Məhkəmə qərarları › İş №3(001)-5074/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5074/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5074/2025 31.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-261/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Rəcəbova (Məmmədova) Elnarə Taryel qızının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun iyul ayı da daxil olmaqla 1740 manat məbləğində aliment borcu yaranmışdır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, hazırda işləmədiyini, maddi imkanı olmadığından borcu birdəfəlik ödəyə bilməyəcəyini, lakin yeni işə başlayacağını, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, borclu məhkəmə prosesi gedişində 1450 manat ödəniş etmiş, 290 manat borcu qalmışdır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizələr təqdim edərək izahatında bildirdi ki, məhkəmə prosesi gedişində borclu 1150 manat və 300 manat məbləğində ayrı-ayrılıqda ödənişlər etmişdir. Hazırda borclunun 290 manat borcu qalmışdır. Həmin məbləği də ödəməyə söz verib. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onun borcu işsiz olduğuna görə yaranmışdır. İcra şöbəsində izahatında da bildirmişdir ki, hissə-hissə ödəyəcək, borcundan yayınmır. Onun icra sənədi üzrə cəmi 1740 manat məbləğində borcu yaransa da, məhkəmə prosesi gedişində 1150 manat və 300 manat olmaqla cəmi 1450 manat məbləğində ödəniş etmişdir. Hazırda borcu 290 manatdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-261/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Rəcəbova (Məmmədova) Elnarə Taryel qızının xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-261/2021 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-261/2021 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Rəcəbov X5 rayon icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında hazırda işsiz olduğunu, borcunu tam şəkildə ödəmək imkanına malik olmadığını, borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmənin qənaətinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanın törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyət yalnız icra sənədindəki tələbin icra məmurunun müəyyən etdiyi müddətdə üzrsüz səbəbdən yerinə yetirilmədiyi hallarda yaranır. Hazırki halda isə şəxsin aliment borcu onun işsiz qaldığı dövrdə formalaşmışdır. Borclunun və tələbkarın bildirdiyinə görə məhkəmə prosesi gedişində yaranmış borcun yüksək miqdarı, yəni 1740 manat borcdan 1450 manat məbləğində ödəniş edilmiş, 290 manat ödənilməmiş qalmışdır. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin tətbiqi üçün tələb olunan ən vacib hüquqi tərkib – xüsusilə qəsd və üzrsüzlük elementləridir ki, hazırki işdə də bu hallar öz təsdiqini tapmamışdır. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 261/2021 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar