Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5149/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən 10300.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs tərəfindən 10300.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Həmin ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, müvəkkil bank tərəfindən Mərkəzi Banka müvafiq sənədlər təqdim edilmiş və müəyyən edilmişdir ki, avans ödənişi tam şəkildə bağlanılmışdır. Şəxs xidməti müqavilə bağlamış və bu vəsait də xidmətin göstərilməsi məqsədilə köçürülmüş, bununla bağlı zəruri akt da tərtib edilmişdir. Sonda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X2 bildirmişdir ki, cəmiyyət tərəfindən ölkə xaricinə köçürülmüş məbləğ daşınmaya aid olmuşdur. Bunu təsdiq edən ödəniş tapşırığı müvafiq banka təqdim edilmişdir. Daşınan mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmiş və buna müvafiq olaraq gömrük bəyannaməsi də banka təqdim edilmişdir. Bank tərəfindən daşınma ilə bağlı tərtib edilmiş xidməti akt cəmiyyətdən tələb edilmədiyi üçün həmin sənədlər banka təqdim edilməmişdir. Lakin sonradan anlaşılmazlıq aradan qaldırılmış və banka edilmiş müraciət əsasında bank tərəfindən 10300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən məlumat əldə edilərək Mərkəzi Banka təqdim edilmişdir. Ona görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə “ALL POİNTS LOGİSTİCS CHİNA LTD” şirkəti arasında müqavilə bağlanmışdır.
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs tərəfindən “ALL POİNTS LOGİSTİCS CHİNA LTD” şirkətinin bank hesabına 10300.00 ABŞ dolları köçürülmüşdür.
6. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-244/2-1428/2025 tarixli məktubdan görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş edilsə də, 10300.00 ABŞ dolları məbləğin müqabilində mallar ölkəyə daxil olunmamış, bununla bağlı bəyannamə təqdim edilməmişdir.
7. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 10300.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.
8. **********0302 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş 10300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir.
9. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində bank vasitəsilə avans olaraq 10300.00 ABŞ dolları məbləğində ölkə xaricinə köçürülmüş vəsait daşınma xidmətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 19732 nömrəli məktubundan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində “ALL POİNTS LOGİSTİCS CHİNA LTD” şirkətinin xeyrinə ödənilmiş 10300.00 ABŞ dolları avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim olunmuş aktla tam bağlanılmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
12. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə ünvanlanan **********0302 nömrəli Gömrük bəyannaməsindən, eləcə də xx.xx.2023-cü il tarixli aktdan və "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 19732 nömrəli məktubundan müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023cü il tarixində “ALL POİNTS LOGİSTİCS CHİNA LTD” şirkətinin xeyrinə ödənilmiş 10300.00 ABŞ dolları avans ödənişi, xx.xx.2023-cü il tarixli, ERZ20230618 nömrəli aktla, hansı ki, xx.xx.2025-ci il tarixində həmin akt müvəkkil banka da təqdim edilmişdir, tam bağlanılmış, yəni Şəxs 10300.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş həmin vəsait hesabına alınan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Həmçinin təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ölkə xaricinə köçürülmüş məbləğ daşınmaya aid olmuş, müvafiq bank tərəfindən daşınma ilə bağlı sənədlər cəmiyyətdən tələb edilmədiyi üçün həmin sənədlər banka vaxtında təqdim edilməmişdir. Halbuki köçürülmüş həmin vəsait hesabına daşınan mallar ölkəyə xx.xx.2023-cü il tarixdə siyahı üzrə tam şəkildə idxal edilmişdir. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də müəyyən edilmiş və pozuntu kimi qəbul edilməmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-in 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
14. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
15. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
18. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
20. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova