Məhkəmə qərarları › İş №3(001)-5110/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5110/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5110/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1, Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, AR İXM-nin 327.2-ci maddəsində göstərilən tələblərin onun tərəfindən pozulması ilə bağlı heç bir sübut olmadığını bildirərək, onun barəsində tərtib olunmuş qanunsuz xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. O idarə etdiyi nəqliyyat vasitəsini svetaforun qadağanedici nişanı yanmadan idarə edib keçdiyini qeyd etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 idarə etdiyi "Hyundai Elantra minik” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə 100 manat mələğində cərimə edilmişdir. Məhkəməyə inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilən 1 ədəd CD diskdə olan video görüntüyə baxış keçirən zaman müəyyən etmişdir ki, görüntünün 11-ci saniyəsində svetaforun yaşıl işığı yanıb-sönməyə başlayır, “Hyundai Elantra minik” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürətlə hərəkət edərək 12-ci saniyədə sağa anidən manevr etməklə svetaforun sarı işığında hərəkətini davam etmiş və həmin an svetaforun qırmızı işığı yanmış o, sol istiqamətə dönmüşdür. Bundan sonra həmin avtomobilin sürücüsünün dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılması müəyyən edilir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yol hərəkəti haqqında Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir, 4-cü bəndinə əsasən sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. Həmin Qanunun 60-cı maddəsinin İV bəndinə görə svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi X6 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş svetaforun qadağanedici işarəsində hərəkətini davam etdirərək inzibati xəta hadisəsi törətmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, formal əsaslar inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar