Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5057/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Dəjəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsində nasazlıq olduğu üçün ona saxla əmri verilmiş, daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı polis əməkdaşları ilə mübahisə etməyə başlamış və bunun nəticəsində də post patrul xidmətinin əməkdaşları hadisə yerinə dəvət edilmişdir. Odur ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğu vəziyyətinin yoxlanılması üçün saxlanılmış, 4 dəfə yoxlanıldıqdan sonra sərxoş vəziyyətdə olmadığı müəyyən edilmiş, lakin polis əməkdaşları ona içkili nəqliyyat vasitəsi idarə etməsi barədə protokola imza etməsini ondan tələb etmişlər. O isə cavabında polis əməkdaşlarına spirtli içki içmədiyi halda bu sənədə imza etməyəcəyini, nə səbəbə imza etməli olması barədə etiraz etmişdir. Daha sonra polis əməkdaşlarına anasının xəstə olduğu üçün ona dərman almağa getdiyini bildirmiş, lakin polis əməkdaşları buna əhəmiyyət verməmişlər. Verilmiş suallara cavab olaraq sərxoşluq vəziyyətinin alkotestrlə yoxlanıldığını, lakin həmin alkotestrin göstəriciləri ilə razılaşmadığın, spirtli içki içib maşın sürmədiyini, polisin ünvanına söyüş söymədiyini, idarə etdiyini avtomaşında işiq cihazlarından düzgün istifadə etməməsinin isə ola biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə kobud davrandığı üçün əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul-xidməti inspektoru, polis serjantı X4 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin işıq cihazlarından düzgün istifadə etmədioyi üçün saxlanılmış, daha sonra ondan spirtli içki qoxusu gəldiyi üçün yoxlamadan keçirilmişdir. Alkotestr vasitəsi ilə yoxlama zamanı onun içkili olması müəyyən edilmiş, lakin yeni nəsil alkotestrlərdən olduğu üçün həmin aparatdan kağız formatında çıxarış çıxarılmamışdır. Şəxs alkotestr nəticəsi ilə razılaşmadığından həkim müayinəsinə dəvət edilmiş, lakin o həkimə getməkdən imtina edərək nizam intizamsızlıq edərək onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs onlardan vaxtını almamağı və şikayətlər edəcəyini, inspeksiyada onlarla görüşəcəyini bildirmişdir. Tabesizlik göstərdiyi və nalayiq ifadələr işlətdiyi üçün post patrul xidməti dəvət edilmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul-xidməti inspektoru, polis serjantı X3 izahatında bildirmişdir ki, Şəxs işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış və onda spirtli içki qəbul etməsi şübhəsi yarandığı üçün yoxlamadan keçirilmişdir. Alkotestr vasitəsilə yoxlama zamanı sərxoşluq vəziyyəti yüngül dərəcəli 3.62 promil müəyyən edilmişdir. Şəxs alkoterstrin nəticəsi ilə razılaşmadığından onu həkim müayinəsi dəvət etmişlər, lakin o, həkim müayinəsinə getməkdən imtina etmiş, daha sonra narazılıqlar edərək səs-küy salmışdır. Buna görə post-patrul xidməti çağırılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 022445 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul-xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsində işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmış və spirtli içki qəbul etməsi şübhə yaratdığı üçün həkim müayinəsinə dəvət edilmiş, lakin o, həkim müayinəsinə getməkdən imtina edərək, səs-küy salmaqla polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib, əl-qol hərəkətləri ilə ordan uzaqlaşmağa çalışmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də hadisə yerinə post-patrul xidməti dəvət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü Uğur Əlizadə adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərəkən işıq cihazlarından düzgün istifadə etməməsi səbəbindən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və şübhə yarandığı üçün Şəxs sərxoşluq vəziyyətinin yoxlanılması üçün alkotestr vasitəsilə yoxlamadan keçirilmiş, daha sonra alkotestr nəticəsi ilə razı olmadığı üçün polis əməkdaşları tərəfindən həkim müayinəsinə dəvət edilsə də o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış, daha sonra nalayiq ifadələr işlətməklə hadisə yerindən yayınmaq istədiyi üçün polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq bu hərəkətlərini davam etdirmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Göründüyü kimi şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs xüsusi texniki göstərici ilə razılaşmamaqla polisin həkimə getməklə bağlı qanuni tələbinə əməl etməyərək həkimə getməkdən imtina etmişdir. Bundan başqa o, polis əməkdaşları ilə nalayiq formda danışmaqla onların nizam intizama dəvət edilməsinə dair tələblərinə riayət etməmişdir. Polis əməkdaşlarının Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onun həkim müayinəsinə aparılması barədə tələbi qanuni olduğundan sonuncu həkim müayinəsinə getməkdən imtina etməklə polisin ünvanına nalayiq ifadələr işlədərək nizam-intizam barədə tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özününü səmimi etirafı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş, məhkəmə baxışına gətirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad edilmiş və məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5057/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5057/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver