Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5061/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/22114731 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin EQ/22114731 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, 02 iyul 2024-cü il tarixdə saat 18 radələrində “KİA picanto” markalı, **-CF-*** d.q.n. avtomobil ilə hərəkətdə olarkən onun qabaq asqı hissəsində nasazlıq (səs) olduğundan əsas yoldan məhəllə arası yola daxil olub orada avtomobil təmiri ilə məşğul olan tanımadığı ustaya yaxınlaşıb avtomobilin idarə edilməsi zamanı gələn səsin nə olduğunu və bunu idarə etmədə təhlükəli olması səbəbindən aradan qaldırılmasını xahiş etmişdir. Usta əlindəki işi bitirdikdən sonra avtomobilin probleminə baxacağı və təxminən bir saat, saat yarım çəkəcəyini, avtomobili təmir sexin qarşısında saxlayıb gözləməyi və ya təxminən bir saat sonra yaxınlaşmağı bildirmişdir. Avtomobildə hiss etdiyi nasazlıqla onun idarə edilməsinin təhlükəli olduğunu hiss edib məcburiyyət qarşısında avtomobili usta tərəfindən baxış keçirilməsi üçün təmir sexinin qabağında saxlamaqla oradan uzaqlaşıb təxminən bir müddət sonra təmir sexinə yaxınlaşmışdır. Usta avtomobilin nasazlığını aradan qaldırdığını və yoxladığını bildirdikdən sonra zəhmət haqqısını ödəyib avtomobil ilə oradan uzaqlaşmışdır. Lakin 03 iyul 2024-cü il tarixdə saat 8 radələrində ona cərimə olunmağı barədə “sms” gəlmiş və elektron kabinetə daxil olub orada yerləşdirilmiş cərimə məlumatı ilə tanış olduqda görmüşdür ki, avtomobil təmir sexinə verdiyi müddətdə (saatda) naməlum şəxs tərəfindən idarə olunmuş və o şəxs tərəfindən inzibati xəta törədilmişdir. Ehtimala görə həmin vaxt avtomobili nasazlığın aradan qaldırıldığını yoxlamaq üçün usta (naməlum şəxs) idarə etmişdir. Bir daha vurğulayır ki, o, avtomobilini ustaya idarə etmək üçün verməmiş, məcburiyyət və son zərurət vəziyyətində, yəni avtomobilindəki nasazlıq səbəbindən onun hərəkəti zamanı baş verə biləcək hadisə həyatına və sağlamlığına təhlükə yaratdığı üçün təcili təmir etdirmək (baxdırmaq) məqsədilə ustada saxlamışdır.O isə xəbəri olmadan avtomobili təmir edən vaxtda saz vəziyyətdə olub-olmamasını yoxlamaq üçün idarə etmiş və inzibati xəta törətmişdir. Buna görə hesab edir ki, tərəfindən qeyd edilən tarixdə və saatda inzibati xəta törədilmədiyindən barəsində əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. BDYPİ tərəfindən inzibati xəta ilə fotoda həmin anda avtomobilin onun tərəfindən idarə olunması görünmür (sübut edilmir). Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi ehtimal olunduğundan xətanı törədən şəxsin kimliyi ilə bağlı şübhələr yaranmışdır. Bu səbəbdən xəta qeydə alman vaxt avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı sübut etmə vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXM-nin 8-ci maddəsi). Bundan başcıa, inzibati xəta haqqında elektron qərarı əldə etdikdə orada xüsusi texniki vasitə olan qurğunun göstəricilərinin inzibati qanunvericilikdəki tələblərə uyğun qeyd edilmədiyi məlum olmuşdur. Belə ki, İXM-nin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati aktda mütləq göstərilməlidir. Avtomobili ilə qeyd edilən xəta avtotəmir yerinin ustası tərəfindən törədilməsi ehtimal edildiyindən və İXM-nin 327.1 maddəsi ilə BDYPİ tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın düzgün çıxarılması ilə bağlı kifayət qədər şübhələr olduğundan qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. (İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6- cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.) Odur ki, qərarı əldə edib şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4004/2024 saylı, 16 iyul 2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilib barəmdə inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin quruma göndərilməsi qərar alınmışdır. Lakin, məhkəmə qərarı BDYPİ-nə daxil olduğu müddətdə həmin qurum bir aydan çox vaxt ərzində xəta ilə bağlı araşdırma aparmadan sübut əldə etmədən işin icraatına xitam vermək əvəzinə barəsində şablon qaydada İXM-nin 327.1-ci maddəsi ilə eyni məzmunlu 03 sentyabr 2024cü il tarixli qərar qəbul etmişdir. BDYPİ-nin əməkdaşlarının işin yenidən baxılıması ilə bağlı məsələyə bu kimi yanaşması yalnız hüquqlarının, haqlı mövqeyinin, əsaslı dəlillərinin əksini sübut etməyə yönəlmiş əsassız cəhdlər kimi qəbul edilir. Belə olan halda, yəni göründüyü kimi BDYPİ tərəfindən iş üzrə hər hansı bir araşdırma aparmadan və sübut təqdim etmədən eyni qərar çıxarılması ona əsas verir ki, məhkəmə BDYPİ-nin 03 sentyabr 2024-cü il tarixli, EQ 22114731 elektron qərarını ləğv edib bu dəfə artıq iş üzrə icraata xitam verilməlidir. Şikayəti təmin edilərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin İXM-nin 327.1 -ci maddəsi ilə barəsində çıxardığı 03 sentyabr 2024-cü il tarixli, EQ/ 22114731 saylı elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq nəqliyyat vasitəsini təmirə apardığı ustanı tanımadığını, hadisədən sonra həmin ustanın işlədiyi yerə onun şəxsiyyəti müəyyən etmək üçün getdiyini lakin həmin şəxsi heç kim tanımadığından buna nail ola bilmədiyini, nəqliyyat vasitəsini təmir etdirdiyi yerin indiki vaxta fəaliyyətini dayandırmış ola biləcəyini bildirmişdir. Qərarından şikayət verilmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəblərini məhkəməyə açıqlamamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: EQ/22114731 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 idarə etdiyi "KİA Picato” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 40 manat mələğində cərimə edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, "KİA Picato” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 xx.xx.2024-cü il tarioxdə saat 18:34 dəqiqədə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa daxil olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yol hərəkəti haqqında Qanunun 1-ci maddəsinin 55-ci bəndinə görə ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Həmin Qanunun 48-ci maddəsinin İV bəndinə görə 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Məhkəmə şikayət vermiş şəxsin məhkəmə iclasında avtomobilini təmir edən ustanın adını, avtomobilini təmir etdirdiyi sexin yerini bilməməsini, avtomobilini təmir etdirdiyi ünvana yerli baxış keçirilməsi və bununla həmin ustanın şəxsiyyətinin məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı hakimin təklifinə həmin təmir yerinin bağlanmış ola biləcəyi məzmunda bəhanə gətirərək cavab verməsini, şikayət vermiş şəxsin məsuliyyətdən yayınmağa çalışması kimi qiymətləndirir. Həmçinin məhkəmə onu da qeyd edir ki, inzibati xəta hadisəsinin baş verməsini sübut edən fotoşəkillər mövcuddur və sürücü X5 tərəfindən inzibati xəta törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta pozuntusunun özü deyil, başqa bir şəxs tərəfindən törədilməsini iddia edən nəqliyyat vasitəsinin sahibi, yəni X2 avtomobili kimin idarə etməsi ilə bağlı fotoşəkil və ya başqa bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməməklə yanaşı, məhkəmə tərəfindən verilmiş suallara qeyri-səmimi cavablar verərək məsuliyyətdən yayınmağa cəhd etmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, formal əsaslar inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğvi üçün əsas ola bilməz və göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/22114731 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ/22114731 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5061/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5061/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver