Məhkəmə qərarları › İş №3(001)-5076/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5076/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5076/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İ dərəcəli əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnikleytenantı X2 bildirmişdir ki, Şəxs 14 iyul 2025-ci il tarixdə saat 12 radələrində 43-cü Polis Bölməsinin inzibati binasında səs-küy salıb, ucadan nalayiq ifadələr işlədərək bölmənin iş rejimini pozmuşdur. Daha sonra Şəxs onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və bölməni yandıracağını təkrar edərək polis əməkdaşlarına hədə-qorxu gəlmişdir. Şəxs hərəkətləri bir neçə dəqiqə davam etdikdən sonra sonuncu sakitləşdirilmişdir. Şəxs izahat verməkdən imtina etdiyindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra, tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, polis əməkdaşlarına qarşı heç bir kobud ifadə işlətməmiş və tabesizlik göstərməmişdir. Təxminən bir ay əvvəl dostuna məxsus torpaq sahəsində olarkən oraya gələn polis əməkdaşına vəsiqəsini göstərib qazi olduğunu bildirməklə özünü təqdim etmişdir. Lakin polis əməkdaşı ona hörmət göstərməmiş və onu təhqir etmişdir. Həmin xüsusatla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məsələnin aydınlaşdırılması və polis əməkdaşı barədə tədbir görülməsini xahiş etmişdir. Uzun müddət keçməsinə baxmayaraq, məsələ ilə bağlı ona heç bir məumat verilmədiyindən yenidən DİN 102 xidmətinə zəng etmiş və “əgər bir qazi molotov kokteyli düzəldib polis bölməsinə atarsa bütün respublika onun hərəkətindən danışıb onu qınayar, ancaq bugün vətən uğrunda canından keçməyə hazır olan, bir qazini polis əməkdaşı təhqir edir, söyür onun barəsində hələ də bir tədbir görülmür” deyə bildirmişdir. Bundan sonra o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət edilmişdir. Bölməyə getmə səbəbinin etdiyi müraciətlə bağlı olduğunu düşünmüşdür. Daha sonra bildirmişdir ki, o, 2007-2022-ci illlərdə hərbi qulluqçu olmuş, xüsusi təyinatlılarda vuruşmuş, daha sonra aldığı xəsarətlərə görə ordu sıralarından tərxis olunmuşdur. Onun İ qrup əlilliyi vardır, epilepsiya, panik atak xəstəliyindən əziyyət çəkir, hal-hazırda isə beyinində törəmə aşkarlanmışdır. Bu səbəbdən də tez-tez müayinə üçün Bona-Dea xəstəxanasına gedir. Epillepsiya xəstəsi olduğundan daim müşahidəçi ilə hərəkət etdiyini, həmin gün də xəstəxanaya həyat yoldaşı ilə birlikdə getdiyini bildirən qazi onu bölməyə dəvət etdikləri zaman xəstəxanada olduğunu, daha sonra ordan çıxaraq tək bölməyə yollandığını ifadəsinə əlavə etmişdir. Bölmədə müraciətinə cavab alacağını düşünsə də, belə olmamış, polislər onunla yenidən kobud şəkildə rəftar etmiş və onu qapalı yerdə saxlamışlar. O, polislərə qapalı şəraitdə qala bilmədiyini, ürək döyüntülərinin artması səbəbindən özünü narahat hiss etdiyini dilə gətirmiş, lakin ona məhəl qoymamışlar. Daha sonra heç olmasa maşınından dərmanını gətirərək ona verilməsini xahiş etmiş, lakin ona yenidən məhəl qoymamışlar. Məhz qışqırbağır salması da panik atak keçirməsi və xəstəliyi ilə bağl olmuşdur. Bundan sonra onun halı pisləşmiş və bölməyə təcili tibbi yardım çağırmışlar. Ona tibbi yardım göstərildikdən sonra özünə gəlsə də, onu qapalı yerdən çıxarmamışlar səhərədək orda qalmışdır. Səhər yenidən halı pisləşmiş, lakin polislər yenə də bu vəziyyətə biganə yanaşmışlar. Növbəti gün onun üçün yenidən təcili tibbi yardım dəvət edilmiş, tibbi yardım götərilərək məhkəməyə gətirilmişdir. Barəsində icraat aparılan Şəxs onu da bildirmişdir ki, onun hüquqları məhdudlaşdırılmışdır. Belə ki, inzibati qaydada tutulmada olarkən yaxınları ilə əlaqə saxlanılmasına icazə verilməmiş, vəkil yardımı təklif edilməmişdir. Bölmədə izahat verməməsinə səbəb isə verdiyi izahatın təhrif edilməsini görməsi olmuşdur. Çünki bölmədə verdiyi izahatı təhrif olunaraq guya onun bölməyə molotov kokteyli ataraq yandıracağı şəklində olmuşdur. Halbuki onun izahatı “əgər bir qazi molotov kokteyli düzəldib polis bölməsinə atasarsa bütün respublika onun hərəkətindən danışıb onu qınayarar, ancaq bugün vətən uğrunda canından keçməyə hazır olan, uzun müddət xüsusi təyinatlarda xidmət edən bir qazini polis əməkdaşı təhqir edir, söyür onun barəsində hələ də bir tədbir görülmür” istiqamətində olmuşdur. Sonda Şəxs bir qazi olaraq hörmət görmək istədiyini, üç azyaşlı uşağı olduğunu, xəstə olduğunu bildirərək, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclas zalında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin məsul növbətçisi, polis mayoru X4 14 iyul 2025-ci il tarixdə saat 12 radələrində Şəxs Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati binasında səs-küy salıb, ucadan nalayiq ifadələr işlədərək bölmənin iş rejimini pozduğunu, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli, AZA 009578 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə saat 12:45-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

6. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində ucadan söyüş söymüş və polisin qanuni tələbinə tabe olmayaraq İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasoya sistemindən çıxarışından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən İ dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünun, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmuşdur. Şəxs xəstəlik diaqnozu: “Qeyri-follikulyar limfoma, Diffuz iri Bhüceyrəli kimfoma İV B mərhələ yüngül koqnitiv pozuntu, üzvi mənşəli (qapalı kəllə beyin travması, qəlpə yarası) şəxsiyyət pozuntusu. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

9. İXM-in 510 maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

10. Qanunverici tərəfindən xırda quliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

11. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

12. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.

13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 14 iyul 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi və polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 14 iyul 2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində ucadan söyüş söymüş və polisin qanuni tələbinə tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs xırda xuliqanlıq etməsi, polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil də təqdim edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən Şəxs xuliqanlıq hərəkətinin motivini onun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində ucadan söyüş söyməsi olaraq qiymətləndirilmişdir ki, bu da səlahiyyətli orqanın İXM-in 510-cu maddəsinin dispozisiyasının mənasını düzgün qiymətləndirməməsini göstərir. Çünki yuxarıda da qeyd edildiyi kimi, xırda quliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Göründüyü kimi, Şəxs bölmədə olan hərəkəti öz təsdiqini tapsa belə, xuliqanlığın tərkib əlamətlərini yaratmır. Şəxs polisin qanuni tələbinə tabe olmaması ilə bağlı səlahiyyətli orqanın gəldiyi qənaətə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə iclasında polis əməkdaşları Şəxs qarşı hansı ictimai qaydanı mühafizə etməklə sonuncuya qarşı qanuni tələb irəli sürmələrini izah edə bilməmiş, eləcə də sonuncunun qanuni tələbə tabesizliyini sübut ədəcək tutarlı dəlil təqdim edə bilməmişlər. Belə ki, hər iki hala hüquqi qiymət verilərkən şahidin verdiyi ifadədən sonra üzləşdirmə zamanı verilən ifadələr təhlil edilmiş və müəyyən edilmişdir ki, Şəxs bölmədə səs-küy yaratmasına səbəb onu qapalı məkanda saxlanılması əsası ilə panik-atak keçirməsi və səhhətində olan xəstəliklər səbəbindən halının pisləşməsi ilə bağlı olmuşdur. Məhkəmə bildirmək istəyir ki, həm protokolu tərtib edən şəxs, həm də şahid barəsində icraat aparılan Şəxs sağlamlıq vəziyyətindən xəbərdar olmuşlar. Beləliklə, məhkəmədə toplanmış sübutlar iş üzrə ziddiyyətli və şübhəli hallara yol verildiyini göstərir, məhkəmə isə hesab edir ki, İXM-in 8-ci maddəsinə - təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir.

14. Bundan başqa protokol əsasında toplanmış materiala məhkəmədə baxılan zaman Şəxs müdafiə hüququnun pozulması halı da aşkarlanmışdır. Belə ki, inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı İXM-in 91-ci maddəsinə görə tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaradılmalıdır. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ona vəkilin yardımından istifadə etmək imkanı yaradılmamışdır. Qeyd edilən hal isə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs inzibati qaydada tutulsa da, ona hüquqları izah edilməmiş, tərtib edilmiş protokolda “onun imza etmədən imtina etməsi” göstərilsə də, qeyd edilən hal ancaq ifadəsini imzalamaqdan imtinaya aid olmaqla formal xarakter daşımışdır.

15. Beləliklə, məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

16. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri sübuta yetirilmir və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

17. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

18. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

19. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

20. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

21. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

22. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

23. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

24. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edildir.

25. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar