Məhkəmə qərarları › İş №3(001)-5111/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5111/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5111/2025 16.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6300/2015 saylı icra vərəqəsinə əsasən Şəxs uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 108 manat sabit pul məbləğində aliment xx.xx.2015-ci il tarixdən etibarən uşaqlar yetkinlik yaşına çatana qədər tutulub X6 verilməlidir. Həmin icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Tələbkar şikayət edərək pulunu tələb edir, buna görə də protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ödəniş qəbzləri ona təqdim edilmədiyindən ödənilməmiş aliment məbləğini dəqiq müəyyən etmək mümkün olmamışdır. O, tələbkara da bildirmişdir ki, kartına pul atıldığı halda qəbzləri ona da göndərsin ki, o, dəqiq məbləği müəyyən edə bilsin, lakin tələbkar buna əməl etməmişdir. Bundan başqa borclunun avtomobilləri üzərinə də həbs qoyulmuş, lakin həmin avtomobilləri tapmaq mümkün olmamışdır. Şəxs birgə nigah dövründə avtomobillərdən birinin yararsız vəziyyətə düşdüyündən ehtiyat hissəsi kimi, digərlərini isə satmasını bildirmişdir. Borclu bir müddət xaricdə olmuş, həmin zaman barəsində axtarış elan edilmiş, daha sonra ölkəyə gəldikdən sonra axtarışa xitam verilməsi barədə məktub göndərmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, onlar 2015-ci ildən boşanmışlar, həmin zamanlar uşaqlar balaca olduğu üçün xərclər də az olmuş, özü uşaqların xərclərini tək qarşılaya bilmiş, lakin artıq uşaqlar böyüdüyündən onların hazırlıq və sair kimi əlavə xərcləri yaranmışdır ki, buna görə də həmin xərcləri hazırda təkbaşına qarşılaya bilmir. Şəxs axtarışı olduğu üçün xaricə gedə bilməmiş, ondan icazə istəmişdir ki, Almaniyaya getməyə şərait yaratsın, oradan işləyib pulu ödəyəcəkdir. O, da buna etiraz etməmiş və Şəxs Almaniyaya getmiş, getdikdən sonra təqribən 2 il aliment ödənişini etmiş, lakin daha sonra ödənişləri etməmiş, onlarla hər hansı əlaqə saxlamamışdır. Şəxs təxminən 1 il əvvəl ölkəyə qayıtmış, həmin vaxtdan sonra ona ümumilikdə təqribən 5000 manat ödəniş etmişdir. Lakin həmin ödənişlər Şəxs Almaniyada olduğu müddətdə şamil olunmalı idi. O, hazırda yaranmış bütün aliment ödənişini tələb edir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Şəxs adına olan nəqliyyat vasitələrini birgə nigahda olduğu müddətdə satılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o nigahları pozulduqdan sonra işləmək üçün Almaniya Respublikasına getmiş, orda fəhləliklə məşğul olmuş, getdikdən sonra da iki il müddətinə aliment ödənişlərini etmişdir. Lakin daha sonra maddi imkanı olmadığından və qazanc əldə edə bilmədiyindən bir müddət aliment ödənişlərini həyata keçirə bilməmişdir. 2024-cü ilin yay aylarında Almaniya Respublikasından ölkəyə geri ayıtmışdır. Ölkəyə qayıtdıqdan sonra da aliment ödənişlərini etməyə başlamış, son bir il ərzində təqribən 7000 manata yaxın ödəniş etmişdir. Həmin ödənişləri bankdan çıxarış etməklə sübut da edə bilər. Bundan başqa əlbəəl də aliment ödənişindən 500, 600 manat olmaqla bir neçə dəfə ödənişlər etmişdir. Hazırda rəsmi iş yeri olmasa da qeyri-rəsmi olaraq turizm sahəsində işləyir, aylıq gəliri sabit omamaqla ***-**** ABŞ dolları arasında gəlir əldə edir. Hazırda da aliment ödənişlərinin edilməsindən imtina etmir və aylıq aliment ödənişlərini, habelə əvvəlki qalıq ödənişlərini də etməyə davam edir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6300/2015 saylı icra vərəqəsindən görünür ki, Şəxs uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 108 manat sabit pul məbləğində aliment xx.xx.2015-ci il tarixdən etibarən uşaqlar yetkinlik yaşına çatana qədər tutulub X6 verilməlidir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6300/2015 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-157/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6300/2015 saylı icra vərəqəsinin təmin olunması məqsədi ilə Şəxs məxsus “Volkswagen Passat CC” minik markal, 90HH828 dövlət qeydiyyat nışanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “Birbank” tətbiqindən olan 1-403077524 nömrəli qəbzin çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə Nurana A***** qeyd edilmiş şəxsə 500 AZN köçürülmüşdür. “Birbank” tətbiqindən olan 1-412886153 nömrəli qəbzin çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə Nurana A***** qeyd edilmiş şəxsə 500 AZN köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs mülkiyyətində olan VAZ 21074 minik markalı, 90ET076 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə, barəsində icraat aparılan Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6300/2015 saylı icra vərəqəsinə (icra vərəqəsinin verilmə tarixi: xx.xx.2020-ci il) əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 108 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 216 manat aliment ödəmək öhdəliyi müəyyən edilmişdir. Bu öhdəlik xx.xx.2015-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2020-ci il tarixində icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, barəsində icraat aparılan Şəxs bir müddət Almaniyada yaşayaraq orada çalışmış, həmin dövrdə aliment ödənişlərini qismən həyata keçirmiş, daha sonra isə maddi çətinliklər səbəbindən ödənişləri dayandırmışdır. Bununla belə, 2024-cü ildə ölkəyə qayıtdıqdan sonra son bir il ərzində təqribən 7000 manat aliment ödənişi etmiş, bu ödənişlərin bir qismi bank köçürmələri, digər hissəsi isə nağd formada edilmişdir. Zərərçəkmiş şəxs də bu ödənişlərin təxminən 5000 manatlıq hissəsini təsdiq etmişdir. Halbuki, illik ödənilməli olan aliment məbləği 216 AZN x 12 ay = 2592 manat təşkil edir. Belə olan halda, Şəxs son bir ildə müəyyən edilmiş aliment məbləğini tam ödədiyi, hətta əvvəlki dövrlər üzrə borclarını da qismən ödədiyi müəyyən edilir. Bu isə onun öz aliment öhdəliyini icra etməyə hazır olduğunu, icra sənədini üzrsüz səbəbdən və ya qərəzli şəkildə yerinə yetirmədiyini göstərir. Bundan başqa, icra məmuru və zərərçəkmiş şəxs ödənilməmiş aliment məbləğinin dəqiq miqdarını məhkəməyə təqdim edə bilməmiş, borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyini sübut edən hər hansı maddi və hüquqi əsas ortaya qoymamışlar. Əksinə, icra məmurunun və zərərçəkmiş şəxsin izahatlarında da barəsində icraat aparılan şəxs tərəfindən qsimən ödənişlərin edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun icra vərəqəsi üzrə son bir il ərzində mütəmadi ödənişlər etməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs mütəmadi olaraq aliment öhdəliyini icra etməsi təsdiqini tapdığınından və icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar