Məhkəmə qərarları › İş №3(001)-5081/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5081/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5081/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən "Yasamal 6" yaşayış kompleksində yaşayır. Bir neçə il öncə "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Ümumi yığıncağınının qərarı ilə həmin cəmiyyətin direktoru vəzifəsinə təyin olunsa da, artıq uzun müddətdir ki, faktiki olaraq sözügedən vəzifənin icrasını həyata keçirmir. Eyni zamanda onun faktiki olaraq direktor vəzifəsini icra etdiyi dövrdə də cəmiyyətə hər hansı bir şəxsi işə qəbul və ya işdən azad etmək kimi bir səlahiyyəti olmamışdır. O, hazırda Cəmiyyətin direktoru vəzifəsini həyata keçirsə belə tərəfindən və ya cəmiyyət tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulan əmək qanunvericiliyinin tələblərinin pozulması növündə hər hansı bir inzibati xəta törədilməmişdir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarda adıçəkilən X6 "Yasamal-6" yaşayış kompleksində yaşayan sakinlərin bəziləri ilə əldə olunmuş şifahi razılıq əsasında onlara təmizlik xidməti göstərir. "Yasamal-6" yaşayış kompleksinin bütün sakinləri və ərazisinə münasibətdə təmizlik işlərini görmür və onunla cəmiyyət arasında hər hansı bir əmək münasibətləri yaranmamışdır. Səlahiyyətli orqan X11 işin halları üzrə hətərəfli, tam və obyektiv araşdırma aparmadan, F.Abbasovadan iş üçün mühüm əhəmiyyətə malik olan izahat almadan və yalnız formal mülahizələrə əsaslanmaqla barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, cəmiyyət barəsində isə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Mirsadiq Seyidov) xx.xx.2024-cü il tarixli 3(004)-4039/2024 nömrəli qərardadı ilə qeyd olunan iş üzrə cəmiyyət barəsində tərtib olunmuş protokol inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan və iş üzrə kifayət qədər sübutlar toplanmadığından səlahiyyətli orqana geri qaytarılması qərara alınmışdır. Nə o, nə də cəmiyyət tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı heç bir inzibati xəta törədilməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X10 izahatında bildirmişdir ki, "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan yeni binada komendant vəzifəsində işləyir. X1 onun qohumu olduğunu və onu işə götürməsi barədə şikayət edilmişdir. Lakin o, 05 dekabr 2023-cü il tarixdən "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində komendant vəzifəsinə təyin edilmişdir. X6 isə yeni tikilən binada xadimə kimi sakinlərin təşəbbüsü əsasında işləmişdir. Lakin "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sakinləri tərəfindən verilmiş şikayət əsasında cərimə onun barəsində tətbiq edilmişdir. Lakin o, komendant olduğu təqdirdə onun işçi işə götürmək səlahiyyəti olmamışdır. "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru faktiki olaraq Rza Əhmədov olduğunu, işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyətinin onda olduğunu bildirmişdir. Onun işçi işə götürmək səlahiyyətinin olmadığını qeyd edərək barəsində tənbeh tədbiri tətbiq edilməsinə dair qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq iş materiallarında olan hesabatlarda, binada yaşayan sakinlərə verilmiş elanlarda olan imzaların ona məxsus olduğunu, məhkəmə iclasında dinlənilmiş səs yazısının ona məxsus olmasını bildirmişdir. Daha sonra xadimələrin əmək haqlarını onun tərəfindən verildiyini, xadimələrin əvvəldən orda işlədiyini bildirmişdir. Onun əmək müqaviləsi bağlamağa səlahiyyətinin olmadığını, inzibatçı kimi bina sakinlərindən pul yığmaq səlahiyyətinin olduğunu bildirmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, əmək müqaviləsi bildirişinə əsasən X5 "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində xx.xx.2024-cü il tarixdən icraçı direktor olduğunu bu səbəbdən şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında qeyd etmişdir ki, "Yasamal-6" yaşayış kompleksində 3 ildir ki işlədiyini, X5 ondan sonra, yəni 1 il əvvəl orda işləməyə başladığını bildirmişdir. Həmin binada sakinlərin evlərində, həmçinin evin giriş qapısının qarşısında təmizlik işləri görmüşdür. Verilmiş suallara cavab olaraq onu ilk olaraq “Müşfiq müəllim” işə götürmüş, əmək müqaviləsi barədə heç bir anlayışının olmadığını, adi kontur yükləməyi belə bilmədiyini, Rahib Əliyevin onun qohumu olmadığını, Rahibin Ucarlı olmasını, özünün isə Laçınlı olmasını bildirmişdir. Əmək haqqının Müşfiq müəllim tərəfindən ödənildiyini, o çıxdıqdan sonra isə 6-7 aydır ki, aylıq əmək haqqının X10 tərəfindən ödənildiyini, aylıq 300-400 manat əmək haqqı aldığnı, bəzi aylarda daha çox maaş aldığını bildirmişdir. İşi blokların və bina sakinlərinin evlərini təmizləmək olduğunu, rəsmi müqaviləsinin olmadığını, son vaxtlar hər ayın axırı Rahibdən əmək haqqı aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan görünür ki, "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X10 barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində xx.xx.2024-cü il tarixdən icraçı direktor kimi təyin olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 3(004)- 4039/2024 saylı qərardadından görünür ki, "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokol geri qaytarılmışdır. X9 tərəfindən imzalanmış 01 yanvar 2024-31 yanvar 2024-cü il tarixli xərclənən vəsaitlər barədə sənəddən görünür ki, Abbasova Fərqanəyə (xadimə) 350 manat məbləğində əmək haqqı ödənilmişdir. X9 tərəfindən imzalanmış 01 fevral 2024-29 fevral 2024-cü il tarixli xərclənən vəsaitlər barədə sənəddən görünür ki, Abbasova Fərqanəyə (xadimə) 500 manat məbləğində əmək haqqı ödənilmişdir. X9 tərəfindən "Yasamal 6" yaşayış kompleksində yaşayan şəxslərə ünvanlanan elanın surətindən görünür ki, "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X7r. İş materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu CD-yə baxış keçirilmişdir. Videogörüntüdən müəyyən edilmişdir ki, X10 mühafizəçiyə, xadiməyə əmək haqqı verməsi, bu səbəbdən də bina sakinlərinin aylıq kommunalı ödəmələri, binanın idarəçiliyi ilə bağlı xərclər barədə danışığı əks olunmuşdur. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, səlahiyyətli orqanın nümayəndəsinin və şahidin izahatlarını dinləyib hesab edir ki, X5 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində xx.xx.2024-cü il tarixdən icraçı direktor kimi təyin edildikdən sonra X3 2024-cü ilin yanvar və fevral aylarında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xadimə vəzifəsində çalışaraq işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə barəsində 3000 (üç min) manat məbləğində tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa şikayətçi X5 məhkəmə iclasında onun işçi işə götürmək səlahiyyətinin olmaması, qeyd edilən binada komendant işləməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, şikayətçi X10 məsuliyyətdən yayınmaq üçün bu formada izahat vermişdir. İş materialları ilə də müəyyən edilmişdir ki, o, 18 yanvar 2024-cü il tarixdən "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində icraçı direktor təyin olunmuşdur. Bununla bir daha X5 "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində işçilərlə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olmaması faktı bir daha təkzib olunmuşdur. Bundan başqa məhkəmə iclası tədqiq edilmiş iş materiallarında olan işçilərə ödənilmiş əmək haqlarını təsdiq edən sənədlərdən, eləcə də sakinlərə verilən elanlardan da müəyyən edilmişdir ki, "Yasamal-6" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində icraçı direktoru X7r. Həmçinin məhkəmə iclasında izahat verən şahid X6 da ona son aylarda əmək haqqının Rahib Əliyev tərəfindən ödənildiyini bildirmişdir. Bütün bunlara əsasən məhkəmə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın əsaslı olması, şikayətin isə əsassız olması qənaətinə gəlinmişdir. Bununla da şikayətin təmin edilməsi və qeyd edilən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar