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş maddi zərərə dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:. 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Binəqədi RPİ-nin 9-cu Polis Bölməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol natamamlıqların həll edilib aradan qaldırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5033/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5033/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver