Məhkəmə qərarları › İş №3(001)-5056/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5056/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5056/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, 30-cu korpus ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 343-1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru polis baş leytenantı X2 bildirmişdir ki, 05 iyul 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə o yaxınlaşmış, bununla bağlı zərərçəkmiş şəxsə məlumat vermişdir. O, hadisə yerinə getmiş, hadisə yerinə yaxınlaşdığı zaman sürücü özünü normal aparmamışdır. Bununla bağlı video-görüntü də mövcuddur. Sürücünü narkoloji müayinəyə aparılmaq istəsələr də, sonuncu narkoloji müayinədən keçməkdən imtina etmişdir. Eyni zamanda digər sürücüyə yol nəqliyyat hadisəsi törətməklə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, taksi sürücüsü işləyir. Ailəlidir, 15, 14 və 3 yaşlarında 3 övladı var. Bundan başqa anası da onun himayəsindədir, ailədə tək qazanc gətirən şəxs özüdür. Hadisə zamanı narkotik vasitənin təsiri altında olduğundan anlaqsız vəziyyətdə olmuşdur. Belə ki, həmin gün narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır. Eyni zamanda onun şəhid övladıdır, atası Elman Rüstəmovun adına Binəqədi rayonu, Binəqədi qəsəbəsində küçə də vardır. Özü isə “Vətən Müharibəsi” iştirakçısı olmuş, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Qeyd edilənlərə nəzərə alaraq ona yüngül vcəza verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 343-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən 2 ünvanında baş vermişdir. BA seriyalı, 023300 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır, sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixə qədər etibarlıdır. xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında təqdim edilmiş diksdə olan video-görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, video 22 saniyədən ibarətdir. Şəxs avtomobilə söykənmiş və gözləri yumulu, ağzı açıq şəkildəbaşını arxa aparmaqla hərəkətsiz dayanmış, kənardan ona yönələn “Orxan” sözlərinə reaksiya vermək iqtidarında deyildir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirməklə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü Elman Rüstəmzadə, xx.xx.2013-cü il təvəllüdlü Hüseyn Rüstəmzadə, xx.xx.2018-ci il təvəllüdlü Azra Rüstəmzadə adlı övladları var, Şəxs “Vətən Müharibəsi” iştirakçılarına verilən pensiya verilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 343-1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Qeyd edilən inzibati xətanın Şəxs tərəfindən törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 343-1.3-cü maddəsində məsuliyyət həmin Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəzərdə tutulmuşdur. Hazırki iş üzrə də İXM-nin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş hal, yəni nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş şəxs tərəfindən zərərçəkmiş şəxsə maddi zərər vurulması baş vermişdir. Şəxs özü də məhkəmə iclasında hadisə vaxtı narkotik vasitənin təsiri altında olmasını qəbul etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Məhkəmə hazırda sözügedən qərarda göstərilmiş hüquqi mövqeni inzibati xəta haqqında işlərə də şamil edərək belə qənaətə gəlir ki, Şəxs hadisə zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi onun özünün izahatı və video-görüntü ilə təsdiqini tapır. Video-görüntüyə baxış zamanı Şəxs qeyri-adekvat hərəkətlər etməsi görünür, həmin davranışları sonuncunun sərxoş vəziyyətdə olduğunun inandırıcı olmasına əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 23:50 radələrində Binəqədi rayonu, Mədən 2 küçəsində Şəxs narkotik vasitələrdən istifadə etmək nəticəsində yaranmış sərxoşluq vəziyyətində etibarnamə ilə idarə etdiyi “Nissan” markalı 77RP835 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşıda yolun sağ kənarında sahibsiz dayanmış “Chevrolet” markalı 99VB653 dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, hadisə nəticəsində xəsarət alan olmasa da, “Chevrolet” markalı 99VB653 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər dəymişdir. Daha sonra Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmiş, bununla da İXM-nin 343-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddələrinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini, özünün “Vətən Müharibəsi” iştirakçısı və şəhid övladı olmasını, himayəsində 3 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir. 343-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun öz izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2.-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar