Məhkəmə qərarları › İş №3(001)-5100/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5100/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5100/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X8 izahat verərək bildirmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə mülki iş üzrə axtarışda olan şəxs X3 çalışdığı avtoyuma məntəqəsinə getmişlər. Orada X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun həmin yerdə işlədiyini, lakin hazırda işdə olmadığını söyləmişdir. Lakin sonuncu özünü təqdim etməmiş, kim olduğu soruşulduqda isə həmin avtoyuma məntəqəsində işçi olaraq çalışdığını söyləmişdir. Daha sonra qırağa çəkilərək kiminləsə telefonla danışmışdır, onlar sonuncunun X6 danışdığından şübhələnmişlər. Lakin Famil dəfələrlə ondan kim olması soruşulduqda şəxsiyyətini bildirməkdən imtina etmişdir. Daha sonra kənarda olan digər işçilərdən Familin harada olması barədə məlumat almaq istədikdə orada olan işçilərdən biri Xəyyamin buralarda olduğunu, lakin hazırda yoxa çıxdığını bildirmiş, həmçinin söyləmişdir ki, Xəyyamın oğlu buradadır, oğlundan məlumat alsınlar. Oğlunun kim olmasını soruşmuşlar və onlara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi göstərmişlər. Yenidən onlar Şəxs yaxınlaşmışlar, Xəyyamın atası olduğunu soruşmuşlar. Lakin Famil qəti surətdə Familin atası olmadığını bildirərək orada işçi olduğunu iddia etmişdir. Şəxsdən anket məlumatları tələb olunmuşdur ki, portal vasitəsi ilə sonuncunun şəxsiyyətini müəyyən etsinlər. 5 dəfə şəxsiyyəti barədə məlumat verilməsi bildirilsə də, Famil qəti surətdə şəxsiyyəti barədə məlumat verməyərək, polisin qanuni tələbinə tabe olmamışdır. Həmçinin axtarışda olan atasına məlumat verməklə onun yayınmasına kömək edərək polis əməkdaşlarının fəaliyyətinə mane olmuşdur. Şəxs şəxsiyyətinin müəyyən edilməsi üçün şöbəyə dəvət olunmuşdur. Bundan sonra etiraz edərək nalayiq ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət olunsa da öz qərəzli hərəkətlərini davam etdirmişdir. Şöbəyə gedərkən də, şöbə də olarkən Şəxs nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati qaydada tutulduqdan sonra azad edilməmiş, məhkəməyə də polis əməkdaşları tərəfindən gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, həqiqətəndə polis əməkdaşlarının tələbinə tabe olmayaraq şəxsiyyəti barədə məlumatlar verməmiş, axtarılan şəxsin atası olması etiraf etməmişdir. Həmçinin atasına hadisə yerindən yayınmaqda məlumat verməklə kömək etmişdir. Lakin heç kimin ünvanına nalayiq ifadə işlətməmiş, heç kimi təhqir etməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə axtarışda olan şəxs X3 çalışdığı avtoyuma məntəqəsinə getmişlər. Həmin vaxtdan təxminən 15 gün qabaq həmin yerə gedərək Xəyyamın şöbəyə gəlməli olduğu barədə məlumat vermişlər. Həmin günü oraya gedərkən Şəxs özünü yalandan işçi kimi təqdim etmiş, axtarışda olan atasının yayınmasına kömək etmişdir. Daha sonra kənarda olan işçilərdən onlar Familin Xəyyamın oğlu olmasını öyrənmişlər. Bundan sonra dəqiqləşdirmə etmək istədikdə, Famil Xəyyamın atası olmadığını orada işçi olduğunu bildirmişdir. Dəfələrlə şəxsdən şəxsiyyəti barədə məlumat verməsini tələb etmişlər ki, sonuncunun şəxsiyyətini müəyyən etsinlər. Lakin Şəxs qanuni tələbə tabe olmayaraq özünü təqdim etməmiş, 5 dəfə şəxsiyyəti barədə məlumat verməsi bildirilsə də, Famil qəti surətdə məlumat verməmişdir. Şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə şöbəyə dəvət edildikdə isə nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Nizam-intizama əməl etmək barədə tələblərə əməl etməmişdir. Şöbəyə gedərkən də, şöbədə olarkən də yenə təhqiredici ifadələr işlətməkdə davam etmişdir. Avtomobilə əyləşən zamanda qışqırmış, əyləşməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 09 sentyabr 2024-cü il tarixli, AZA01918 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarix “Axtarış işinin açılması barədə” qərardan görünür ki, X6 barəsində mülki iş üzrə axtarış işi açılmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Odur ki, inzibati xəta haqqında protokollar düzgün olaraq tərtib olunmuş, şəxs İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları axtarış olan X3 müəyyən edilməsi üçün sonuncunun çalışdığı avtoyuma məntəqəsinə getmişlər. X3 orada çalışan oğlu Şəxs atasının hadisə yerindən yayınmasına kömək etməklə yanaşı, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat verməmiş, həmçinin şöbəyə aparılan zaman və şöbədən olan zaman nalayiq ifadələr işlətmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 2-ci bəndinə əsasən cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Hazırki iş üzrə polis əməkdaşlar Şəxs özünü təqdim etməsini tələb edərək sonuncunun şəxsiyyətini müəyyən etmək istəsələr də, sonuncu həmin qanuni tələbə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni polis əməkdaşları tərəfindən şöbəyə aparılan zaman, həmçinin şöbədə olan zaman nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun özününü səmimi etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, raport və şahid izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs 09 sentyabr 2024--cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla İXM-nin 34.3cü maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar