Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5150/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Qəbələr rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X2 İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 16 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsinə əsasən X1 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X7 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmışdır. Odur ki, X2 barəsində 16 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq ipoteka müqaviləsi ilə olan evin üzərinə iddianın təmin tədbiri ilə həbs qoyulduğunu bildirmişdir. Bundan başqa nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğunu, lakin həmin maşının başqa şəxsin istifadəsində olmasını bildirmişdir. 1260 manat cəmi pul ödənildiyini bildirmişdir. X2 mülkiyyətində evin olmasını, həmin evində üzərinə həbs qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək bildirmişdir ki, hal-hazırda ödəniş etmək imkanında olmadığını, ayda 150- 200 manat ödəmək imkanı olmasını, əslində həmin borcun ona məxsus olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin qeyd etdiyi ticraət obyektlərinin ona məxsus olmadığını qeyd etmişdir. Verilən suallara cavab olaraq sonuncu dəfə 10 iyul 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edildiyini qeyd etmişdir. Bundan başqa torpaq satıldığı halda ödəniş edilməsini, torpaq satılmayacağı halda zərərçəkmiş şəxslə söhbət edə biləcəklərini, hər ay aylıq hissə-hissə ödənişlər edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək X2 121000 ABŞ dolları borcunu bu günədək ödəmədiyini, 25 ildən çoxdur ki, ticarətlə məşğul olduğunu, ticarət obyektləri icraəyə verdiyini, həmin obyektlərdən aylıq icraə haqqı aldığını, lakin borcu ödəməkdən yayındığını bildirmişdir. Bundan başqa mülkiyyətində 6 yerdə torpaq sahəsinin olmasını, Buzovnada 12 sot torpağının olmasını, həmin torpaqlardan satıb ödəniş edə biləcəyini, sonuncu dəfə məhkəmədə ödəniş etməklə bağlı söz verməsini, həmin məhkəmədə 500 manat cərimə olunduğunu, lakin yenə də borcu ödəməkdən yayındığını, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etmədiyini bildirmişdir. İcra məmurunun dəfələrlə çağırışlara gəlməkdən yayınmışdır. Digər borclunun da icra işinin Sumqayıt şəhər icra şöbəsində olmasını qeyd etmişdir. Verilmiş suallara cavab olaraq, digər borclunun ağsaqqalı gələrək həmin iş üzrə həbsdə olan torpağın satılması ilə bağlı ona müraciət etdiyini, 450000 manata hərracda qiymətləndirildiyini, o da 2023-cü ilin dekabr ayında müştəri tapdığını, qiymətlə razılıq olmadığı üçün torpağın satılmadığını, daha sonra 25000 manata yeni müştəri tapdığını, yenə də torpağı satmaqdan imtina etdiklərini bildirmişdir. Torpaqları satmaq fikirlərinin olmadığını, torpaqla əvəzləşdirməyə də razı olmadıqlarını, torpağın hərracda satılmağa çıxarmaqda məqsədlərinin hərracın nəticəsində torpağın satılmadığını təşkil edərək həmin torpaq üzərinə qoyulmuş həbsi götürmək olduğunu bildirmişdir. Daha sonra zərərçəkmiş şəxsə ödəniş üçün vaxt verdiyini, bu səbəbdən onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsindən görünür ki, X1 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X7 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. 16 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(001)-2735/2023 saylı icra vərəqəsindən görünür ki, X3 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materialında olan zərərçəkmiş şəxs X6 ərizəsindən görünür ki, X3 ilə 2 ay ərzində borcun ödənilməsi ilə bağlı razılıq əldə etmişlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 9/2020 saylı icra sənədi üzrə X7 121000 (yüz iyirmi bir min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq ödəniş etməlidir. Bu fakt həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin də iş materialları ilə öz təsdiqi tapır. Məhkəmə qeyd edir ki, X3 məhkəmə iclasında 121000 ABŞ dolları məbləğində borcunu hissə-hissə olmaqla hər ay 150-200 manat ödəməklə bağlı izahatı ilə onun borcunu ödəmək fikrinin olmaması qənaətinə gəlinmişdir. Bundan başqa X3 ümumi borcundan bu günədək cəmi 1260 manat ödəniş etmişdir. Qeyd edilən hallar barəsində inzibati iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Odur ki, X3 heç bir üzrlü səbəblər olmadan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-9/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, X2 şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, X3 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5150/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5150/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver