Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5101/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 11:00 radələrində Binəqədi rayonu, Aboyev parkının yaxınlığında yerləşən bazarda polis əməkdaşlarının videosunu və şəkillərini çəkərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və həmin videonu xarici ölkələrə göndərmişdir. Buna görə də post patrul xidməti tərəfindən saxlanılmış, sorğu sual zamanı polis əməkdaşlarına onları biyabır edəcəyini və bu hərəkəti ilə yaxşı etdiyini bildirmişdir. Buna görə də o, şöbəyə dəvət edilmiş, lakin o, polis əməkdaşlarının onu bölməyə dəvət edilməsinə dair qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs polis bölməsində əməlindən peşman olduğunu, polis əməkdaşlarından dəfələrlə üzr istədiyini qeyd etmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərdiyindən onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında əməlindən peşman olduğunu, səhv bir hərəkət etdiyini, 3 övladının olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bazarı çəkdiyini, polis əməkdaşlarını çəkmədiyini, polis əməkdaşlarına tabesizlik göstərmədiyini, qardaşının jurnalist olmasını, çəkdiyi videoları paylaşdığını, əvvəllər belə hallara yol vermədiyini, əvvəl qaziləri çəkib paylaşdığını qeyd etmişdir. Etdiyi bütün hərəkətlərdən peşman olduğunu qeyd etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarını heç bir məqsədlə çəkmədiyini, polisin tələbindən sonra çəkilişi dayandırdığını, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidmətinin polis nəfəri X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10- 11 radələrində Binəqədi rayonu, Aboyev parkında Şəxs yenə də onların şəkillərini və videolarını çəkərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən ona yaxınlaşaraq nə səbəbdən onların şəkil və videolarını çəkdiyini soruşduğu zaman Şəxs yaxşı etdiyini, çəkdiyi videonu sosial şəbəkədə paylaşacağını və onların ünvanına təkrarən nalayiq ifadələr işlədərək özünü təqdim etməmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmələrinə baxmayaraq bölməyə getməkdən imtina etmişdir. Avtopatrul vasitəsi ilə onun şöbəyə aparılması təmin edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidmətinin polis nəfəri X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10- 11 radələrində Binəqədi rayonu, Aboyev parkında Şəxs yenə də onların şəkillərini və videolarını çəkərək onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmələrinə baxmayaraq bölməyə getməkdən imtina edərək, onların ünvanına nalayiq ifadələr işlətmiş, eləcə də özünü təqdim etməmişdir. Şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını, daha sonra avtopatrul vasitəsi ilə onun şöbəyə aparılması təmin edildiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq, Şəxs onların şəkil və videosunu çəkməməsini tələb etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 RPİ-nin PPX-nin əməkdaşları tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:00 radələrində Həsənov X5 rayonu, Aboyev parkının yaxınlığında polis əməkdaşlarının videosunu çəkdiyi və qeyri adekvat hərəkətlərini gördükləri üçün ona yaxınlaşmışlar, sorğu sual zamanı vətəndaş qeyri səmimi hərəkətlər edərək özünü təqdim etməkdən imtina etmiş, və polis əməkdaşlarından yayınmağa cəhd göstərmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının şəkil və videolarını kamera ilə çəkərək onların ünvanına nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və bu zaman özünü polis əməkdaşlarına təqdim etməmiş, polisin videoçəkili dayandırmasına dair tələbini yerinə yetirməyərək, eləcə də hadisə yerindən uzaqlaşmağa cəhd edərək polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs post-patrul xidmətinin əməkdaşları tərəfindən yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, polis əməkdaşlarının, onların foto və videogörüntüsünün çəkilməsi ilə bağlı Şəxs çəkilişi dayandırması, özünü təqdim etməsi və polis şöbəsinə dəvət edilməsi ilə bağlı tələbləri qanuni olmuş, lakin Şəxs onların tələblərinə tabe olmayaraq polisin ünvanına nalayiq ifadələr işlədərək polis bölməsinə getməkdən imtina etmişdir. Göstərilənlərə əsasən post-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs videoçəkilişi dayandırması, onun polis bölməsinə dəvət edilməsi ilə bağlı tələb tam qanuni olmuşdur. Şəxs özünü təqdim etməyərək polis əməkdaşlarından yayınmağa cəhd etməklə bölməyə getməkdən yayınması ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raportlar, şahidlərin izahatları həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdiriən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 09 sentyabr 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5101/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5101/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver