Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5058/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Binəqədi RPİ DYP şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi RPİ DYP şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 14:00 radələrində idarə etdiyi “Mercedes” markalı “**-MD-***” d.q.n nişalı avtomobillə “Dərnəgül” prospektində işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıqdan sonra yolayrıcına daxil olaraq sola dönmə işığı yandıraraq qarşıdan gələn avtomobillərə yol verdikdən sonra sola “Azadlıq” prospektinə dönüb irəliləmişdir. 20 metr sonra körpünün altında dayanmış DYP əməkdaşı “saxla” əmri verərək, onu körpünün altında saxlatmış və qayda pozduğunu bildirmişdir. Hansı ki, körpülərin və estakadaların altında zolaqların sayından asılı olmayaraq dayanmaq görünüşün məhdud olması və digər təhlükəsizlik səbəbli (tikinti qurğusunun uçma ehtimalı, terror və s.) qadağan edilir və polis əməkdaşı onu körpünün altında saxla əmri verərək saxlatmışdır. Bunun özü qayda pozuntusudur və qaydanın pozulmasına məcbur edən şəxs isə DYP xidmətinin əməkdaşlarıdır. X7 əməkdaşının adı Seyid, yaxa nömrəsi 410, idarə etdiyi avtomobil “Kia Sportage” markalı d.q.n nişanı “**-YP-***”-dır. O, ilk öncə yol nişanın tələbini pozduğunu bildirmiş, yol nişanının oxunaqlı yerdə olmadığı və ağacın arxasında olduğunu, həmçinin yerdə nişanlanma xətlərinin oxunmadığını bildirdiyi üçün, yeni bəhanə taparaq işıqforun tələbini pozduğunu bildirmiş və “yoluna qoyaq” demişdir. Sonra öz avtomobilinə dəvət etmişdir. O, heç bir təkliflə razılaşmamış, qayda pozmadığını bildirmişdir. X7 əməkdaşı Seyid protokol tərtib edəcəyini bildirmiş, o isə “tərtib et, amma qərarsız qeyd et“ protokoldan şikayət edəcəyini bildirdiyi halda birbaşa qərarlı protokol tərtib edərək, saat 14:33-də sistemə daxil etmişdir. Sistemə protokolu polis serjantı X2 daxil etmişdir. Hansı ki, həmin polis əməkdaşı ona heç bir izah verməmiş və xəbərdarlıq etməmişdir. İşıqforun içərisində oxlarla göstərilmiş işarə “Yol hərəkəti qaydaları”nın 65-ci maddəsinin 4.1.1 və 4.1.4 işarələrinin tələbləri ilə eynidir və birinci yol kəsişməsində qüvvəsindədir. Dərnəgül pr.dən Azadlıq pr.-nə dönərkən həmin hissədə ayırıcı zolaq var və o həmin yolayrıcında ikinci hərəkət hissəsinə daxil olmuşdur. Bu isə qayda pozmadığını və DYP əməkdaşının əsassız olaraq ona cərimə yazdığını göstərir. Bununla bağlı 27 aprel 2024-cü ildə Daxili İşlər Nazirliyinə məktub ünvanlamış, lakin 3 iyun 2024-cü ilədək işinə baxılmamış və ona heç bir məlumat verilməmişdir. İşinə baxılmadığı üçün yenidən 3 iyun 2024-cü ildə Daxili İşlər Nazirliyinə məktub ünvanlamış və həmin gün qaynar xəttə müraciət etmişdir. Qaynar xəttin əməkdaşı müraciət daxil olmadığını bildirmiş, müraciət tarixlərini bildirdikdən sonra qaynar xəttin əməkdaşı müraciətin daxil olduğunu təsdiqləmişdir. Bir neçə dəqiqə sonra AR Baş Polis idarəsinin məsul şəxsi onunla əlaqə saxlamış və işinə baxıldığını bildirmişdir. Heç bir əsas və əyani sübut təqdim edilmədən DYP əməkdaşının uyğunsuz qərarı araşdırılmadan və əsaslandırılmadan işi bağlanmışdır. Həmin ərazidə “TŞ 8 003” kamera var və ən azından belə qayda pozuntusu aşkar edilərək, video və foto şəkillərlə sübuta yetirilməli idi. Ona görə də həmin qərardan məhkəməyə şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon X6 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş baxılmaq üçün Bakı şəhəri Binəqədi rayon Yol Polisi şöbəsinə göndərilmişdir. Binəqədi RPİ DYP şöbəsi heç bir araşdırma aparmadan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edərək, yenidən onu 80 manat cərimə etmişdir. Həmin qərar da qanunsuzdur, belə ki, qayda pozuntusu ona sübut edilməli olduğu halda, sübutlar olmadan cərimə edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Binəqədi RPİ DYP şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Binəqədi RPİ DYP şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ-in rəisi Vüsal Qələndərov “Mercedes” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:33-də Baksol Azadlıq yolu ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 və 16 sentyabr 2024-cü il tarixli məktublarından görünür ki, Binəqədi RPİ DYP şöbəsinə rəsmi qaydada müraciət olunaraq xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş materialların məhkəməyə təqdim edilməsi istənilmişdir. Sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Sahib Mahmudov xx.xx.2024-cü ildə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən 30 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə təkrarən baxarkən X1 iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları ona nümayiş etdirməmiş, təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə saat 14:33-də Baksol Azadlıq yolu ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsini sübut etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ DYP şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Binəqədi RPİ DYP şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5058/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5058/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver