Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5075/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mahruzlu Ərazi Dairəsi, Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(028)-366/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-366/2024 nömrəli icra sənədinə əsasən Şəxs 14300 manat borc və 132,9 manat dövlət rüsumunun əvəzi olaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs həmin icra sənədini icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3213/2025 nömrəli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 gün müddətə inzibati həbs edilmiş, daha sonra verilmiş apellyasiya şikayətinə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1218/2025 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3213/2025 nömrəli qərarı dəyişdirilərək 08 gün müddətə inzibati həbs tənbeh tədbiri 500 manat inzibati cərimə tənbeh növü ilə əvəz edilmişdir. Şəxs buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində sözügedən icra sənədini təkrarən icra etməmişdir. Şəxs məhkəmə qərarı ilə təyin edilmiş cəriməni ödəsə də, sözügedən icra sənədi üzrə bugünədək heç bir ödəniş etməməmiş və barəsində axtarış verilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hazırda isə zərərçəkmiş şəxslə Şəxs arasında ödənişlə bağlı razılıq və barışıq əldə edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, icra sənədini icra etməkdən boyun qaçırmadığını, evini satışa qoyduğunu və müştərisi olduğunu, evinin satıldığı təqdirdə borcunu tam şəkildə ödəyəcəyini, bunun üçün ona müəyyən müddət verilməsini , hazırda zərərçəkmiş şəxslə razılıq əldə etdiyini qeyd edib, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5, borclu Şəxs ilə aralarında razılıq əldə edildiyini, sonuncunun 1 ay müddətində ödəniş etməyə söz verdiyini, belə olan halda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-366/2024 nömrəli icra sənədindən görünür ki, Şəxs 14300 manat borc və 132,9 manat dövlət rüsumunun əvəzi olaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir.
6. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-366/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
7. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-366/2024 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.
8. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3213/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 gün müddətə inzibati həbs edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1218/2025 nömrəli qərarından görünür ki, Şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3213/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilərək ona təyin edilmiş 08 gün müddətə inzibati həbs tənbeh tədbiri 500 manat inzibati cərimə tənbeh növü ilə əvəz edilmişdir.
11. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs ilə aralarında razılıq yaranmış və sonuncu 1 ay müddətində borcunu ödəməyə söz vermişdir. Ona görə də, Şəxs həbs olunmasını istəmədiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
12. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
13. Belə ki, İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə müəyyən edilmişdir.
14. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması, barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs ilə zərərçəkmiş şəxs arasında razılıq əldə edilmiş, habelə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında verdiyi izahatı ilə icra sənədinin icrasında boyun qaçırmadığını qeyd etmiş, evini satıb borcu ödəyəcəyi barədə öhdəlik götürmüşdür.
15. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.
16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
20. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova