Məhkəmə qərarları › İş №3(001)-5132/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5132/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5132/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X8 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-3940/2025 nömrəli qərardadı ilə X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X8 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025 tarixində, 18:00 radələrində etibarnamə ilə idarə etdiyi 10SM887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Moskva prospekti ilə Xırdalan şəhəri istiqamətində idarə edərkən, Moskva prospektinin Biləcəri enişi adlanan ərazisinin başlanğıcından sonrakı 100 metrliyində geriyə hərəkət etdirərkən Biləcəri enişi adlanan ərazinin başlanğıcına təqribən 50 metr qalmış 99YP689 dövlət qeydiyyat nişanlı patrul maşınında tək başına xidmət apararaq idarə edən X2 patrul maşınını geriyə hərəkət etdirərək avtomobilinin önündə dayandırdı və avtomobilinə yaxınlaşaraq avtomagistralda geriyə hərəkət etdiyini bildirərək ona cərimə yazacağını bildirdi. Müzakirənin nəticəsində inspektorun iddiası ilə razılaşmadı və iddiası əsasında protokolu qərarsız tərtib etməsini xahiş etdi. İnspektor buna məhəl qoymayaraq İXM-in 327.5 maddəsi ilə TP ******* nömrəli protokolu tərtib edərək qərar qəbul etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “KİA SORENTO” minik markalı, 10SN887 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X8 Azərbaycan Respublikası İXM-in 327.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsi birbaşa və konkret şəkildə müəyyən edir ki, əgər barəsində icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmırsa, səlahiyyətli vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib edə bilər və bu mərhələdə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq səlahiyyətindən məhrumdur. Bu norma, mübahisəli hallarda obyektiv araşdırma aparılmasını və şəxsin müdafiə hüququnun təminini nəzərdə tutur. Belə hüquqi vəziyyətdə inzibati tənbeh haqqında qərarın qəbul edilməsi həm prosessual tələblərin pozulması, həm də vəzifəli şəxsin səlahiyyət həddini aşması deməkdir ki, hazırk işdə də məhz bu hala rast gəlinmişdir. Belə olan halda Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı hüquqi qüvvəyə malik hesab edilə bilməz, çünki qərar onu çıxarmağa səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Buna görə də, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar