Məhkəmə qərarları › İş №3(001)-5131/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5131/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5131/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Sulutəpə qəsəbəsində ucadan söyüş söyüb ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, 15 iyul 2025-ci il tarixdə Şəxs xırda xuliqanlıq etməsi ilə bağlı bölməyə müraciət daxil olmuşdur. Həmin müraciət əsasında bölmə tərəfindən araşdırma aparılmış və araşdırma zamanı sonuncunun ictimai yerdə Yasəmən Qəyyumovanı təhqir etməsi faktı aşkar edilmişdir. Bu səbəbdən həmin şəxslər bölməyə dəvət edilərək izahatları alınmış və Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibi olduğundan barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, o, X2 çoxdan tanımış və onunla münasibəti çox yaxşı olmuş, ona həmişə hörmətlə yanamışdır. 14 iyul tarixində onunla Binəqədi rayonunda yerləşən Ləziz adlı restoranda görüşüb söhbət etmişlər. Aralarında pul məsələsi olduğundan bununla bağlı restoranda söhbət etmişlər. Aralarında olan söhbət mübahisəyə çevrildiyindən və bu zaman da o, əsəblərini cilovlaya bilmədiyindən söyüş söymüşdür. Bu hal birinci dəfə idi ki, baş vermişdir. Hazırda törətdiyi inzibati xətadan peşmandır və zərərçəkmiş şəxsdən üzr istəyir. Məhkəmədən ona yüngül tənbeh verlməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, Şəxs ilə münasibəti yaxşı olmuş və onlar çoxdan biri-birilərini tanımışlar. Şəxs axır vaxtlar ordaburda onun haqqında nalayiq ifadələr işlətmiş və bu söhbətlər də gedib onun qulağına çatmışdır. Həmin məsələ ilə bağlı 14 iyul 2025-ci il tarixdə onlar görüşüb söhbət etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin tarixdə Ləziz adlı restoranda görüşüb söhbət edərkən aralarında mübahisə yaranmışdır. Daha sonra həmin restorandan çıxıb körpü istiqamətinə getmiş və orada söhbətə davam etmişlər. Söhbət zamanı Şəxs onu ucadan nalayiq ifadələrlə təhqir etməyə başlamış, üzünə tüpürmüş, o da sonuncuya öz iradını bildirmişdir. Hazırda Şəxs təhqirlərə görə şikayətçidir və onu bağışlamamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli, AZA № 022371 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 16 iyul 2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Sulutəpə qəsəbəsində ucadan söyüş söyüb ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

7. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Şəxs xx.xx.1960-cı il tarixdə İmişli rayonunda doğulmuşdur. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, eləcə də zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.

9. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Məhkəmə, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar etməmiş, onun səmimi peşmanlığını isə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır.

11. Həmçinin məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs xx.xx.1960-cı il tarixdə İmişli rayonunda doğulmuş və hazırda onun 65 yaşı vardır. 12 Bununla da məhkəmə, Şəxs səmimi peşmanlığını və 65 yaşının olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

13. Belə ki, İXM-in 30.2-ci madddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

17. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

18. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

19. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

20. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

22. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları (altmış beş yaşa çatmış şəxs olmasını), onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir.

23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar