Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5128/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən 47850.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20046.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 isə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, **********7050 sorğu nömrəli YGB üzrə 21308.67 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. YGB-də olan müqavilə və invoys məlumatları köçürmənin təyinatı ilə eynilik təşkil etmədiyindən həmin YGB Mərkəzi Bank tərəfindən qəbul edilməmişdir. Lakin YGBnin 4011 nömrəli qrafasında qeyd olunan müqavilənin mətnində avans ödənişin icra olunmasına əsas olan müqaviləyə istinad olunmuşdur, yəni hazırkı YGB ilə ölkəyə idxal olunan malların həmin müqavilə üzrə ödənilmiş 47850 ABŞ dolları avans ödənişin açıq qalan hissəsinə (20046.25 ABŞ dolları) olduğu qeyd olunsa da, YGB ilə idxal olunan mallar hazırkı ödəniş üzrə idxal olunmalı olan mallar ilə eynilik təşkil etmir. Bundan əlavə həmin mallar ölkəyə gecikmə ilə idxal olunmuşdur. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışlar.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 cəmiyyət tərəfindən malların ölkəyə tam məbləğdə idxal edildiyini, xarici şirkətlə aralarında borc məsələsi olduğunu, ilkin müqavilə müddətinin bitdiyini, müqavilə üzrə qarşı tərəfin rəhbərliyində dəyişiklik olduğunu, xarici şirkətlə xx.xx.2025-ci il tarixdə əvvəlki müqavilənin icrası məqsədilə yeni müqavilə bağlanıldığını və həmin müqaviləyə əsasən xarici şirkətin onlara olan 21316,25 ABŞ dolları borcu müqabilində polad boruların ölkəyə idxal olunduğunu, həmin məbləğdə olan malların ölkəyə idxalı ilə bağlı xarici şirkətlə dəfələrlə yazışmalar aparıldığını, gömrük bəyannaməsində yükün boru olaraq qeyd edildiyini, lakin onların ölçülərinin qabaqcadan müəyyən edilmədiyini və bunun onlardan asılı olmadığını, hazırda cəmiyyətin köçürülmüş məbləğ üzrə heç bir borcunun olmamasını qeyd edib, cəmiyyət barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə "xxxx" MMC şirkəti arasında xx.xx.2022-ci il tarixədək alğı-satqı müqaviləsi bağlanmışdır.
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs tərəfindən "xxxx" MMC şirkətinin bank hesabına 47850.00 ABŞ dolları köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-244/2-1592/2025 tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixində 47850.00 ABŞ dolları vəsaiti xarici köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə daxil olduğunu təsdiqləyən sənədləri banka təqdim etməmişdir.
7. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 47850.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20046.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.
8. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə "xxxx" MMC şirkəti arasında yeni alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin Qiymət və ödəniş şərtləri hissəsindən müəyyən edilir ki, tərəflər arasında 10 yanvar 2022-ci il tarixdə imzalanmış müqaviləyə əsasən "xxxx" MMC şirkətinin Şəxsnə 21316.25 ABŞ dolları borcu vardır və tərəflər arasında olan razılığa əsasən "xxxx" MMC şirkəti tərəfindən borc 1 nömrəli əlavə spesifikasiyada göstərilən tikişsiz isti prokat polad boruların tədarükü ilə ödənilməlidir.
9. **********7050 sorğu nömrəli Gömrük Bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 21308.67 ABŞ dolları dəyərində mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi
10. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
11. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən 47850.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və həmin məbləğin qalıq qalmış 20046.25 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən həmin məbləğ hesabına alınan mallar ölkəyə 2 (iki) il keçdikdən sonra idxal edilmiş olsa da, həmin gecikmə ilə bağlı cəmiyyətin heç bir təqsiri olmamışdır. Çünki məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs xarici şirkətlə malların gecikməsi və ya məbləğin geri qaytarılmasına dair aralarında yazışmalar aparılmış, qeyd edilən yazışmalar inzibati xəta baş verməmişdən öncəyə aid olmaqla qarşı tərəfə müqavilə icra edilmədiyi halda cərimələnəcəyi barədə xəbərdarlıq etmə ilə bağlı olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış yeni müqavilə ilə "xxxx" MMC şirkətinin Şəxsnə xx.xx.2022-ci il tarixli # RSA 1001 müqaviləsinə əsasən olan 21316.25 ABŞ dolları borcunun olması təsdiqlənərək, həmin məbləğ əsasında sifariş edilmiş mallar xx.xx.2025-ci il tarixdə ölkəyə idxal edilmişdir. Bununla bağlı Şəxs tərəfindən **********7050 sorğu nömrəli Gömrük Bəyannaməsi həm müvafiq banka, həm də məhkəməyə təqdim edilmişdir. Bundan başqa müqavilə məzmunundan müəyyən edilmişdir ki, tərəflər boru idxalı ilə bağlı razılaşma əldə etmiş, bu zaman borunun konkret ölçüsü və təyinatı ilə bağlı müqavilədə müddəa nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 47850.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar hissə-hissə xx.xx.2025-ci il tarixdə ölkəyə tam şəkildə idxal edilmiş və malların gecikməsi cəmiyyətin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir. Məhkəmə araşdırması zamanı isə toplanmış sübutlarla Şəxs ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli aşkar edilməmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-in 8-ci maddəsinə - təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
14. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
15. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
16. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
17. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
19. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova