Məhkəmə qərarları › İş №3(001)-5035/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5035/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5035/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı gömrük xidməti kapitanı X7, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X4 və X6 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00800-00748/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 304,47 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 517,60 manat və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1503,75 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 2556,38 manat, dəyərində olan mallar konsiqnasiya yolu ilə ixrac edilmiş, lakin əldə edilən xarici valyuta vəsaitlərinin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X10 bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 304,47 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1503,75 ABŞ dolları dəyərində olan mallar Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən konsiqnasiya yolu ilə ixrac edildikdən sonra həmin malların müqabilində qaytarılmalı olan vəsaitlərin ödənişin köçürmə yolu ilə hüquqi şəxsin müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Buna görə Şəxs MMC barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin İXM-in 483-cü maddəsinə əsasən inzibati tənbeh edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən müxtəlif spirtli içkilər satış üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə verilmiş, mallar satıldıqdan sonra müvafiq bank hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 517,60 manat və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2556,38 manat dəyərindən olan mallar malın dəyəri mal ixrac olunduqdan sonra ödənilmək şərti ilə "xxxx" MMC-yə satılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00800-00748/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanan müqavilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə bağlı deyil və hər iki MMC Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxsdir. Bundan əlavə "xxxx" MMC tərəfindən Şəxs MMC-nin bank hesabına köçürülmüş valyuta Azərbaycan manatı olmuş, iki MMC arasında alğı-satqı xarici valyuta ilə deyil, milli valyuta ilə aparılmışdır. Ona görə də, qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Eldəniz İbrahim oğlu ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmiş, məhkəmədən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 517,60 manat olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 2556,38 manat olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********2178 və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesabına xarici valyuta vəsaitlərinin köçürülüb-köçürülməməsini müəyyən etməkdən ötrü X3 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 304,47 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1503,75 ABŞ dolları dəyərində olan mallar Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən konsiqnasiya yolu ilə ixrac edildikdən sonra həmin malların müqabilində qaytarılmalı olan vəsaitlərin ödənişin köçürmə yolu ilə hüquqi şəxsin müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi hələ də təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli, 00800-00748/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Baş idarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-/3-1-026842/2023 nömrəli, 1309.2023-cü il tarixli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 1108, ünvan 1 QSC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********2178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 304,47 ABS dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 517,59 manat və xx.xx.2023-cü il tarixli **********7687 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1503,75 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 2556,37 manat, dəyərində olan mallar konsiqnasiya yolu ilə ixrac edilmiş, lakin əldə edilən xarici valyuta vəsaitlərinin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Göründüyü kimi İXM-in 483-cü maddəsində nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs ola bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş inzibati xəta xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlər köçürülmədiyi halda yaranır. Belə ki, qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və alınmış izahatlardan müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən Şəxs MMC tərəfindən "xxxx" MMC-yə müxtəlif spirtli içkilər satılmış, lakin həmin malların dəyəri 180 gün ərzində Şəxs MMC-nin müvafiq bank hesabına köçürülməmişdir. Həmçinin müəyyən edilmişdir ki, həm Şəxs MMC, həm də "xxxx" MMC Azərbaycan Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən hüquqi şəxsdir və həmin hüquqi şəxslər arasında maliyyə əməliyyatları Azərbaycan manatı ilə həyata keçirilir. Belə olan halda Şəxs MMC ilə "xxxx" MMC arasında xarici iqtisadi fəaliyyətin həyata keçirilmədiyi və aparılmış maliyyə əməliyyatlarının xarici valyuta ilə deyil, milli valyuta ilə aparılması müəyyən edildiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00800-00748/23 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00800-00748/23 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar