Məhkəmə qərarları › İş №3(001)-5108/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5108/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5108/2024 11.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8605/2015 saylı icra sənədinə əsasən Bank Respublika ASC ilə X11 oglu arasında baglanmış 01 oktyabr 2014cü il tarixli, 14032-2408/471218 sayl kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər X2, X1 va X5 müştərək qaydada əsas borc üzrə 17279,55 (on yeddi min iki yüz yetmiş doqquz manat 55 qəpik) manat, faiz borcu üzrə 1172,06 (bir min yüz yetmiş iki manat 06 qəpik) manat, 1270,42 (bir min iki yüz yetmiş manat 42 qəpik) manat penya olmaqla, ümumilikdə 19722,03 (on doqquz min yeddi yüz iyirmi iki manat 03 qəpik) manat borc va 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Şəxs barəsində protokol tərtib edilən vaxtadək ödədiyi ödənişlər nəzərə alımaqla hal-hazırda icra sənədi üzrə borcu yaranmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq icra sənədi üzrə digər borclu şəxslərin əmlaklarına qoyulmuş həbsin götürüldüyünü qeyd etmişdir. Tələbin könüllü icrası haqqında bildirişin xx.xx.2024-cü il tarixdə Şəxs təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(001)-8605/2015 saylı icra sənədindən məlumatı olmamışdır. Həmin icra sənədi haqqında tələbin könüllü icrası barədə bildirişin ona bu gün, yəni xx.xx.2024-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq, icra sənədi barədə heç bir məlumatının olmamasını, bundan başqa əsas borclu tərəfindən borcun tam ödənilməsini bildiyini qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, borcun Şəxs tərəfindən qısa müddətdə ödənilməsi ilə bağlı razılıq əldə etdiklərini qeyd etmişdir. Ümumi borcdan 1200 manat əsas borclu X7 tərəfindən ödənildiyini bildirmişdir. Bu səbəbdən Şəxs vaxt verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8605/2015 saylı icra sənədinə əsasən Şəxs Bank Respublika ASC ilə X11 oglu arasinda baglanmış 01 oktyabr 2014-cü il tarixli, 14032-2408/471218 sayl kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X2, X1 va X5 müştərək qaydada əsas borc üzrə 17279,55 (on yeddi min iki yüz yetmiş doqquz manat 55 qəpik) manat, faiz borcu üzrə 1172,06 (bir min yüz yetmiş iki manat 06 qəpik) manat, 1270,42 (bir min iki yüz yetmiş manat 42 qəpik) manat penya olmaqla, ümumilikdə 19722,03 (on doqquz min yeddi yüz iyirmi iki manat 03 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. xx.xx.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8605/2015 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Həmin qərar və tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildiriş Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-8605/2015 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin artıq icra edildiyi üçün əsassız hesab edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 8605/2015 saylı icra sənədinə əsasən Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə icraata başlanmış və tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildiriş isə Şəxs xx.xx.2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Göründüyü kimi, Şəxs tələbin könüllü icrası barədə bildirişi və qərarı qəbul etdiyi gün onun barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bununla da müəyyən edilmişdir ki, icra şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında bildiriş üzrə borculunun 10 gün ərzində borcu könüllü ödəməsi ilə bağlı müddət gözlənilmədən onun barəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə protokol tərtib edilmişdir. Bu səbəbdən də Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaranması üçün həmin maddədə təsbit edilmiş əlamət müəyyən edilməmişdir. Qeyd olunanlar Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar