Məhkəmə qərarları › İş №3(001)-5099/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5099/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5099/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Şamaxı rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Muğanlı Ə/D, Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2024-cü il tarixdə gecə saat 03:36-dan başlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı X9 ilə yüksək səslə, nalayiq ifadələr işlədərək zarafatlaşdıqları üçün onlara yaxınlaşan və əhalinin dincliyini pozmamağa dəvət edən X13 Alayının patrul bölüyünün polis nəfərləri polis serjantı X6 və polis serjantı X3 “gedin ...(nalayiq söz)” deyərək, üzərilərinə gəlib əl-qol hərəkətləri ilə mübahisə yaratmış, onu təkrarən intizama dəvət edən polis serjantı X4 və polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmayıb sonuncuları söymüş, polis bölməsinə aparılması məcburi qaydada təmin edildikdən sonra da həm xidməti avtomobildə, həm də 7-ci PB-in inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb polis bölməsinin iş faəliyyətini uzun müddət pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdə gecə saat 03:36-da Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında içkili halda tanışı ilə yüksək səslə söyüşlər işlədərək zarafatlaşdıqları üçün ərazidə xidmət aparan X13 Alayının patrul bölüyünün polis nəfərləri polis serjantı X10 və polis serjantı X7 onlara yaxınlaşaraq özlərini təqdim edib əhalinin dincliyini pozmamağa dəvət emişlər. Bu zaman onlar polis nəfərlərinə “gedin ...(nalayiq söz)” kimi nalayiq söyüş demişlər. Buda az imiş kimi üzərilərinə gəlib polislərin yaxasından yapışmışlar. Polis əməkdaşları onları yenidən intizama dəvət etsələrdə, qəsdən tabesizlik göstərib polisləri söymüşlər. Daha sonra hadisə yerinə əlavə qüvvə gəlmiş, onların polis bölməsinə aparılması məcburi qaydada təmin edilmişdir. Həmin zaman o, da ora gələn polislərdən olmuşdur. Həm xidməti avtomobildə, həm də 7-ci PB-in inzibati binasında qeyd olunan şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb polis bölməsinin iş faəliyyətini uzun müddət pozmuşlar. Onların qanunsuz hərəkətləri nəticəsində başından xəsarət almışdır. Polis bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxslərdən biri Şəxsdur. Onun intizamsız davranışını, uzun müddət ərzində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını, polisin iş fəaliyyətini pozduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə gecə saatlarında Zərifə Əliyeva adına istirahət parkında tanışı X9 ilə yeyib spirtli içki içmişlər. Sonra parkın ərazisində bir-birilə yüksək səslə zarafatlaşmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq polisləri söydüklərini demişlər. Polislərə onları söymədiklərini desələrdə, onlar inanmamış, aralarında mübahisə yaranmışdır. Sonra onları 7-ci PB-yə gətirmişlər. Heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 Alayının patrul bölüyünün polis nəfəri polis serjantı X10 izahatında göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə gecə saat 03-04 radələrində Binəqədi rayonu Zərifə Əliyeva adına istirahət parkında xidmət aparan zaman 2 nəfər şəxsin içkili halda yüksək səslə söyüşlər işlədərək zarafatlaşdıqlarını görüb onlara yaxınşalaraq özlərini təqdim etmişlər. İçkili halda olan şəxslərə əhalinin dincliyini pozmamağı deyib, zarafatlarını aşağı səslə etmələrini təklif etmişlər. Bu zaman sonradan adını bildiyi Şəxs onlara “gedin ...(nalayiq söz)” kimi nalayiq söyüş demişdir. Ondan danışığına diqqət etməsini tələb etdikdə isə üzərinə gəlib yaxasından yapışıb dartışdırmışdır. Onu yenidən intizama dəvət etsələrdə, qəsdən tabesizlik göstərib söyüş söymüşdür. Daha sonra hadisə yerinə əlavə qüvvə gəlmiş, hər iki şəxsin polis bölməsinə aparılması məcburi qaydada təmin edilmişdir. Həm xidməti avtomobildə, həm də 7-ci PB-in inzibati binasında qeyd olunan şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb polis bölməsinin iş faəliyyətini uzun müddət pozmuşlar. Onların qanunsuz hərəkətləri nəticəsində xəsarət almışdır. Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxslərdən biri Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 Alayının patrul bölüyünün polis nəfəri polis serjantı X7 da şahid Z.M.Mədətovun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X13 Alayının patrul bölüyünün polis nəfərləri polis serjantı X10 və polis serjantı X7 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in rəisinə yazılmış Raportdan görünür ki, 08 sentyabr 2024-cü il tarixdə gecə saat 03:36-da Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında 2 nəfər şəxsin içkili halda yüksək səslə söyüşlər işlədərək zarafatlaşdıqlarını görüb onlara yaxınşalaraq özlərini təqdim etmişlər. İçkili halda olan şəxslərə əhalinin dincliyini pozmamağı deyib, onları intizama dəvət etmişlər. Bu zaman sonradan adını bildiyi Şəxs onlara “gedin ...(nalayiq söz)” kimi nalayiq söyüş demişdir. Ondan danışığına diqqət etməsini tələb etdikdə isə üzərilərinə gəlib yaxasından yapışıb dartışdırmışdır. Onları yenidən intizama dəvət etsələrdə, qəsdən tabesizlik göstərib söyüş söymüşlər. Daha sonra hadisə yerinə əlavə qüvvə gəlmiş, hər iki şəxsin polis bölməsinə aparılması məcburi qaydada təmin edilmişdir. Həm xidməti avtomobildə, həm də 7-ci PBin inzibati binasında qeyd olunan şəxslər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb polis bölməsinin iş faəliyyətini uzun müddət pozmuşlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X8r. Odur ki, həmin şəxslər barəsində tədbir görülməsi xahiş edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli, 2/48975 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 04:10-da sərxoşluq müayinəsindən keçirilmiş və orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 022428 nömrəli 08 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 03:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* nömrəli 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 09 sentyabr 2024-cü il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in polis sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* nömrəli 09 sentyabr 2024-cü il tarixli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi şahidlərin izahatları, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdə gecə saat 03:36 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Halbuki, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları özləri ilə tabelik münasibətlərində olmayan şəxslərə qarşı icrası həmin şəxslər üçün məcburi olan müəyyən qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Göründüyü kimi barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaratmış, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının sakitləşməyə, insanların dincliyini pozmamağa dəvət etməkdən ibarət qanuni tələblərinə tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 03:45-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar