Məhkəmə qərarları › İş №3(001)-5038/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5038/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5038/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi rayon X7 Şöbəsinin əməkdaşı polis mayoru X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon X7 Şöbəsinin əməkdaşı polis mayoru X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 18 radələrində özünə məxsus “Toyota Prius” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində yolun üstündən keçən körpünün altından keçdikdən 50 metr sonra asfaltda olan geri dönmə icazəsi verən xətti görərək dönmə işığını yandırıb dönmə əməliyyatını icra edərkən, arxasında gələn avtomobildən arxada hərəkət edən **-LM-*** dövlət qeydiyyat nişanlı “Lada Vaz 21014” markalı avtomobilin sürücüsü qoşa xətti pozub əks istiqamətli hərəkət zolağına çıxaraq onun idarə etdiyi avtomobili vurmuşdur. Avtomobildən düşüb ona yaxınlaşan **-LM-*** dövlət qeydiyyat nişanlı “Lada Vaz 21014” markalı avtomobilin sürücüsü günahın özündə olduğunu etiraf etmişdir. Bir qədər sonra hadisə yerinə Binəqədi rayon X7 Şöbəsinin əməkdaşı polis mayoru X4 gəldi, avtomobillərin şəklini və videosunu çəkdi, onları növbəti gün şöbəyə dəvət etdi. Növbəti gün şöbədə olarkən onlardan izahat alındı, bir gün sonra isə mobil telefonuna gələn sms-dən məlum oldu ki, o, AR İXM-in 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. O, hər hansı yol hərəkəti qaydasını pozmamış, eləcə də heç bir inzibati xəta törətməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Binəqədi rayon X7 Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Binəqədi rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Toyota Prius” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə Biləcəri qəsəbəsində “Toyota Prius” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə Biləcəri qəsəbəsində “Toyota Prius” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu əminliklə demək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Binəqədi rayon X7 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar