Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5084/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khassay Gaziyevin iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar rentgenoloji iş və fəaliyyət eləcə də sertifikasiyadan keçməyən şəxslərin tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Buna görə də hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khassay Gaziyev izahatında bildirmişdir ki, yoxlama zamanı aşkar edilmiş halların nöqsan olmasını bilmədikləri üçün bu halların mövcud olduğunu, ilk dəfə lisenziya alınanda işçilərin həkim olmaları onlara bildirilmişdir. Qeyd edilənləri bilsəydilər qanun pozuntusuna yol verməzdilər. Başqa bütün sənədlərinin düz olduğunu, sadəcə sertifikasiyalarının olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şəxs MMC-nin klinikasının 6-cı mikrorayonda yerləşdiyini, rentgenoloji aparatın sənədini istədiklərini, onun da yeni bir şey olduğunu, rentgen qurğusunun 2 növünun olduğunu, yəni biri portativ rentgen, yəni fotoaparat formasında, birinin də böyük qurğu olduğunu bildirmişdir. Klinikalarında olan rentgen aparatının lisenziyasının olmadığını, artıq lisenziya alınması üçün müraciət etdiklərini, qısa müddətdə həmin lisenziyanı alacaqlarını, yoxlama zamanı həmin lisenziyanın olmadığını bildirmişdir. Yoxlamada olan nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü, əslən azərbaycanlı olduğunu, lakin Qazaxıstan Respublikasının vətəndaşı kimi Azərbaycanda iş qurduğunu, qeyd edilən nöqsanlarla səhv etdiklərini qeyd edərək məhkəmədən onları bağışlamağı xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Bakı səhəri, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar rentgenoloji iş və fəaliyyət eləcə də sertifikasiyadan keçməyən şəxslərin tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6nin 02 sentyabr 2024-cü il tarixli, 538 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlama sualları 3 sualdan ibarət olmuşdur: 1. Lisenziyanın şərtlərinə riayət olunurmu? 2. “Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilirmi?” 3. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi?” Aktın qeyd hissəsindən görünür ki, yoxlamanın birinci sualı üzrə Vizioqraf cihazından istifadəyə dair radioloji gigyenik pasport sənədi yoxdur. Hazır paketlənmiş steril alətlər üzərində müvafiq qeydlər edilmir. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq müqavilə və icra aktı sənədləri yoxlamaya təqdim edilməmişdir. 2-ci sual üzrə müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. X7 əmək müqaviləsinin bildiriş sənədi üzrə həkim köməkçisi, diplom üzrə stomatoloq, X2 əmək müqaviləsi bildirişi sənədinə müvafiq olaraq tibb qardaşı vəzifəsində çalışır, lakin diplom üzrə diş texniki ixtisaslıdır. 3-cü sual üzrə müəssisədə lisenziyadan kənar radioloji gigyenik pasportun sənədi olmadan rentgenoloji işə aid vizioqraf cihazı işlədilməsi üzrə stomatoloji iş otağında açıq vəziyyətdə aşkarlanmışdır. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmiş, bu barədə protokol tərtib olunmuşdur. Həmçinin aktın qeyd hissəsində X8 bildirmişdir ki, keçirilən yoxlamaya dair iradı və etirazı yoxdur, qeyd olunan nöqsanlarla razı olduğunu, yaxın gələcəkdə aradan qaldırılacağını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-939/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən özəl tibb təşkilatının fəaliyyətinin planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X6” PHŞ-yə daxil olmuş Şəxs MMC (ELMED) barədə məlumatdan görünür ki, Şəxs MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə İN/L-66/2021 qeydiyyat nömrəli lisensiya verilmişdir. Tibbi fəaliyyət ambulator tibbi xidmət və stomatologiyadan ibarət olmuşdur. xx.xx.2021-ci il tarixdə İN/L-66/2021/1 qeydiyyat nömrəsi ilə verilmiş lisenziyanın əlavəsindən görünür ki, stasionar tibbi xidməti üzrə stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatloji, ortodontik stomatloji tibb xidmətlərinin göstərilməsinə dair Şəxs MMCyə icazə verilmişdir. X1 izahatından görünür ki, Şəxs MMC-nin işçisi olaraq diplom üzrə texnik olduğundan həkim tərəfindən ölçülmüş protezlərin emalını müəssisədən kənar həyata keçirir, hazır etdiyi məmulatı hazır vəziyyətdə təhvil verir. X1 əmək müqaviləsi bildirişindən görünür ki, tibb qardaşı vəzifəsində işləyir, diplomundan isə müəyyən edilir ki, ixtisası diş texnikidir. X5 izahatından görünür ki, Şəxs MMC-nin işçisi olaraq həkimə kömək, alətlərin sterilizasiyası, həkimin işinin icrası zamanı yanında texniki yardım göstərir. X5 əmək müqaviləsi bildirişindən görünür ki, assistent, həkim köməkçisi vəzifəsində işləyir, diplomundan isə müəyyən edilir ki, ixtisası ortopedik stomatologiyadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na 1 nömrəli əlavənin 2.18-ci bəndində plastik cərrahiyə: 2.18.1. plastik cərrahi daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6nin 02 sentyabr 2024-cü il tarixli, 538 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar rentgenoloji iş və fəaliyyət eləcə də sertifikasiyadan keçməyən şəxslərin tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş izahatlardan, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatlarından məlum olur ki, Şəxs MMC-yə məxsus klinikada lisenziyadan kənar rentgenoloji iş və fəaliyyət, eləcə də sertifikasiyadan keçməyən şəxslərin tibbi fəaliyyətlə məşğul olmuşdur. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq 6000 (altı min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5084/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5084/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver