Məhkəmə qərarları › İş №3(001)-5134/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5134/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5134/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Novruzova Cəmilə Davud qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil1, Binəqədi RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi X3 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, maşın ustası , ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(001)-298/2024 nömrəli icra sənədinə əsasən Şəxs hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək uşaqları- xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyətdə olmasına Zərərçəkmiş şəxs tərəfidən maneələrin yaradılmasının qadağan edilməsi, ünsiyyətin Zərərçəkmiş şəxs iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. Tərtib edilmiş icra vərəqəsi Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Əliyev Xəqani tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs şənbə günü saat 18:00-da uşaqları qaytarmalı olduğu halda uzun müddətdir ki, uşağı qaytarmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, oğlunun xx.xx.2024-cü il tarixdən atası ilə qaldığını, dəfələrlə Şəxs oğlu Amini ona qaytarmasını bildirsə də uşağın gəlmək istəməməsini bəhanə edərək ona qaytarmamışdır. Şəxs uşağın alınıb ona verilməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şəxs tərəfindən məhkəmə qərardadının üzrsüz səbəbdən icra olunmamasına görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədindən xəbərdardır. Oğlu Amin xx.xx.2024-cü il tarixdən onun evinə gələndən anasının evinə qayıtmayacağını bildirmiş, bura mənim öz evimdi və burda çox rahatam demişdir. Onu qaytarmaq istədikdə oğlunun ağladığını, halının pisləşdiyini, “məni onlara vermə” dediyini söyləmişdir. İnzibati məsuliyyətini tam anladığını, lakin ata olaraq gözü yaşlı uşağı məcburi qaydada anasına verə bilmədiyini ifadə etmişdir. Oğlu Amini nə vaxt anasının yanına getmək istəsə onu qaytaracağını qeyd etmişdir. Oğlu Aminin anası ilə ünsiyyətinə və onunla qalmağına razılıq verməsi üçün 116 111 uşaq qaynar xəttinə və “Ümidli Gələcək” sosial təşəbbüslər ictimai birliyinə müraciət etdiyini söyləmiş və həmin qaynar xəttin psixoloqunun uşaqla və valideynlərlə psixoloji söhbətlər aparmasını xahiş etmişdir. O, icra məmuru tərəfindən heç bir əsas olmadan barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edildiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, məktəbdə, həmçinin qaynanasının iş yerində uşaqları aparıb görüşmələrinə heç vaxt maneə törətməmişdir. xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasında uşaqları Amina və Amini atası ilə görüşdürmüşdür. Sərbəst şəkildə vaxt keçimələri üçün şərait yaratmışdır. Bundan sonra Orxanın xahişi ilə övladlarının atası ilə vaxt keçirmələri üçün bir neçə gün orda qalmalarına icazə vermişdir. Qızı bir neçə gün onunla qalmış lakin oğlu xx.xx.2024-cü il tarixdən atası ilə qalır, dəfələrlə Şəxs oğlu Amini ona qaytarmasını bildirsə də uşağın gəlmək istəməməsini bəhanə edərək ona qaytarmamışdır. Şəxs uşağının alınıb ona verilməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O, Şəxs uşağa psixoloji təzyiq etdiyini bu səbəbdən uşağın anaya qayıtmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilən X6 ona verilən suallara cavab olaraq anasının onu döydüyünü, həyətə oynamağa çıxmağa, televizora baxmağa icazə vermədiyini qeyd edərək atası ilə yaşamaq istədiyini bildirmişdir. Daha sonra onunla aparılan söhbət zamanı o, valideynlərinin barışmasını istədiyini və bu səbəbdən atası ilə qalaraq anasının da evə qayıtmasına nail olmağa çalışdığını bildirmişdir. Məhkəmə iclasında RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi X7 xx.xx.2015-ci il təvəllüdlü X6 ilə psixoloji söhbət apararaq bildirmişdir ki, uşaq fikirlərini normal ifadə edir. Uşağın ona verilən suallara verdiyi cavablar, həmçinin məhkəmə iclasında tətqiq edilən video görüntülərdən müəyyən edilir ki, valideynlər uşaqlara öz aralarında olan problemləri çox hiss etdirmişdirlər. Anasının yanına qayıtmama səbəbini həmin evdə anası tərəfindən döyülməsi ilə əlaqələndirsə də bu halı standart fikirlərlə ifadə edir amma hadisənin motivini, epizodlarını ifadə edə bilmir. Uşağın hazırki psixoloji vəziyyəti onun atası tərəfindən öyrədilməsini deməyə əsas vermir. Belə ki, uşağa atası ilə anasının eyni evdə yaşamasını istəyib-istəmədiyi soruşulduqda o valideynlərinin barışmasını istədiyini bildirmişdir. Ola bilsin ki, uşaq doğulub böyüdüyü evdə özünü daha yaxşı hiss edir və o evdə qalmaqla anasının oraya qayıdacağını güman edir. Bu yolu uşaq özündən asılı olmadan valideynlərini barışdırma üsulu kimi seçmişdir. O uşağın valideynlərindən kimin yanında qalması barədə yekun məhkəmə qərarı qəbul edilənədək atasının yanında qalmasının uşağın hazırki qarışıq psixoloji vəziyyətinə görə daha məqsədəuyğun olduğunu düşündüyünü qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil1 bildirmişdir ki, hazırda tərtib edilmiş protokol üzrə müdafiəçisi olduğu şəxsin heç bir təqsiri yoxdur. Buna görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(001)- 298/2024 nömrəli qərardadı üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra sənədinə əsasən Şəxs hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək uşaqları- xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyətdə olmasına Zərərçəkmiş şəxs tərəfidən maneələrin yaradılmasının qadağan edilməsi, ünsiyyətin Zərərçəkmiş şəxs iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru,l dərəcəli ədliyyə qulluqçusu Xəqani Əliyev tərəfindən Şəxs barəsində icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(001)-298/2024 nömrəli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədini icra etmədiyi üçün İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, inzibati orqanın nümayəndəsinin və müdafiəçinin çıxışlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(001)-298/2024 nömrəli qərardadı üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs istər məhkəmə iclasında, istərsə də Binəqədi rayon İcra Şöbəsində vermiş olduğu izahatında icra sənədi üzrə olan öhdəliyindən boyun qaçırmadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı azyaşlı X6 ilə aparılan söhbətdən ona atası tərəfindən təzyiq edilməsi və ya hansısa formada qəsdən psixoloji təsir edilməsi halı müəyyən edilə bilməmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs tələbkarla ünsiyyət qurmamaları barədə uşaqlara təsir göstərərək verilmiş icra sənədi üzrə müəyyən edilmiş öhdəliyi icra etməməsi halı müəyyən edilməmişdir. Əksinə isə icra məmuru tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair toplanmış sübutlar onun sözügedən inzibati xəta üzrə təqsirinin olmamasını göstərir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar