Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5085/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan AR Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə AR Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 02 sentyabr 2024-cü il tarixdə saat 14:50 radələrində ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Bununla da Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində AR Səhiyyə Nazirliyi Analitik X7 Nəzarət Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş İnzibati orqan AR Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs MMC barəsində AR Səhiyyə Nazirliyi Analitik X7 Nəzarət Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 535 nömrəli planlı aktı ilə təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 215.4-cü maddənin tərkibini yaradacaq əmələ yol verilməyib. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, həyat yoldaşının ağır dərəcəli xərçəng xəstəsi olduğunu, himayəsində 03 qız övladının olduğunu, onları çətinliklə saxladığını və cərimə olunacağı halda maddi vəziyyətinin çətinləşəcəyini qeyd etmişdir. Arzu Əfəndiyevanın inzibati orqan tərəfindən yoxlama aparılan zaman lazer-epilyasiya həyata keçirmək sahəsində işçi elanı ilə bağlı gəldiyini, həmin vaxt sonuncu tərəfindən kömək məqəsədi ilə müştəriyə bir neçə dəqiqəlik lazer-epilyasiya xidməti göstərildiyini, lazer—epilyasiya fəaliyyətinin sertifikat əsasında fəalioyyət göstərən xidmət sahəsi olması ilə bağlı məlumatı olmamışdır. İşdə olan və məhkəmədə tətqiq edilən: Səhiyyə Nazirliyi Analitik X7 Nəzarət şöbəsinin tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 02 sentyabr 2024-cü il tarixdə saat 14:50 dəqiqədə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. Həmin protokolda Əfəndiyeva Arzu tərəfindəən kömək məqsədilə lazer-epilyasiya edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş EL-55/2022 nömrəli, xx.xx.2022-ci il tarixli lisenziyadan görünür ki, AR-nın İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməsi üçün lisenziya verilmişdir. Lisenziyanın əlavəsində göstərilmişdir ki, Şəxs MMC-yə dermatologiya və kosmetoloji xidmət üzrə işlərin görülməsinə icazə verilmişdir. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 saylı qərarı ilə “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısı” təsdiq edilmişdir. Qeyd edilən sərəncamla siyahının 2.13.1 və 2.13.2-ci bəndlərində dermatologiya və kosmetoloji xidmətlərin göstərilməsi üçün lisenziya alınmasının zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, Şəxs MMC barəsində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs MMC-nin əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübut edilə bilməmişdir. İXM-nin 3-cü maddəsinə əsaasən bu Məcəllənin nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalar Məcəlləsinin 10-cu maddəsinə, yəni inzibati xətaların qarşısının alınması prinsipinə görə dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə bəyan etmişdir ki, "İnsan hüquqları və X5 haqqında" Konvensiyanın bütün müddəaları, o cümlədən ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutan 6-cı maddə Konvensiyanın Preambulasında iştirakçı dövlətlərin ümumi sərvəti kimi səciyyələndirdikləri hüququn aliliyinə söykənməli, hüququn aliliyini təmin edən başlıca şərtlərdən biri isə məhz hüquqi müəyyənlik prinspidir. Hüquqi müəyyənlik prinsipinin təmin edilməsinin əsas şərtlərindən biri də milli qanunvericiliyin dəqiq, konkret olmasıdır. Bu və ya digər qanunun (normanın) hüquqi müəyyənlik prinsipinə uyğunluğu barədə nəticəyə gəlmək üçün həmin qanunun (normanın) müəyyən keyfiyyət meyarlarına cavab veribverməməsi önəm kəsb edir. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsinin mövqeyinə görə «qanunun keyfiyyət meyarları» onun müəyyənliyi (konkretliyi) və doğura biləcəyi halların gözlənilən olması ilə bağlıdır. Qanun hüquqları pozulan şəxslərdə müdafiə olunacaqlarına əminlik yaratmalı, hər kəsə, lazım gəldikdə zəruri hüquqi yardıma müraciət etməklə mübahisə ilə bağlı dövlət orqanının edə biləcək hərəkətləri qabaqcadan təxmin etməyə imkan verməli, ərazidən əraziyə və yaxud hadisədən hadisəyə hüquq tətbiq edənin mövqeyinin dəyişməyəcəyinə inamı təmin etməlidir. Bunun üçün isə Qanunda işlədilən hüquqi anlayışlar aydın və birmənalı olmalı, eyni məsələnin müxtəlif normalarda ziddiyyətli həll olunmasına yol verilməməlidir. Milli qanunvericiliyin hüquqi müəyyənlik prinsipinə cavab verməsi, qanun normasının aydın, başa düşülən şəkildə yazılması və nəticələrinin qabaqcadan başa düşülən olması həm hüquq tətbiq edənlər, həm də həmin normaların tətbiq olunduğu şəxslər üçün əhəmiyyət kəsb edir. Hüquqi müəyyənlik, həmçinin onu nəzərdə tutur ki, məcəllə və ya qanunun bölmə, fəsil, paraqraf və maddələrinin adları onların məzmununa uyğun olmalı, hüququn mənbəyində müəyyən anlayış bir terminlərlə ifadə olunmalı, hər hansı bir termin nəzərdə tutulan anlayışın açıqlanması, başa düşülməsi üçün imkan yaratmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 saylı qərarı ilə “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısı” təsdiq edilsə də, konkret olaraq hansı növ prosedurların kosmetoloji və ya dermotoloji fəaliyyət kateqoriyasına aid edilməsi, o cümlədən lazerepilyasiya fəaliyyətinin hansı növ özəl tibb xidmət sahəsinə aid edilməsi və həmin xidməti həyata keçirən şəxslərin lisenziya almasının vacibliyi müəyyən edilməmişdir. Bununla da məhkəmə bu qənaətə gəlir ki, bu sahədə olan hüquq münasibətlərini tənzimləyən vahid və aydın hüquqi bazanın olmaması fiziki və hüquqi şəxslərin məsuliyyətini istisna edir. Hüquqi müəyyənlik prinsipi ilk növbədə cəmiyyətdə nizam yaradır, cəmiyyət üzvləri üçün vahid davranış qaydalarını müəyyənləşdirir, sabitliyi, əmin-amanlığı təmin edən mühüm mexanizm kimi çıxış edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, lazer-epilyasiya fəaliyyətinin kosmetoloji və ya dermotoloji fəaliyyətə aid edilməsi və bununla əlaqədar aidiyyəti sertifikatın alınması ilə bağlı aydın və başa düşülən normaaların mövcud olmaması, həmçinin inzibati orqan tərəfindən fiziki və hüquqi şəxslərin lazer-epilyasiya xidməti həyata keçiriən şəxslərin mütləq şəkildə sertifikasiyadan keçməli olması və əks təqdirdə onların inzibati xəta haqqında normaların tələblərini pozmaları əsası ilə məsuliyyətə cəlb olunacaqları barədə əvvəlcədən rəsmi qaydada xəbərdar olunmaması hüquqi və fiziki şəxslərin törətmələri ehtimal edilən inzibati xətalara görə məsuliyyətə cəlb edilmələrini ədalətli hesab etmir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, tərtib olunmuş inzibati xəta haqqında protokola dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində İXM-in 215.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair AR Səhiyyə Nazirliyindən daxil olmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5085/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5085/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver