Məhkəmə qərarları › İş №3(001)-5122/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5122/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5122/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon X9 Şöbəsinin inspektoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonu, Bığır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, R.Rza küçəsi, dalan 2, 11 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da ünvan 1 ünvanında “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayon X9 Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X4 tərəfindən dayandırılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin metamfetamin adlı psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon X9 Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X4 tərəfindən İXP seriyalı xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon X9 Şöbəsinin inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 23:40-da ünvan 1 ünvanında “Chevrolet Cobalt LTZ” minik markalı **-YR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayon X9 Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X4 tərəfindən dayandırılmış, tibbi müayinə zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin metamfetamin adlı psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Belə ki, onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Buna baxmayaraq avtomobil idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:40-da ünvan 1 ünvanında “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayon X9 Şöbəsinin yol patrul xidmətinin inspektoru polis serjantı X4 tərəfindən dayandırıldı. Polis əməkdaşı tərəfindən yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı və nəqliyyat vasitəsini psixotrop maddədən istifadə etmiş halda idarə etdiyi müəyyən edilmişdir. Əməlindən peşmandır. Bir daha təkrarlanmayacaqdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 1/1144 saylı xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, metamfetamindən istifadə nəticəsində sərxoş vəziyyətdədir. DİN-in WEB Portalından Çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən təqsirli bilinərək, (Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə) 600 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün X3 təhvil verilmişdir. xx.xx.2025-ci tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”ının: 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3-cü maddəsinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” qanunun: 33-cü maddəsinin İ hissəsinə əsasən Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 34-cü maddəsinin İ hissəsinə görə Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tibbi müayinə aktı ilə təsdiqlənmiş, bu sənəddə onun metamfetamin adlı psixotrop maddənin təsiri altında olduğu qeyd olunmuşdur. Əlavə olaraq, şəxsin öz etirafı da sübutların qiymətləndirilməsində əlavə hüquqi əhəmiyyət kəsb edir, çünki bu, faktın danılmazlığını gücləndirən subyektiv təsdiqdir. Ona görə də onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs təqsirləndirildiyi inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs yol hərəkəti əleyhinə olan sözügedən inzibati xətanı sərxoş vəziyyətdə törətmişdir. Onun törətdiyi məlum qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Ən önəmli nüanslardan biri isə Şəxs bu tip inzibati xətanı təkrar törətməsi ilə bağlıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə o, İXM-in 343-1.1-ci maddə ilə inzibati məsuliyyətə cəlb olunmuş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən qanunsuz olaraq imtina etdiyi üçün 600 manat məbləğində cərimə edilmişdir. Bu hal bir tərəfdən qanunlara hörmətsizlik, digər tərəfdən isə hüquqazidd davranışlara meyllilik kimi dəyərləndirilir və onun şəxsiyyətinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Məhkəmə bu məlumatları birgə qiymətləndirərək belə nəticəyə gəlir ki, pozuntuya hüquqi məsuliyyət hissi olmadan yanaşmaq, eyni xarakterli xətaların təkrar törədilməsi, inzibati tənbeh növü seçilərkən daha ciddi tədbirlərin tətbiqini zəruri edir. Sərxoş halda avtomobil idarə olunması ictimai təhlükə törədən, insan həyatı və sağlamlığı üçün birbaşa risk doğuran davranışdır. Həmçinin, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması bu riski ikiqat artırır. Beləliklə, yalnız cərimə ilə kifayətlənmək bu şəxs üçün adekvat hüquqi tənbeh hesab oluna bilməz və bu baxımdan onun barəsində inzibati həbsin tətbiqi həm qanuna, həm də ədalətə uyğun sayılır. Bu tənbeh həm preventiv, həm də tərbiyəedici xarakter daşıyaraq, Şəxs gələcəkdə belə hüquqazidd əməllərdən çəkinməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar