Məhkəmə qərarları › İş №3(001)-5121/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5121/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5121/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən o, xx.xx.2025-ci il tarixdə M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 3 ünvanında Zərərçəkmiş şəxs məxsus “Changan Uni T” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən “Toyoto Prius” markalı avtomobili ilə vuraraq 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində özünə məxsus “Toyota Prius” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 3-cü sıranın yanında yolun kənarına müştəri düşürmüşdür. O, həmin ünvanda avtomobili arxaya idarə edib çıxmaq istəyərkən “Changan Uni T” markalı, **-YR- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfdə saxladığını görmüşdür. O, avtomobildən enib həmin avtomobilə baxdıqda içərisində sürücünün olmadığını bilmişdir. O, avtomobilin sürücüsünün kim olduğunu bilmədiyi üçün siqnal verməyə başlamışdır. Bir qədər sonra bir xanım ona yaxınlaşaraq niyə siqnal verdiyini demişdir. Ona avtomobili çəkməsini bildirmişdir. Lakin, xanım ona öz məhlələri olduğunu bildirib ona siqnal verdiyi üçün nalayiq ifadə işlətmişdir. Bundan sonra, o, avtomobilə əyləşib həmin yerdən idarə edib getməyəcəyini demişdir. O da məcbur qalıb dayandığı yerdən çıxmaq istəyərkən xanımın avtomobilinə dəymişdir. Onun xanımın avtomobilini qəsdən əzmək kimi niyyəti olmamışdır. Daha sonra zərərçəkmiş xanım ondan 500 manat pul tələb etdi, o da bununla razılaşmadığına görə ondan polisə şikayət etdi. Zərərçəkmiş şəxsin özü qəza şəraiti yaratmışdır. Zərərçəkmiş şəxs ilkin izahatında ona 500 manat ziyan dəydiyini qeyd etsə də, ondan 1000 manat tələb etmişdir. Onun bu hadisə də heç bir günahı yoxdur. Ona görə də inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əvvəlki izahatına əlavə olaraq bildirmişdir ki, o, əslində qabağa getmək istəyərkən səhvən “R” rejiminə basıb, buna görə də arxaya gedib Changan markalı avtomobilə dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi RPİ-nin 7-ci PB-yə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Binəqədi RPİ-nin 7-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta törədilməsi müəyyən edildiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus “Changan Uni T” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq yan və sağ arxa yan qapısını vuraraq əzməklə sonuncuya 1000 manat maddi ziyan vuran Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti 7-ci PB-nin sahə inspektoruna həvalə edilmişdir. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, “Araşdırma zamanı ərizə və izahatı alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində özünə məxsus “Changan Uni T” markalı, AZ **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 3-cü sıranın yanında yolun kənarında saxlamışdır. O, tez bir zamanda evə gedib gəlmiş, həmin zaman “Toyota Prius” markalı avtomobilin sürücüsü ona nə səbəbə avtomobilinin arxasında saxladığını nəyə görə gözləməli olduğunu bildirmişdir. Ona evdə vacib işi olduğu üçün 1 dəqiqə müddət ərzində gedib gəldiyini, xanım olduğunu, hörmət etməsini, aqressiv danışmamasını demişdir. Lakin, onu təhqir etməyə başlamışdır. O da, onu təhqir edərək avtomobilə əyləşmişdir. Bu zaman “Toyota Prius” markalı avtomobilin sürücüsü qəsdən arxaya idarə edərək onun avtomobilinin sağ qabaq yan və sağ arxa yan qapısını vuraraq əzmişdir. Ona hadisə nəticəsində 1000 manat maddi ziyan dəymişdir” Binəqədi rayon RPİ-nin 7-ci PB-nin 661/25 nömrəli rədd materialına əlavə edilmiş videogörüntüdən görünür ki, ağ rəngli “Toyoto Prius” markalı avtomobilin sürücüsü bir neçə dəfə avtomobildən düşərək arxa tərəfdə sabit dayanmış “Changan” markalı avtomobilin sürücüsü ilə mübahisə etmiş, daha sonra avtomobilə minərək qəfil və güclü şəkildə arxaya hərəkət etdirərək Changan markalı nəqliyyat vasitəsini zədələmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş akta əsasən “Changan Uni T” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1000 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, taksi sürücüsü (Toyota Prius) sərnişini düşürərkən arxasında Changan markalı avtomobil dayanmış, onun sürücüsü isə qısa müddətlik avtomobili tərk etmişdir. Bu səbəbdən Prius markalı avtomobilin sürücüsü hərəkətə başlaya bilməmiş, müəyyən müddət yerdə qalıb siqnal vermişdir. Daha sonra tərəflər arasında sözlü mübahisə yaranmış, Prius markalı avtomobilin sürücüsü bir neçə dəfə avtomobildən düşüb-minmişdir. Nəhayət, Prius markalı avtomobilin sürücüsü avtomobili qəfil və kəskin şəkildə arxaya verərək, Changan markalı avtomobili zədələmişdir. Bu hadisə fonunda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iki cür izahat vermişdir. Birinci izahat videogörüntüyə baxılmamışdan əvvəl verilərək, həmin hadisənin məhz Changan markalı avtomobilin sürücüsünün prinsipiallıq edib yoldan tərpənmədiyi üçün məcbur dayandığı yerdən çıxmaq istəyərkən baş verdiyini bildirmişdir. Videogörüntüyə baxıldıqdan sonra isə Şəxs bildirmişdir ki, əslində qabağa getmək istəyərkən səhvən “R” rejiminə basıb, buna görə də arxaya gedib Changan markalı avtomobilə dəymişdir. Məhkəmə bu iki fərqli versiyanın bir-birinə zidd olduğunu qeyd edir. Belə ki, əgər “Toyoto Prius” markalı avtomobilin sürücüsünün həqiqətən önə hərəkət edərək dayandığı yerdən çıxmaq imkanı mövcud idisə, sürücü bunu əvvəlcədən sınayar və hərəkətini davam etdirərdi. Hadisənin axışından aydın görünür ki, bu imkan mövcud olmadığına görə sürücü digər avtomobilin sürücüsünün gəlməsini gözləmişdir. Digər halda isə sürücünün “önə doğru hərəkət etmək istəyərkən səhvən R düyməsini basmışam” izahı da məntiqsiz görünür. Çünki o, izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və həmin hadisə yerində də məhz sərnişin düşürmüşdür. Belə olan halda taksi sürücüsünün ötürücü rejimlərin fərqini bilməsi təbii olaraq gözləniləndir, onun ötürücü rejimlərini səhv salması inandırıcı deyil. Həm də videodan aydın görünür ki, bu hərəkət qəfil və güclü formada həyata keçirilmişdir. Bütün bunlar isə onu göstərir ki, hadisə təsadüfi deyil, emosional mübahisənin nəticəsi kimi qəsdən törədilmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında - 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar