Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5092/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 326-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:10-da Xəzər Universitetinin qarşısında **-SO-***, **-GL-***, **-SU-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatın “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 326- 2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında sərnişinin taksi sifariş verdiyi halda “AYNA” informasiya sistemində sürücü barədə məlumatlar əks olunmalıdır. X6 haqqında Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmişdir. Bəzi hallarda sifariş edilən zaman sifarişdə göstərilən taksi avtomobilinin yerinə başqa taksi avtomobili gəldiyi, həmçinin şirkətlər tərəfindən qeydiyyatdan başqa maşını keçirib digər maşınları istifadəyə buraxmasının qarşısının alınması üçün bu tələb olduğunu bildirmişdir. Bu səbəbdən də vətəndaşlar sosial şəbəkələrdə narazılıq edirlər. Bununla bağlı Şəxs MMC-nin rəhbərliyi onlar tərəfindən dəvət edilmiş, protokolda göstərilən nöqsanın onlara izah edildiyini, onlar tərəfindən də bu nöqsanın mövcud olmasını etiraf etdiklərini, həmin nöqsanların aradan qaldırılması üçün işlər gördüklərini, qeyd edilən şirkətin idarəçiliyinin Rusiya Federasiyasında olduğunu qeyd etmişdir. Sifariş verilən kimi sürücü barədə məlumatlar “AYNA” informasiya sisteminə inteqrasiya olunduğunu bildirmişdir. Daha sonra qeyd edilən nöqsan aşkar edildikdən sonra bütün taksi şirkətləri bu nöqsanları aradan qaldırdıqlarını, yalnız Şəxs MMC tərəfindən bu nöqsanlar hələ də aradan qaldırılmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında Şəxs MMC ilə dəfələrlə görüşlər keçirdiklərini, bu görüşlərdə qeyd edilən məlumatların natamam ya da ümumiyyətlə məlumatların təqdim edilmədiyi onlara bildirilmiş, bununla bağlı protokolda rəsmi bildiriş əlavə etdiklərini qeyd etmişdir. Nazirlər Kabinetinin Qərarında 9 bənddə məlumatlar tələb edildiyini, bu normalar barədə bütün taksi xidməti göstərən şirkətlərə görüşlər zamanı məlumatlar verdiklərini bildirmişdir. Qeyd edilən məlumatlar olmadığı halda vətəndaş şikayətlərinin artmasına, eləcə də bu formada vətəndaş şikayətlərinə baxa bilmədiklərini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında olan fotoşəkillərdəki nəqliyyat vasitələri onların əməkdaşları tərəfindən taksi sifarişi edilərkən çəkildiyini, Şəxs MMC tərəfindən həmin taksilər tərəfindən sifaişlərin qəbul edilməsi və qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ötürlməli məlumatların həmin cəmiyyət tərəfindən ötürülmədiyini, ümumiyyətlə cəmiyyət tərəfindən həmin proqram təminatının düzgün yaradılmadığını və fəaliyyət göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil yzaılı etirazını müdafiə edərək izahatında bildirmişdir ki, 2024-cü ilin aprel ayından bu məlumatların sistemə yerləşdirilməsi tələb edilmədəyə başladığını, may ayından etibarən bu məlumatları təqdim etdiklərini, lakin Şəxs MMC-nin bəzi İT texnologiya mütəxəssislərinin Rusiya Federasiyasında olduğu üçün bu məlumatları vaxtında ötürə bilmədiklərini, bunu qəsdən etmədiklərini, eləcə də elektron sistemdə olan texniki nasazlıqlar səbəbindən bu məlumatların real vaxt rejimində ötürülmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq **-SO-***, **-GL-***, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Şəxs MMC-yə məxsus “MAXİM” mobil tətbiqi vasitəsilə taksi xidməti göstərdiyini, həmin nəqliyyat vasitələri barədə məlumatların “AYNA” informasiya sisteminə ötürülməsinə dair hər hansı bir sübut təqdim edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:10-da Xəzər Universitetinin qarşısında **-SO-***, **-GL-***, **-SU-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatın “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması haqqında 25 iyul 2024-cü il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən **- SO-***, **-GL-***, **-SU-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobilləri ilə özünün müvafiq informasiya sistemində olan taksi sifarişlərinin, sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinin, həmçinin Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 144 nömrəli Qərarın tələblərinə əməl edilməyərək “AYNA” informasiya sisteminə real vaxt rejimində ötürülməsini həyata keçirməmişdir. “AYNA” informasiya sistemindən olan çıxarışdan görünür ki, **-SO-***, **-GL-***, **- SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə hər hansı bir məlumat elektron sistemdən aşkar edilmir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndələrinin və hüquqi şəxsin nümayəndəsinin **-SO-***, **-GL- ***, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Şəxs MMC-yə məxsus “MAXİM” mobil tətbiqi vasitəsilə taksi xidməti göstərməklə həmin nəqliyyat vasitələri barədə elektron informasiya sisteminə məlumatları yerləşdirilməməsinə dair izahatları, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 326-2.3-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə hüquqi şəxs inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə – vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə əsasən Taksi sifarişi operatorları, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və həmin Qanunun 5.9-cu maddəsinə əsasən fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər. Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 144 nömrəli Qərarına əsasən Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə 1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt; 2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb); 3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı; 4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada); 5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat; 6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı; 7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti; 8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir); 9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı barədə məlumatlar real vaxt rejimində ötürülür. Qeyd edilənlərlə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:10-da Xəzər Universitetinin qarşısında **-SO-***, **-GL-***, **-SU-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomobillərinə verilmiş taksi sifarişləri barədə məlumatın “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və fəaliyyət göstərməməsi təsdiqini tapmışdır. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Zamiq Bağırov