Məhkəmə qərarları › İş №3(001)-5073/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5073/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5073/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 262.1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin baş məsləhətçi-müfəttişi X2 tərəfindən Şəxs barəsində İXM-nin 262.1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin baş məsləhətçimüfəttişi X2 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində su obyektlərinin özbaşına tutulmasına görə inzibati xəta tərkibi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş aktda göstərilmişdir ki, “My Beach” restoranının daxilindən su hovuzunu doldurmaq və hovuzdan suyun yenidən Xəzər dənizinə axıdılması məqsədi ilə d=100 mm-lik polietilen boruların dənizə doğru qrauşdırılaraq Xəzər dənizinin suyundan qanunsuz götürülməsi faktı qeydə alınmışdır. Şəxs obyekti icarə əsasında işlətdiyini, hovuzu doldurmaq üçün dənizdən su götürdüyünü, bununla bağlı ona müvafiq qurumlar tərəfindən icazə verildiyini bildirmişdir. Ona verilmiş icazələrlə bağlı isə heç bir sənəd təqdim edə bilməmişdir. Həmçinin Su Məcəlləsinin 38 və 103-cu maddələrinin və “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müvafiq maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Məcəllənin 103-cü maddəsində Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə bağlı müddəalar yer almışdır. Həmin maddədə su qanunvericiliyini pozan vəzifəli şəxslərin, fiziki və hüquqi şəxslərin hansı hallarda mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıdıqları aşkar şəkildə qeyd edilmişdir. Həmin hallardan 24-ü qanunverici tərəfindən konkret sadalanmışdır. Lakin tərtib edilmiş aktda səlahiyyətli şəxs tərəfindən Şəxs Su Məcəlləsinin 103-cü maddəsində göstərilmiş konkret hansı hərəkəti etməsi qeyd edilməmiş, sadəcə 103-cü maddənin tələbləri pozulması kimi ümumi ifadə qeyd etməklə kifayətlənilmişdir. Eyni zamanda sözügedən aktda “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müvafiq maddələrinin tələbləri pozulması” qeyd edilsə də, həmin qaydalara münasibətdə də konkret hansı bənddə göstərilmiş qaydanın pozulması aktda göstərilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində “My Beach” restoranının daxilindəki su hovuzu “sudan xüsusi məqsədlər üçün istifadəyə icazə sənədi olmadan diametri 100 mm olan boru vasitəsilə birbaşa dənizdən su götürülərək doldurulur” qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmiş, başqa sözlə inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolda konkret olaraq vəzifəli şəxs tərəfindən su qanunvericiliyinin hansı müddəalarının pozulması dəqiq olaraq müəyyən edilməli və həmin qaydaların pozulmasında ifadə olunan hərəkəti tam əhatə edən maddə ilə protokol tərtib edilməlidir. İndiki halda Şəxs tərəfindən su obyektlərinin tutulmasını təsdiqedən sübutlar iş materiallarına əlavə edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması işin mahiyyəti üzrə baxılmasına mane olur. Odur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmamalıdır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 262.1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iş materialları ilə birlikdə Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suların İstifadəsinə və X1 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar