Məhkəmə qərarları › İş №3(001)-5034/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5034/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5034/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi, polis mayoru Əhməd Məlik tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİnin 43-cü Polis Bölməsinin rəisi, polis mayoru Əhməd Məlik tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərar ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 125 ünvanında yaşayır. Mənzilinin qorunması məqsədi ilə evinin həyətində manqal parodalı it saxlayır. Həmin it gündüz saatlarında hündürlüyü 2.8 metr olan hasarın içində olur, gecə saatlarında isə həyətdə başından bağlı olmaqla qapalı şəraitdə saxlanılır. Çölə isə buraxılmır. Lakin Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4 11 aprel 2024-cü il tarixdə onun yaşadığı ünvana gələrək, qonşunun sözünü əsas götürərək onun barəsində İnzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Protokol onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanında it saxlamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını pozmuşdur. Belə ki, qonşunu narahat etmişdir. Qeyd olunan protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərara əsasən müəyyən edilmişdir ki, guya o Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını pozaraq it saxlanılması qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Mə-cəlləsinin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 (iki yüz) manat cərimə olunmuşdur. Onun iti qapalı şəraitdə, insanların gözünə görünməyən vəziyyətdə saxlanıldığı halda necə ola bilər ki, onun itinin saxlanılma şəraiti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəraının pozulması ilə nəticələnmiş olsun. Onun saxladığı it alabay parodası olmaqla qoyun itidir və həmin itlər adama hürmürlər. Eyni zamanda o xəbədar edilmədən ilk dəfədən ona 200 manat cərimə yazılmışdır ki, buda qanunun kobud surətdə pozulması deməkdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi, polis mayoru Əhməd Məlik tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq X5 AR NK-nın qərarını pozaraq it saxlanılması qaydaları pozulmuşdur. Bununla da X5 İXM-nin 290.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 AR NK-nın qərarını pozaraq, qonşuları narahat etdiyi üçün barəsində AR İXM-nin 290.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin fikirlərini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda, həmçinin inzibati xəta haqqında protokolda X5 tərəfindən hansı inzibati xətanın törədilməsi konkret olaraq göstərilməmişdir. Belə ki, hər iki prosessual sənəddə Adil Bərxudarov tərəfindən AR İXM-nin 290.1-ci maddasində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Belə ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində qeyd olunan maddə aşağıdakı məzmunda verilmişdir: 290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: 290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına; 290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına; 290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; 290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; 290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; 290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görəiki yüz manat məbləğində cərimə edilir. Qəbul edilmiş tənbeh vermə haqqında qərarda isə Adil Bərxudarov tərəfindən İXMnin 290.1-ci maddəsində göstərilmiş hansı xüsusi normada nəzərdə tutulan inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyildir. İnzibati xəta haqqında protokolda X3 it saxlayaraq AR NK-nın qərarını pozması, qonşunu narahat etməsi göstərilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda isə AR NK-nın qərarını pozaraq it saxlanılması qaydasını pozub qeydi aparılmışdır. Halbuki, İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin yaranması üçün qonşunun narahat olması əsas ola bilməz. Qanunverici tərəfindən həmin maddə ilə inzibati məsuliyyət yaranmasına səbəb olan hallar konkret və aydın şəkildə göstərilmişdir. Lakin səlahiyyətli orqan qəbul etdiyi qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən konkret hansı hərəkətin edilməsini göstərməmişdir. Həmçinin məhkəmə iclasının yeri və barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edərək Adil Bərxudarovun təqsirli olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, X5 həyətində bir it saxlayır, həmçinin həyətdə it olması ilə bağlı həyətin darvazasının üzərinə həyətdə it olması ilə bağlı xəbərdaredici lövhə də yerləşdirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən edilməsi, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret hansı əməlin törədilməsi və həmin əməlin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilməsini təsdiq edən sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi, polis mayoru Əhməd Məlik tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar