Məhkəmə qərarları › İş №3(001)-5133/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5133/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5133/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27639692 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27639692 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan və ona əlavə edilmiş materiallardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 364.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Bununla bağlı X3 yuxarı səlahiyyətli orqana müraciət etsə də, lakin müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. AR İXM-in 126.1-ci maddəsinin tələblərindən açıq şəkildə görünür ki, şikayət hüququ alternativ əsasla tanınmışdır, yəni şəxs öz iradəsinə əsasən birbaşa məhkəməyə və ya yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Bu normada ardıcıllıq və ya mərhələlilik qaydası nəzərdə tutulmamışdır. Buna görə də, əgər şəxs 20 günlük qanuni müddət ərzində yalnız yuxarı səlahiyyətli orqana müraciət etmiş, lakin məhkəməyə müraciət hüququndan bu müddət daxilində istifadə etməmişsə, artıq 20 gün keçdikdən sonra məhkəməyə edilən müraciət qanunla müəyyən edilmiş müddətdən kənar hesab olunur. Xüsusilə qeyd olunmalıdır ki, şəxsin əvvəl yuxarı səlahiyyətli orqana müraciət etmiş olması, onun üçün 20 günlük müddətin dayandırılması və ya uzadılması nəticəsini doğurmur. Həmçinin, qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra şikayət vermiş X3 verdiyi şikayətə müddətin bərpası üçün vəsatət də əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27639692 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət yuxarıda sadalanmış səbəbə görə geri qaytarılmalı və izah edilməlidir ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27639692 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar